Ana Sayfa > Manşet / Siyasət > Türk Dövlətləri Təşkilatı yeni hədəflərə doğru inamla addımlayır
Türk Dövlətləri Təşkilatı yeni hədəflərə doğru inamla addımlayırBu gün, 10:49. Yazar: azer |
![]() XXI əsrin ən mühüm geosiyasi hadisələrindən biri türk dünyasının inteqrasiya prosesinin yeni səviyyəyə yüksəlməsidir. Bu inteqrasiyanın aparıcı platforması olan Türk Dövlətləri Təşkilatı (TDT) artıq regional əməkdaşlıq çərçivəsini aşaraq, qlobal miqyasda təsir gücünə malik siyasi, iqtisadi və mədəni mərkəzə çevrilməkdədir. Bir neçə gün bundan öncə - oktyabrın 6-7-də Qəbələdə keçirilən TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü bu prosesin parlaq təzahürü, türk birliyinin yeni hədəflərə doğru inamlı irəliləyişinin rəmzi oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi sayəsində keçirilən Qəbələ sammiti həm təşkilatın strateji xəttində, həm də türkdilli ölkələrin qarşılıqlı münasibətlər sistemində dönüş nöqtəsi kimi qiymətləndirilir. Sammitin devizi türk xalqlarının ortaq inkişaf modelini və gələcək vizionunu ifadə edir. Qəbələ şəhərinin görüş məkanı kimi seçilməsi də təsadüfi deyildi. Bu qədim diyar həm türk sivilizasiyasının beşiyi, həm də Azərbaycanın multikultural və inteqrativ siyasətinin simvoludur. Bu, eyni zamanda, həm tarixi-mədəni irsə ehtiram, həm də müasir Azərbaycanın siyasi nüfuzunun göstəricisidir. Prezident İlham Əliyevin çıxışı “Regional sülh və təhlükəsizlik” devizi altında baş tutan sammitin əsas ideya xəttini müəyyən etdi. Onun səsləndirdiyi təkliflər türk birliyinin həm siyasi, həm iqtisadi, həm də mənəvi dayaqlarını gücləndirməyə yönəlmişdir. Dövlət başçısı vurğuladı ki, Türk Dövlətləri Təşkilatı yalnız ortaq dil və mədəniyyət birliyi deyil, həm də ortaq siyasi məsuliyyət və qarşılıqlı dəstək platformasıdır. Cənab İlham Əliyevin irəli sürdüyü təşəbbüslər türk dünyasının gələcək inkişaf modelinin əsasını təşkil edir: iqtisadi müstəqillik, siyasi həmrəylik, mədəni inteqrasiya və təhlükəsizlik əməkdaşlığı. Bu dörd sütun üzərində qurulan Türk Dövlətləri Təşkilatı yaxın illərdə Avrasiya məkanında sülhün, sabitliyin və inkişafın qarantı rolunu oynayacaq. Onun irəli sürdüyü əsas təşəbbüslər aşağıdakı istiqamətləri əhatə edir: - Cənab İlham Əliyev söylədi ki, beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğu şəraitdə ölkələr arasında hərbi və hərbi-texniki əməkdaşlıq çox önəmlidir. Bu çərçivədə Türkiyə ilə dərin əməkdaşlığın mövcudluğu vurğulandı. Prezident bildirdi ki, Türkiyə ilə artıq birgə hərbi-texniki əməkdaşlıq mövcuddur, son bir ildə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər həyata keçib. Bu çərçivədə o, 2026-cı ildə TDT üzv ölkələrinin birgə hərbi təlimlərinin Azərbaycanda keçirilməsini təklif etdi; - Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Bu istiqamətdə, Orta Asiya, Azərbaycan, Türkiyə arasında “yaşıl enerji dəhlizi” üzərində işlər aparıldığı qeyd olundu. Onun nəqliyyat və logistika inteqrasiyasını – Zəngəzur dəhlizinin və digər regional nəqliyyat arteriyalarının TDT məkanını birləşdirən əsas tranzit xəttə çevrilməsini nəzərdə tutan təşəbbüs təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır; - Prezident bəyan etdi ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının Katibliyinin hesabına iki milyon dollar məbləğində ianə köçürüb. Məqsəd təşkilatın fasiləsiz və peşəkar səviyyədə fəaliyyət göstərməsini təmin etməkdir; - Azərbaycan lideri Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin gələn il — yəni 2026-cı ildə — TDT çərçivəsində təntənəli şəkildə Bakı şəhərində keçirilməsini təklif etmişdir. O, bu ideyanı irəli sürərkən “ortaq tarixi və etnik köklərimizə, dillərimizin bizi bir ailə kimi birləşdirdiyinə istinad edərək Qurultayın tarixi əhəmiyyətinə diqqət çəkmiş və vurğulamışdır ki, bu tip yubileylər türk dünyasının birliyini, ortaq mədəni və elmi faktoru daha da gücləndirə bilər. Sammitin yekunu olaraq qəbul edilmiş Qəbələ Bəyannaməsi TDT-nin gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirən strateji sənəddir. Bəyannamədə Türk dövlətlərinin iqtisadi inteqrasiyasını dərinləşdirmək, Orta Dəhliz layihəsini sürətləndirmək, TDT-nin beynəlxalq təşkilat statusunu möhkəmləndirmək, ümumi informasiya və mədəniyyət platformaları yaratmaq kimi məqsədlər öz əksini tapmışdır. Bəyannamə həm də beynəlxalq hüquqa və qarşılıqlı suverenliyə hörmət prinsipini təsdiqləyərək, təşkilatın mülki, dinc və inkişaf yönümlü xarakterini bir daha ortaya qoyur. Bir sözlə, bu ali forumTDT tarixində yeni strateji mərhələ açdı. İqtisadi əlaqələrin dərinləşdirilməsi, nəqliyyat-logistika infrastrukturunun birləşdirilməsi, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya, eləcə də müdafiə və informasiya sahəsində əməkdaşlıq kimi əsas istiqamətlərdə praktik qərarlar qəbul olundu. TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü Azərbaycanın bu platformada fəal rolunu və inteqrasiya strategiyasına verdiyi mühüm töhfələri bir daha nümayiş etdirdi. Bu, ilk növbədə, Prezident İlham Əliyevin müdrik, uzaqgörən və milli maraqlara əsaslanan xarici siyasət kursu ilə bağlıdır. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər təkcə ərazi bütövlüyünün bərpası deyil, həm də türk dünyasında milli qürur və həmrəylik ruhunun dirçəlişi anlamına gəlir. Qəbələ sammitində bu qələbənin regional əməkdaşlığa verdiyi təkan xüsusi vurğulandı. Digər tərəfdən, Azərbaycan həm coğrafi mövqeyi, həm də enerji və nəqliyyat imkanları ilə TDT-nin təbii mərkəzinə çevrilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP və TAP layihələri, Zəngəzur dəhlizi kimi strateji infrastruktur xətləri türk dövlətlərini birləşdirən böyük enerji və logistika şəbəkəsinin əsas bünövrəsini təşkil edir. Ən vacib yekun nəticələrdən biri odur ki, TDT artıq sadəcə tarixi və mədəni birliyə əsaslanan platforma deyil, regional sabitliyin və qlobal tərəfdaşlığın açar oyunçusudur. Türk dövlətləri həm enerji, həm nəqliyyat, həm də texnoloji potensial baxımından bir-birini tamamlayır. Bu inteqrasiya prosesi gələcəkdə türk dünyasının vahid iqtisadi məkan kimi formalaşmasına şərait yaradacaq. Eyni zamanda, TDT-nin beynəlxalq nüfuzu da sürətlə artır. Təşkilat artıq BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi platformalarda vahid mövqedən çıxış etməyə başlayıb. Bu, türk dövlətlərinin beynəlxalq arenada siyasi təsir gücünü artıran mühüm faktordur. Beləliklə, Qəbələ sammiti türk birliyinin gələcək onilliklər üçün strateji yol xəritəsini müəyyənləşdirdi. TDT artıq yalnız əməkdaşlıq çərçivəsi deyil, həm də ümumtürk ideyasının siyasi ifadə platforması kimi fəaliyyət göstərir. Zirvə görüşü göstərdi ki, Türk Dövlətləri Təşkilatı yeni hədəflərə doğru inamla addımlayır — çünki bu birlik keçmişin irsindən güc alır, bu günün çağırışlarına cavab verir və sabahın qlobal nizamında öz layiqli yerini tutur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir”. Əli Hüseynli, Milli Məclisin deputatı Geri dön |