Ana Sayfa > Siyasət > Zirvə görüşündə dünyaya yayılan mesaj
Zirvə görüşündə dünyaya yayılan mesajBu gün, 11:24. Yazar: azer |
![]() Qəbələ yenidən tarixi bir hadisəyə şahidlik etdi. Bu dəfə qədim diyarın sükutunu pozan çıxışlar təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının gələcək yol xəritəsini müəyyənləşdirdi. Türk Dövlətləri Təşkilatının XII Zirvə Görüşü burada keçirildi və bu görüş sadəcə diplomatik toplantı deyil, yeni geosiyasi konsepsiyanın başlanğıcı kimi tarixə düşdü. Cənab Prezident İlham Əliyevin çıxışı zirvənin əsas ruhunu, məqsədini və strateji xəttini formalaşdırdı. Onun səsi Qəbələdən bütün Türk coğrafiyasına yayılan birlik, güc və həmrəylik çağırışı kimi səsləndi. Dövlət başçısının vurğuladığı kimi, Türk Dövlətləri Təşkilatı artıq yalnız əməkdaşlıq platforması deyil, beynəlxalq münasibətlərdə söz sahibi olan geosiyasi mərkəzə çevrilib. İlham Əliyev dedi: “Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır.” Bu bəyanat Türk birliyinin ideyadan siyasi reallığa, oradan da qlobal gücə çevrilməsini simvolizə edir. Azərbaycan isə bu prosesdə həm siyasi, həm iqtisadi, həm də mənəvi lider rolunu oynayır. Dövlət başçısı çıxışında ortaq tarixi köklərin və mənəvi dəyərlərin bu birliyin əsasını təşkil etdiyini vurğuladı. “Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir,” – deyən cənab Prezident, Türk dövlətləri arasında birliyin təbii və qardaşlıq əsasına söykəndiyini qeyd etdi. Azərbaycanın TDT Katibliyinə 2 milyon ABŞ dolları məbləğində ianə ayırması bu həmrəyliyin gücləndirilməsi istiqamətində konkret addım və liderlik nümunəsidir. Ölkə Prezidenti İlham Əliyev sülh və təhlükəsizlik məsələlərini Türk birliyinin təməl prinsipləri kimi dəyərləndirdi. “Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil,” – deyə vurğulayan dövlət başçısı, Türk ölkələrini birgə müdafiə və hərbi əməkdaşlığın genişləndirilməsinə çağırdı. O, 2026-cı ildə Azərbaycanda TDT-yə üzv dövlətlərin birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi. Bu təşəbbüs, Türk birliyinin təhlükəsizlik sahəsində real güc mərkəzinə çevrilməsinin göstəricisidir. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə, 2023-cü ildə həyata keçirilən antiterror tədbirlərindən sonra suverenliyin tam bərpası bu güc modelinin praktik sübutudur. “Bu nailiyyət yalnız Azərbaycanın milli iradəsinin təntənəsi deyil, həm də bölgədə ədalət və sabitliyin təmin olunmasına mühüm töhfədir,” – deyə Prezident qeyd etdi. Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması, eləcə də ATƏT-in münaqişə ilə bağlı strukturlarının bağlanması Cənubi Qafqazda yeni reallığın bərqərar olduğunu sübut etdi. Bu,cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın sülh gündəliyinin qələbəsidir. Türk dünyasının birliyini gücləndirən digər əsas amil nəqliyyat və enerji əlaqələridir. Prezident İlham Əliyev bildirdi: “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında körpü rolunu oynayır.” Son illərdə bu istiqamətdə böyük nəticələr əldə edilib — Orta Dəhlizlə daşınan yüklərin həcmi 90 faiz artıb, tranzit müddəti isə əhəmiyyətli dərəcədə azalıb. Ələt Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzər donanması və 9 beynəlxalq hava limanı Azərbaycanın regionda mühüm logistika mərkəzi statusunu daha da möhkəmləndirib. Zəngəzur dəhlizi isə Türk dünyasının strateji xəritəsini tamamlayan mühüm arteriya kimi dəyərləndirilir. Prezident vurğuladı: “Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub marşrutu çərçivəsində ikinci nəqliyyat xətti kimi qlobal əhəmiyyət daşıyır.” Enerji istiqamətində də Azərbaycan etibarlı tərəfdaş mövqeyini qoruyur. Dövlət başçısı qeyd etdi ki, “hazırda 14 ölkəyə təbii qaz ixrac edirik və coğrafi əhatəsinə görə boru kəmərləri ilə qaz ixrac edən ölkələr arasında Azərbaycan birinci yerdədir.” Bununla yanaşı, 2030-cu ilə qədər enerji istehsalının 40 faizinin bərpaolunan mənbələr hesabına təmin olunması planı Türk dünyasında yaşıl enerji ideyasının əsas hədəflərindən birinə çevrilib. Cənab Prezident İlham Əliyev çıxışında qardaş ölkələrin işğaldan azad olunmuş ərazilərin bərpasına göstərdiyi mənəvi və maddi dəstəyi də xüsusi minnətdarlıqla qeyd etdi: “Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyət göstərir. Cəbrayılda Macar qardaşlarımızın hədiyyəsi olan məktəb, Türkmən qardaşlarımızın Füzuli məscidi Türk həmrəyliyinin canlı təcəssümüdür.” Bu layihələr birliyin yalnız sözlə deyil, əməli işlərlə möhkəmləndiyini nümayiş etdirir. Qəbələdə keçirilən Zirvə görüşü bir daha göstərdi ki, Türk Dövlətləri Təşkilatı artıq təkcə regionun deyil, beynəlxalq sistemin yeni güc mərkəzidir. Prezident İlham Əliyevin uzaqgörən liderliyi bu birliyi strateji tərəfdaşlıq, iqtisadi inteqrasiya və mənəvi dirçəliş mərhələsinə daşıyır. Bu Zirvədən dünyaya yayılan əsas mesaj budur: Türk birliyi artıq bir ideya yox, gələcəyin real siyasi həqiqətidir. Gülər Sultanzadə YAP Yasamal rayon təşkilatının fəal üzvü Geri dön |