Ana Sayfa > Manşet / Siyasət > "28 kütləvi məzarlıqda və digər məzarlıqlarda 187 nəfərin qalıqları aşkar edilib" -

"28 kütləvi məzarlıqda və digər məzarlıqlarda 187 nəfərin qalıqları aşkar edilib" -


Bu gün, 09:36. Yazar: sevinc1
"28 kütləvi məzarlıqda və digər məzarlıqlarda 187 nəfərin qalıqları aşkar edilib" -


İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi və təşviqi Azərbaycan Konstitusiyası ilə müəyyən edilmiş ən yüksək prioritet vəzifələrdəndir və bu məqsədlə ölkədə beynəlxalq standartlara uyğun davamlı hüquqi və institusional tədbirlər həyata keçirilir.

aia.az-ın məlumatına görə, bu sözləri Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində üçüncü komitə iclasında çıxışı zamanı deyib.

O bildirib ki, sosial-iqtisadi inkişaf sahəsində “Azərbaycan 2030: Azərbaycan Prezidentinin təsdiq etdiyi “Sosial-İqtisadi İnkişafın Milli Prioritetləri”nə rəqabət qabiliyyətli iqtisadiyyat, sosial ədalətə əsaslanan dinamik və inklüziv cəmiyyət, rəqabət qabiliyyətli insan kapitalı, “Böyük Qayıdış” Proqramı, təmiz ətraf mühit və “yaşıl inkişaf” ölkəsi strategiyaları daxildir.

“Multietnik və multikultural cəmiyyət kimi Azərbaycan müxtəlifliyini öz gücü kimi qürurla qoruyub saxlayır və inkişaf etdirir. Müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovşağında olan Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal miqyasda ardıcıl surətdə təşviq edir. Xüsusilə, 2008-ci ildə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tərkib hissəsi olmaqla “Bakı Prosesi" işə salındı və bu, müxtəlif beynəlxalq maraqlı tərəflər arasında mədəniyyətlərarası dialoqla bağlı məsələlərə dair məlumatlılığın artırılması və ən yaxşı təcrübələrin mübadiləsi üçün beynəlxalq səviyyədə tanınmış platforma rolunu oynayır”,- deyə diplomat əlavə edib.

Qeyd edib ki, münaqişənin sona çatmasından və ərazilərinin otuz ilə yaxın işğaldan azad edilməsindən sonra Azərbaycan Ermənistanla beynəlxalq hüquq normalarına əsaslanan beş əsas prinsip əsasında münasibətlərin normallaşdırılması təşəbbüsü ilə çıxış edib və sülh müqaviləsi təklifini gündəmə gətirib. O deyib ki, sonrakı danışıqlar bu il avqustun 8-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında Sazişin mətninin paraflanması ilə baş tutub.

“Son beş ildə Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bütöv şəhərlərin, qəsəbələrin və kəndlərin yenidən qurulması və bununla da yüzminlərlə məcburi köçkünün öz doğma yurdlarına təhlükəsiz və ləyaqətlə qayıtmaq hüququndan istifadə etməsinə şərait yaratmaq üçün genişmiqyaslı reabilitasiya və yenidənqurma işlərinə başlayıb və davam etdirib. Artıq 50 mindən çox insan öz evlərinə qayıdıb.

Lakin bu ərazilərin mina və digər partlayıcı maddələrlə kütləvi şəkildə çirklənməsi bu səylərə ciddi şəkildə mane olur. Azərbaycanda münaqişədən sonra mina qurbanlarının sayı artır və 2020-ci ilin noyabr ayından etibarən 409-a çatıb, onlardan 71-i həyatını itirib, 338-i isə xəsarətlər alıb. Bu insanların əksəriyyəti mülki şəxslərdir”, -deyə Tofiq Musayev vurğulayıb.

Səfir deyib ki, Azərbaycanda mina təhlükəsinin miqyası daha güclü həmrəylik və tərəfdaşlıq tələb edir. Onun sözlərinə görə, digər aktual humanitar məsələ 1990-cı illərin əvvəllərindən münaqişə ilə əlaqədar itkin düşmüş dörd minə yaxın (3990) Azərbaycan vətəndaşının taleyidir: “İtkin düşənlərin bəziləri Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən həbsdə olduqdan sonra da yoxa çıxıblar. İşğal və münaqişə başa çatdıqdan sonra işğaldan azad edilmiş ərazilərdə 28 kütləvi məzarlıqda və digər məzarlıqlarda 187 nəfərin qalıqları aşkar edilib. Onların əksəriyyətinin şəxsiyyəti müəyyən edilərək ailələrinə qaytarılıb. Bu qəbirlər mülki şəxslərin və beynəlxalq humanitar hüquqla qorunan digər şəxslərin qəsdən öldürülməsinə işıq salır.

Azərbaycan öz milli qanunvericiliyinə və beynəlxalq hüquq qarşısında götürdüyü öhdəliklərə tam uyğun olaraq, münaqişə zamanı törədilmiş çoxsaylı vəhşilik cinayətlərinin araşdırılması və mühakimə olunması üçün qətiyyətli addımlar atıb”.

aia.az
Geri dön