Ana Sayfa > Manşet / Gündəm / Siyasət / Özəl / Dünya > Qlobal kapitalın səssiz "qiyamı" və geopolitik rikokşet

Qlobal kapitalın səssiz "qiyamı" və geopolitik rikokşet


Bu gün, 11:15. Yazar: sevinc1

Qlobal kapitalın səssiz "qiyamı" və geopolitik rikokşet
Dünya iqtisadiyyatının qızıl əsri hesab edilən qloballaşma mərhələsi sona çatır. Bu sonun simvolları Vaşinqtonda Donald Trampın "Əvvəl Amerika" proteksionizmi və Pekində Si Tsinpinin mərkəzləşdirilmiş dövlət nəzarətidir. İki nəhəng liderin qarşıdurması beynəlxalq münasibətlər sistemində ideoloji və hərbi risklərlə yanaşı, qlobal kapitalın coğrafi parçalanması ilə özünü büruzə verən yeni bir "Dəmir Pərdə" çəkir. Bu, sadəcə siyasi savaş deyil, sərvətin gələcəyə səs verməsi ilə əsaslanan geoiqtisadi zəlzələdir. Yeni dünya düzənində qüdrət anlayışı dəyişir: qüdrət yalnız tankların yox, həm də trilyonlarla dolların hansı limana sığındığı ilə ölçülür.
Qlobal milyarderlərin kütləvi miqrasiyası – zənginlərin Böyük Britaniya, Çin və Rusiyadan köçü, eyni zamanda BƏƏ, İsveçrə və ABŞ-a axışı – əslində beynəlxalq maliyyə bazarının özünün geopolitik reytinq cədvəlidir. Pul, səs-küylü siyasi bəyanatlardan fərqli olaraq, ən dürüst məlumatı verir: risk yüksəkdir. Bu proses post-qloballaşma dövrünün iqtisadi manifestidir: Kapital artıq yalnız daha yüksək gəlir axtarmır, həm də siyasi proqnozlaşdırıla bilənliyi və hüquqi toxunulmazlığı axtarır. Qaçanlar vergi siyasətinin sərtləşdiyi və ya dövlətin şəxsi sərvətlərə nəzarətinin artdığı ölkələrdir. Sığınacaqlar isə, xüsusilə BƏƏ, vergi sıfırlaması və sabitlik zəmanəti ilə, Qərb və Şərq arasında neytral bir maliyyə "anbarına" çevrilərək, qlobal kapitalın ən cəlbedici "Təhlükəsiz Limanı" rolunu oynayır. BƏƏ-nin bu sürətli yüksəlişi – milyarderlərin əsas axın mərkəzinə çevrilməsi – göstərir ki, güc mərkəzləri Qərb və Uzaq Şərq arasında dəyişməklə yanaşı, həm də "siyasi risk zona"larından " azad vergi zona"larına doğru sürüşür.
Si Tsinpinin rəhbərliyi altında Çinin Tayvan ətrafındakı təzyiqləri artıq birbaşa müharibə təhlükəsindən kəskinləşmiş "hibrid müharibəyə" keçid alıb. Tayvan Müdafiə Nazirliyinin hesabatları Çinin "boz zona" əməliyyatlarına fokuslandığını göstərir – kiberhücumlar, psixoloji təzyiqlər və dezinformasiya vasitələri. Bu, Çinin regional dominantlıq və daxili legitimlik üçün Tayvanı sadəcə ideoloji simvol kimi deyil, bir strateji hədəf olaraq gördüyünü təsdiqləyir. Təzyiqlər, iqtisadi gərginlik və hərbi təlimlərin birləşməsi Asiya qitəsinin geoiqtisadi gələcəyini naməlumluğa sürükləyir.
ABŞ-Çin gərginliyi Trampın siyasi gündəminə qayıdışı ilə yeni, daha radikal mərhələyə daxil olur. Si Tsinpinin ticarət sazişi üçün Tayvanın müstəqilliyinin rədd edilməsi tələbi, Ağ Evə ünvanlanmış ən sərt siyasi şantajdır. Donald Trampın buna cavabı sadəcə ticarət sanksiyaları yox, Çinin iqtisadi inkişafının əsas damarlarına yönəldilmiş "ikiqat blokada" strategiyasıdır: Birincisi, Çin mallarının Amerikan bazarına girişini dramatik şəkildə məhdudlaşdırmaq üçün 100% rüsumlar; ikincisi, Çinə tədarük olunan əsas proqram təminatına ixrac nəzarətini tətbiq etməklə texnoloji nəzarət. Bu, Baydenin "rəqabət" siyasətindən fərqli olaraq, milli təhlükəsizlik adı altında iqtisadi mühasirə cəhdidir. Trampın hədəfi Çinin sənaye və süni intellekt sektorlarını boğmaqla, ABŞ-ın qlobal texnoloji hegemonluğunu qəti şəkildə bərpa etməkdir.
Tramp və Si Tsinpinin qarşıdurması dünya iqtisadiyyatına yalnız bir "Soyuq Müharibə" xətti çəkmir; o, maliyyə və texnologiya sferasında iki ayrı dünyanın formalaşmasına zəmin yaradır. Qlobal kapitalın köçü, Çin-Tayvan gərginliyi və ABŞ-ın texnoloji blokadası bir mesajı təsdiqləyir: qloballaşma parçalanmış bir reallıqla əvəz olunur. Yeni dünya düzənində qüdrətin ən mühüm göstəricisi artıq bir dövlətin hərbi xərcləri deyil, dünya kapitalını cəlb etmək və saxlamaq bacarığıdır. Qlobal kapitalın coğrafiyası dəyişdikcə, beynəlxalq güc mərkəzlərinin xəritəsi də onun ardınca dəyişəcək.

Şəmsi QOCA


Geri dön