Ana Sayfa > Özəl > Azərbaycan–İtaliya münasibətləri - strateji tərəfdaşlığın uğurlu inkişaf yolu

Azərbaycan–İtaliya münasibətləri - strateji tərəfdaşlığın uğurlu inkişaf yolu


Bu gün, 18:00. Yazar: azer
Azərbaycan–İtaliya münasibətləri -  strateji tərəfdaşlığın uğurlu inkişaf yolu

Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur, heç bir dövlətin daxili işinə müdaxilə etmir, öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Dünyada etibarlı və arzuolunan tərəfdaş kimi dünyanın diqqətindədir. Bunu qarşılıqdı səfərlər, eyni zamanda, Azərbaycanın ev sahibliyi etdiyi, yaxud başqa ölkələrdə keçirilən və dövlət başçısı İlham Əliyevin fəxri qonaq qismində qatıldığı tədbirlərin say tərkibi də təsdiqləyir. İkitərəfli əlaqələrdə Avropa istiqamətinin xüsusi yeri vardır. İtaliya Prezidenti Sercio Mattarellanın sentyabrın 30-da ölkəmizə rəsmi səfəri bunun bariz nümunəsidir. İtaliya və Azərbaycan strateji tərəfdaşlardır. İki ölkə arasında Strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında «İtaliya Prezidenti cənab Mattarella Azərbaycanda ikinci dəfədir. Birinci rəsmi səfər 7 il bundan əvvəl baş vermişdir. Bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq. Bizim görüşlərimiz tez-tez baş verir. Keçən il mən Prezident Mattarellanın qonağı idim və görüş zamanı onu Azərbaycana yenidən rəsmi səfərə dəvət etdim. Şadam ki, o, mənim dəvətimi qəbul edib və bu gün bizimlə birlikdədir» söyləyərək onu da əlavə etdi ki, bizim strateji tərəfdaşlığımız həm rəsmi sənədlərdə, həm həyatda, praktik işlərdə özünü büruzə verir. Hesab edirəm ki, bir-birindən uzaqda yerləşən ölkələr arasındakı münasibətlərin qurulması bizim timsalımızda bir örnək ola bilər.
Azərbaycan və İtaliya liderlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafında əsas amillərdən biridir. Ulu Öndər Heydər Əliyevin 1997-ci ilin sentyabrında İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. İtaliya rəhbərləri Ümummilli Lider Heydər Əliyevlə söhbət zamanı Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına tərəfdar olduqlarını bildirmişdilər. Ulu Öndərin İtaliyaya səfəri nəticəsində iki dövlət arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanıb. Beləliklə, qarşılıqlı münasibətlər və əlaqələr artan xətt boyu inkişaf etməyə başlayıb, bir sıra səfərlər həyata keçirilib.
Hər bir səfər münasibətlərin sonrakı inkişafında yeni mərhələnin başlanğıcı olur. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin İtaliyaya səfərindən sonra intensiv xarakter alan qarşılıqlı səfərlər ölkələrimiz arasında münasibətlərin hazırkı inkişaf səviyyəsinə gəlib çıxmasına stimul verdi. Hazırda Azərbaycan və İtaliya prezidentlərinin qarşılıqlı səfərləri dinamikliyi ilə diqqətdədir. Bu məqam hər iki ölkənin dövlət başçılarının mətbuata bəyanatlarında xüsusi qeyd olunur. İtaliya Prezidenti «Mən cənab Prezident İlham Əliyevə Azərbaycana yenidən səfər etmək üçün dəvətinə görə minnətdaram. Mənə və nümayəndə heyətimə göstərilmiş qonaqpərvərliyə görə də minnətdaram» söyləyərək qeyd etdi ki, aramızda böyük dostluq, qarşılıqlı, tam şəkildə təşəkkül tapmış anlaşma var və İtaliya-Azərbaycan arasında münasibətlər inkişaf edir. Çox sağ olun ki, Siz mənə yeddi il əvvəl etdiyim səfərimi bir daha xatırlatdınız. Bu da əslində, çox böyük rəmzi xarakter daşıdı və təşəkkür edirəm ki, bu dəfə də məni ölkənizə dəvət etdiniz, səfərə gəldim.
Hər bir səfər əməkdaşlığın inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. İtaliya Prezidentinin ölkəmizə rəsmi səfəri münasibətlərdə yeni mərhələnin əsasını qoymaqla yanaşı, Avropa İttifaqı ilə möhkəmlənən əlaqələrimizə də yeni əlavələr edəcək. Eyni zamanda, Azərbaycan reallıqlarının təqdimatına öz töhfəsini verən ikitərəfli əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə də öz müsbət təsirini göstərir. İtaliya işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərində fəal iştirak edən ölkələrdən biridir. İtaliya biznesi üçün işğaldan azad edilmiş ərazilərdə getdikcə daha çox imkanlar yaranır. Bu mühüm məqamı da xysusi qeyd edək ki, tarixi Zəfərimiz bərpaolunan enerji sektorunda əlaqələrin qurulmasını da sürətləndirdi. Ölkəmizin bu sahədə böyük potensiala malik olması beynəlxalq səviyyədə də qeyd edilir. Ötən il ölkəmizin ev sahibliyi etdiyi dünyanın mötəbər tədbiri-COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına geniş imkanlar yaratdı. İtaliya Prezidenti Sercio Mattarella COP29-un ölkəmizdə yüksək səviyyədə keçirildiyini vurğulayaraq, həmin tədbirdə qəbul edilmiş qərarların əhəmiyyətinə toxundu. Qonaq, eyni zamanda, Vaşinqtonda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə bağlı əldə olunmuş nəticələr münasibətilə dövlətimizin başçısını təbrik etdi.
Azərbaycan-İtaliya əlaqələrinin möhkəmləndirilməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Bu əlaqələr xalqlarımızın, dövlətlərimizin bir-birinə yaxınlaşmasında da əhəmiyyətli rol oynayır. Azərbaycan-İtaliya münasibətləri hazırda yeni inkişaf mərhələsini yaşayır, strateji tərəfdaşlığa əsaslanan əlaqələrin möhkəmlənməsi üçün yeni səhifələr açılır. Hər bir səfər çərçivəsində keçirilən görüşlər, müzakirə olunan məsələlər münasibətlərimizin gələcək inkişafını şərtləndirir.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Geri dön