Ana Sayfa > Karusel / Özəl > Radiotexnikadan Telekommunikasiyaya və AzTU-da elm, texnologiya, milli mühəndislik məktəbinin inkişaf yolu

Radiotexnikadan Telekommunikasiyaya və AzTU-da elm, texnologiya, milli mühəndislik məktəbinin inkişaf yolu


Dünən, 19:58. Yazar: azer
Radiotexnikadan Telekommunikasiyaya və AzTU-da elm, texnologiya, milli mühəndislik məktəbinin inkişaf yolu

Azərbaycan Texniki Universitetinin (AzTU) elm və texnologiya tarixində mühüm yer tutan Radiotexnika və telekommunikasiya kafedrası bu gün respublikamızda informasiya-kommunikasiya texnologiyaları (İKT) istiqamətində ixtisaslaşmış ən mühüm elmi-tədris mərkəzlərindən biridir. Onun fəaliyyəti təkcə universitetin deyil, bütövlükdə Azərbaycanın elmi-texniki düşüncə mühitinin formalaşmasında mühüm rol oynayıb. Bu kafedranın təməli 1960-cı illərin əvvəllərində, o dövrün çağırışlarına cavab olaraq, Elektrik rabitəsi adı ilə qoyulub. 1964-cü ildə mərhum alim Qurbanhüseyn Abdulrəhim oğlu Rəhimovun rəhbərliyi ilə bu sahədə ixtisaslı mühəndis kadrların hazırlanmasına başlanılıb. Elə bu dövrdən etibarən AzTU (keçmiş Azərbaycan Politexnik İnstitutu) ölkənin radio, rabitə və elektronika sahəsində mühəndis məktəbinin əsas mərkəzinə çevrilib. Radiotexnika istiqamətinin elmi əsaslarını dərinləşdirmək məqsədilə 1961-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Radiotexnika, rabitə və sənaye elektronikası adı altında ayrıca kafedra yaradıldı. Bu, o dövrdə respublikada radio və rabitə mühəndislərinə artan ehtiyacın cavabı idi. 1962–1997-ci illər ərzində kafedra Ümumi və nəzəri radiotexnika adını daşıdı, 1974-cü ildə isə onun bazasında yeni istiqamət – Televiziya və radiosistemlər kafedrası fəaliyyətə başladı. Sonrakı illərdə elmin və texnikanın inkişafı, istehsalatın ehtiyacları nəzərə alınaraq 1990-cı ildə bu struktur əsasında Elektrodinamika və radioelektron vasitələri kafedrası yaradıldı.

Zaman keçdikcə elm və texnologiya sahəsində yenilənmələr universitet strukturuna da təsir göstərdi. 2006–2019-cu illərdə kafedra Çoxkanallı telekommunikasiya sistemləri adı ilə fəaliyyət göstərdi. Daha sonra Elmi Şuranın 2019-cu il qərarı ilə Telekommunikasiya sistemləri və informasiya təhlükəsizliyi ilə Rabitə şəbəkələri və kommutasiya sistemləri kafedraları birləşdirilərək

Telekommunikasiya və informasiya təhlükəsizliyi kafedrası adlandırıldı. Nəhayət, 2021-ci il fevralın 15-də universitetin Elmi Şurasının qərarı ilə bu iki böyük istiqamət – Radiotexnika və Telekommunikasiya birləşdirilərək Radiotexnika və telekommunikasiya kafedrası yaradıldı. Bu, AzTU-nun elm və tədris strukturunda müasir dövrün tələblərinə cavab verən vacib elmi sintez idi. Hazırda kafedrada tədris prosesi müasir texnologiyalara əsaslanır. Burada radiotexnika, telekommunikasiya və informasiya təhlükəsizliyi fənləri üzrə dərslər elmin və texnikanın son nailiyyətləri ilə zənginləşdirilir. Kafedrada yaradılmış lokal kompüter şəbəkəsi, tələbələr üçün Wi-Fi çıxışı, elektron tədris bazası və interaktiv laboratoriyalar XXI əsr mühəndisinin yetişməsi üçün ideal şərait yaradır. Burada fəaliyyət göstərən elmi-tədris laboratoriyaları ölkənin qabaqcıl şirkətləri ilə birgə əməkdaşlığın real nəticəsidir. Nar laboratoriyası, Nokia laboratoriyası, Naqilsiz rabitə texnologiyası laboratoriyası, (Azercell) Aztelecom MMC-nin virtual laboratoriyası deyilənlərin sübutudur. Bu laboratoriyalar vasitəsilə tələbələr nəzəri biliklərini praktiki təcrübə ilə möhkəmləndirir, real şəbəkə və rabitə sistemlərində tətbiq olunan texnologiyalarla işləmək imkanı qazanırlar. Radiotexnika və telekommunikasiya kafedrasının başlıca məqsədi – ölkənin texnologiya və informasiya təhlükəsizliyi sahəsində yeni nəsil mütəxəssislər hazırlamaqdır. Bu istiqamətdə kafedra müasir standartlara uyğun tədris proqramları hazırlayır, laborator bazanı daim yeniləyir, elmi-tədqiqat fəaliyyətini istehsalatla inteqrasiya edir. Beləliklə, bu kafedra təkcə bir tədris bölməsi deyil, həm də Azərbaycanın milli mühəndislik və texnoloji innovasiya mərkəzi kimi fəaliyyət göstərir. Kafedranın elmi əlaqələri geniş və çoxşaxəlidir. Buraya AMEA-nın elmi-tədqiqat institutları-İnformasiya Texnologiyaları, Riyaziyyat və Mexanika, İdarəetmə Sistemləri (Kibernetika), Energetika, Kosmik Tədqiqatlar, Fizika və Şamaxı Astrofizika Rəsədxanası ilə birgə layihələr daxildir. Eyni zamanda, kafedra ölkənin aparıcı ali məktəbləri ilə-Bakı Dövlət Universiteti, ADNSU, ADPU, Milli Aviasiya Akademiyası, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası və digər ali təhsil müəssisələri ilə də sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində elmi-tədqiqat işləri birgə aparılır, tələbə-müəllim mübadiləsi həyata keçirilir, yeni tədris modulları hazırlanır. Kafedranın Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur müəssisələri ilə əməkdaşlığı onun fəaliyyətinin mühüm istiqamətlərindəndir. Azərkosmos, Aztelekom, Baktelekom, RİSK, Bakinity, Ultra, Maybo kimi aparıcı şirkətlərlə birgə həyata keçirilən layihələr həm istehsalat, həm də elmi-texnoloji sahədə real nəticələr verir. Bu əməkdaşlıq tələbələrə bilik və bacarıqlarını real texnoloji mühitdə tətbiq etmək imkanı yaradır. Radiotexnika və telekommunikasiya kafedrasının tarixi yoluna nəzər saldıqda bir gerçəklik aydın görünür: burada yetişən hər bir mühəndis Azərbaycanın texnoloji gələcəyinin daşıyıcısıdır.

Gülər Sultanzadə,
Texniki Universitetinin tələbəsi

Geri dön