Ana Sayfa > Manşet / Özəl > “YAŞAT” Fondu – şəhid ailələrinə və qazilərə qayğının dövlət siyasətinə çevrilmiş nümunəsi
“YAŞAT” Fondu – şəhid ailələrinə və qazilərə qayğının dövlət siyasətinə çevrilmiş nümunəsiBu gün, 14:59. Yazar: azer |
![]() Azərbaycan xalqının ən dəyərli xüsusiyyətlərindən biri humanizm, mərhəmət və mənəvi həmrəyliyə sadiqliyidir. Humanizm – insanın ali dəyər kimi qəbul olunması, onun həyatına, ləyaqətinə və mənəviyyatına hörmətin ifadəsidir. Şəhidə humanist münasibət isə onun şəxsiyyətini, ailəsini, xatirəsini və uğrunda canından keçdiyi idealları ehtiramla yaşatmaq deməkdir. Məhz buna görə şəhidlərə və qazilərə qayğı göstərmək, onların ailələrinə diqqət yetirmək təkcə mənəvi borc deyil, həm də milli kimliyimizin ayrılmaz tərkib hissəsidir. Azərbaycan xalqı Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərlə öz tarixində yeni bir mərhələyə qədəm qoydu. Bu Qələbə dövlətimizin gücünü, xalqımızın birliyini, Ordumuzun rəşadətini və şəhidlərimizin müqəddəs fədakarlığını təcəssüm etdirir. Cənab Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi, xalqın birliyi və igid oğullarımızın qəhrəmanlığı bu tarixi zəfərin bünövrəsini təşkil etdi. Bu gün həmin Zəfərin ideya dayaqları – Vətənə sədaqət, şəhidliyə ehtiram və insana qayğı prinsipləri dövlət siyasətində ardıcıl şəkildə həyata keçirilir. Bu istiqamətdə atılmış ən mühüm addımlardan biri Ölkə Prezidenti cənab İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondunun yaradılmasıdır. Fondun əsas məqsədi ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş və ya sağlamlığını itirmiş qəhrəmanların ailələrinə dəstək göstərmək, onların sosial rifahını yüksəltmək, həyat şəraitlərini yaxşılaşdırmaqdır. “YAŞAT” Fondunun yaranması Azərbaycan dövlətinin şəhid ailələrinə və qazilərə münasibətdə sistemli, şəffaf və uzunmüddətli siyasətinin bariz təzahürüdür. Fondun fəaliyyətinin əsas prinsiplərindən biri şəffaflıq və ictimai nəzarətdir. Cənab Prezidentin Fərmanı ilə yaradılmış Himayəçilik Şurası məhz bu məqsədlə fəaliyyət göstərir. Şura Fondun ianələrinin istifadəsinə, layihələrin seçim və icra prosesinə nəzarət edir, şəffaflıq və obyektivliyin təminatçısı kimi çıxış edir. Burada dövlət nümayəndələri, ictimai xadimlər, parlament üzvləri və vətəndaş cəmiyyəti təmsilçiləri birgə fəaliyyət göstərərək Fondun qərarlarının ictimai etimad və ədalət prinsipləri əsasında qəbul olunmasına töhfə verirlər. Millət vəkili olaraq mən və həmkarım Anar İsgəndərov da Himayəçilik Şurasında təmsil olunuruq. Bir məqamı da qeyd edim ki, 2021-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində “YAŞAT” Fondunun yashat.gov.az portalı istifadəyə verilib. Hörmətli,Ülvi Mehdiyevin rəhbərlik etdiyi Agentliyin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılan portalın məqsədi də Fonda müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığı təmin etmək, ianə etmək imkanlarını daha da genişləndirməkdir. Beş illik fəaliyyəti dövründə “YAŞAT” Fondu minlərlə şəhid ailəsinə və qaziyə mənzil, müalicə, təhsil, psixoloji dəstək, sosial reabilitasiya və məşğulluq istiqamətlərində geniş yardım göstərib. Fondun vasitəsilə yüzlərlə şəhid övladı ali təhsil almaq üçün dəstək əldə edib, qazilərimizin reabilitasiya və protez təminatı həyata keçirilib, xarici ölkələrdə müalicə və bərpa proqramları təşkil olunub. Hər bir layihə dövlətin və xalqın şəhidlərimizə olan dərin ehtiramının və “heç kim unudulmayacaq” prinsipinin real ifadəsidir. “YAŞAT” Fondu həm də milli həmrəyliyin rəmzidir. Fondun ianə sistemi vasitəsilə minlərlə vətəndaş, şirkət və qurum bu nəcib missiyaya könüllü qoşulub. Cəmiyyətin bütün təbəqələrindən gələn bu dəstək bir daha göstərdi ki, xalqımız şəhid ailələrinin və qazilərin yanında olmağı öz borcu sayır. Dövlətin gücü ilə xalqın mərhəmətinin birləşməsi nəticəsində “YAŞAT” Fondu təkcə sosial layihə deyil, həm də mənəvi dəyər, milli həmrəyliyin rəmzi kimi formalaşdı. Bu il Fondun 5 illiyi tamam olur. Bu beş il ərzində “YAŞAT” Fondu dövlətin qayğı siyasətinin ən uğurlu nümunələrindən birinə çevrilib. O, şəhid ailələrinin, qazilərin və onların övladlarının həyatına sevinc, sabaha inam və güvən gətirib. Azərbaycan xalqı yaxşı bilir ki, dövlətin dayağı və cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində şəhid ailələrinin və müharibə iştirakçılarının problemləri ardıcıl şəkildə həll olunur. “YAŞAT” Fondunun fəaliyyəti bir daha sübut edir ki, Azərbaycan dövləti hər bir şəhid ailəsini öz ailəsi, hər bir qazini öz qəhrəmanı hesab edir. Bu, dövlətin gücünü və mənəvi ucalığını göstərən ən ali dəyərdir. Novruzəli Aslanov “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı. Geri dön |