Ana Sayfa > Siyasət > MDB məkanında strateji əməkdaşlığın möhkəm təməlləri
MDB məkanında strateji əməkdaşlığın möhkəm təməlləriBu gün, 10:48. Yazar: azer |
![]() Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 10-da Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında səsləndirdiyi çıxış təkcə siyasi əlaqələrin davamlılığını deyil, həm də Azərbaycan diplomatiyasının humanitar və mədəni sahədə qazandığı mühüm nailiyyətləri nümayiş etdirdi. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan bu gün MDB məkanında həm mədəni inteqrasiyanın, həm də müasir inkişaf modelinin əsas aparıcı mərkəzlərindən biridir. Cənab Prezidentin “Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürümü bildirirəm” sözləri diplomatik jest olmaqla yanaşı, həm də dərin siyasi məzmun daşıyır. Bu fikirlər Azərbaycanın mədəniyyət diplomatiyasının yeni bir mərhələyə qədəm qoyduğunu açıq şəkildə göstərir. Laçının 30 illik işğaldan sonra bərpası və qısa müddətdə müasir şəhərə çevrilməsi təkcə yenidənqurma fəaliyyəti deyil, həm də milli iradə və dövlətçilik gücünün təntənəsidir. Cənab Prezident İlham Əliyev bu fikirləri ilə MDB ölkələrinə, eləcə də beynəlxalq ictimaiyyətə göstərdi ki, Azərbaycanın azad edilmiş ərazilərində aparılan quruculuq prosesi regionda sülhün, sabitliyin və tərəfdaşlığın yeni üfüqlərini açır. Dövlət başçısının Düşənbə çıxışında səsləndirdiyi “Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular” fikri, Azərbaycanın dağıntılardan inkişaf və tərəqqiyə doğru irəliləyən modelini əyani şəkildə ifadə edir. Laçının MDB-nin mədəniyyət paytaxtı elan olunması isə beynəlxalq ictimaiyyətin Azərbaycan reallığını qəbul etməsinin, ölkənin mədəni yüksəlişinin regional səviyyədə tanınmasının göstəricisidir. Bu, eyni zamanda cənab Prezident İlham Əliyevin həyata keçirdiyi “mədəni diplomatiya” siyasətinin parlaq nəticəsidir. Laçın bu gün təkcə Azərbaycanın deyil, bütün MDB məkanının sülh, mədəniyyət və yaradıcılıq simvoluna çevrilib. Burada keçirilən hər bir tədbir, səslənən hər bir musiqi azadlığın, yenilənmənin və milli dirçəlişin səsini dünyaya çatdırır. Cənab Prezident İlham Əliyevin çıxışında diqqət çəkdiyi digər mühüm məqam isə Gəncədə keçirilmiş III MDB Oyunları oldu. Dövlət başçısı bu tədbiri “Birliyin həyatında mühüm hadisə” kimi səciyyələndirdi. Doğrudan da, qədim Gəncə şəhərində təşkil edilən bu beynəlxalq idman tədbiri Azərbaycanın həm idman diplomatiyasında, həm də regional əməkdaşlıq istiqamətində əldə etdiyi uğurların bariz nümunəsidir. Cənab Prezidentin “Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində – Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəkidə 13 ölkədən – həm MDB üzvləri, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı iştirak etdi” sözləri Azərbaycanın sülh, dostluq və əməkdaşlıq mərkəzinə çevrildiyini nümayiş etdirir. III MDB Oyunları sadəcə idman yarışları deyil, eyni zamanda MDB məkanında yeni dostluq fəlsəfəsinin formalaşmasına xidmət edən bir platforma idi. Azərbaycan bu tədbirlə bir daha sübut etdi ki, mədəniyyət, idman və humanitar əməkdaşlıq istiqamətində atılan addımlar regionda sabitliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə real töhfə verir. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və hörmətə əsaslanan münasibətlərin inkişafına xidmət edir.” Gəncədə keçirilən oyunlar Azərbaycan üçün həm siyasi baxımdan əhəmiyyətli mesaj, həm də mənəvi rəmz daşıyırdı. Dahi Nizami Gəncəvinin yurdu olan Gəncə bu dəfə MDB gəncliyinin birliyinin və qarşılıqlı anlaşmasının mərkəzinə çevrildi. Bu, Azərbaycanın “yumşaq güc” siyasətinin ən uğurlu nəticələrindən biri kimi qiymətləndirilir.Beləliklə, Düşənbədə cənab Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan MDB məkanında yalnız iştirakçı deyil, istiqamətverici rola malik bir dövlətdir. Laçın və Gəncə — biri mədəniyyət, digəri idman vasitəsilə — Azərbaycanın beynəlxalq arenada formalaşdırdığı yeni diplomatik enerjinin simvollarına çevrilib. Bu iki hadisə Azərbaycanın nüfuzunu daha da gücləndirərək MDB məkanında gələcək inteqrasiyanın və strateji əməkdaşlığın möhkəm təməlini yaradır. Xəyyam Vəliyev, YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi. Geri dön |