Ana Sayfa > Manşet / Siyasət > Manaf Manafov: “Cənab Prezident İlham Əliyevin təşəbbüsləri Türk dünyasının qlobal miqyasda yeni geo-siyasi güc mərkəzi kimi özünü təsdiq etməsinə xidmət edir”
Manaf Manafov: “Cənab Prezident İlham Əliyevin təşəbbüsləri Türk dünyasının qlobal miqyasda yeni geo-siyasi güc mərkəzi kimi özünü təsdiq etməsinə xidmət edir”Bu gün, 12:39. Yazar: azer |
![]() “Öz çıxışlarında Ölkə Prezidenti cənab İlham Əliyev Türk dövlətləri arasında olan birliyin əsaslarını təşkil edən amillərin mahiyyətinə dair dəfələrlə açıqlama verərək bildirib ki, bu amillər əsrlər boyunca ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər üzərində formalaşıblar. Məhz bu səbəbdən də Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasındakı səmimiyyəti və birliyi bu gün dünyada mövcud olan başqa heç bir beynəlxalq təşkilatda müşahidə etmək mümkün deyil. O cümlədən oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşü də bu birliyin yalnız siyasi-iqtisadi maraqlar üzərində qurulmadığını bir daha bütün dünyaya nümayiş etdirdi. Cənab Prezident İlham Əliyevin çıxışı da bu məhz bu aspektdə xüsusilə dərin məna daşıyırdı. Möhtərəm dövlət başçımız türk birliyini sadəcə dövlətlərarası münasibətlər müstəvisində deyil, həm də qardaş xalqların mənəvi həmrəyliyi kimi təqdim etdi. Bu, Azərbaycanın türk dünyasında oynadığı mənəvi liderlik rolunun bariz ifadəsidir.” Bu fikirləri aia.az-ın əməkdaşı ilə söhbətində Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib. ![]() Hakim partiya təmsilçisi cənab Prezident İlham Əliyevin çıxışında türk xalqlarının tarixi yaddaşını qorumağın və ortaq kimliyi gələcək nəsillərə ötürməyin vacibliyi barədə yer almış fikirlərin əhəmiyyətini xüsusi vurğulayıb: “Cənab Prezident gələn il Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinin tamam olduğunu diqqətə çatdırdı və bu yubileyin TDT çərçivəsində təntənəli şəkildə qeyd edilməsi təklifini irəli sürdü. Bu təşəbbüs sadəcə tarixi bir hadisənin anılması deyil, eyni zamanda, türk mədəniyyətinin elmi və mənəvi köklərinə dərin hörmətin göstəricisidir. Bakı bir əsr əvvəl olduğu kimi, bu gün də türk birliyinin elmi və mədəni düşüncə mərkəzi kimi çıxış edir. Azərbaycanın qardaş dövlətlərlə münasibətlərində mədəni diplomatiya xüsusi yer tutur. Dövlət başçısının çıxışında qeyd olunduğu kimi, qardaş ölkələr Qarabağın və Şərqi Zəngəzurun bərpasında fəal iştirak edirlər. Füzulidə Mirzə Uluqbəy adına məktəbin, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, Ağdamda Manas adına məktəbin, Cəbrayılda Macar qardaşlarımızın hədiyyəsi olan məktəbin, eləcə də Füzuli məscidinin tikilməsi türk həmrəyliyinin parlaq nümunələridir. Bu layihələr təkcə tikinti deyil, mənəvi birliyin, qarşılıqlı etimadın və sarsılmaz qardaşlığın rəmzidir. Türk dövlətlərini birləşdirən mənəvi dəyərlər həm də xalqların gələcək inkişafına ideoloji istiqamət verir. Azərbaycan bu mənəvi inteqrasiyanın mərkəzində dayanaraq, həm tarixi ənənələri qoruyur, həm də müasir dövrün çağırışlarına cavab verən mədəni platformalar yaradır. Bu baxımdan, Azərbaycan dilinin, ədəbiyyatının, musiqisinin və incəsənətinin bütün türk coğrafiyasında tanıdılması, gənclər arasında ortaq layihələrin təşviqi xüsusi əhəmiyyət daşıyır. Məhz bu istiqamətdə görülən işlər türk birliyinin gələcəyini təmin edən ideoloji baza yaradır.” Sonda müsahibimiz Azərbaycanın xarici siyasət fəlsəfəsinin təməlində milli kimliklə beynəlmiləl həmrəyliyin məharətlə uzlaşdırıldığını diqqət mərkəzinə çəkib: “Cənab Prezident İlham Əliyev türk dövlətləri arasında münasibətləri “bir ailə modeli” kimi təsvir edərək bu birliyin emosional, mənəvi və strateji əsaslarını birləşdirdi. Bu yanaşma Azərbaycan diplomatiyasına insani və dəyərlər yönümlü məzmun qazandırır. Bu gün türk dünyası bir çox qlobal güclərin qarşıdurma məkanına çevrilmiş bir regionda öz sözünü deyə bilirsə, bu, ilk növbədə, ölkələrimizin bir-birinə səmimi münasibətinin, qarşılıqlı etimadın və ortaq mənəvi dəyərlərin nəticəsidir. Cənab Prezident İlham Əliyevin Qəbələdən verdiyi mesaj bütün türk coğrafiyası üçün aydın idi: birliyimiz gücümüzdür, amma bu gücün əsasında mənəvi dəyərlər, dostluq və qardaşlıq dayanmalıdır” – deyə, Manaf Manafov fikirlərini başa çatdırıb. Geri dön |