Ana Sayfa > Siyasət > Sarsılmaz iradə öz bəhrəsini verdi

Sarsılmaz iradə öz bəhrəsini verdi


Bu gün, 15:58. Yazar: azer
Sarsılmaz iradə öz bəhrəsini verdi

Azərbaycan tarixində yaddaşlara qızıl hərflərlə yazılmış ən əlamətdar günlərdən biri 4 oktyabr – Cəbrayıl şəhərinin azad olunduğu gündür. Bu gün xalqımızın qəlbində həm kədərin, həm də qürurun simvoluna çevrilib. Zaman keçəcək, nəsillər dəyişəcək, amma 4 oktyabr xalq yaddaşından heç vaxt silinməyəcək – o, həm ağrılı keçmişin, həm də böyük Zəfərin rəmzidir. 1993-cü il avqustun 23-ü Azərbaycan üçün ən ağır günlərdən biri oldu. Həmin gün Cəbrayıl rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. 1 şəhər, 4 qəsəbə və 92 kənd düşmən tapdağı altına düşdü, 52 minə yaxın sakin doğma yurdundan didərgin salındı. Məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri, tarixi abidələr yerlə-yeksan edildi. Düşmən Xudafərin körpülərini, türbələri, məscidləri dağıdaraq, xalqın yaddaşını silməyə çalışdı. Lakin unudurdu ki, Azərbaycan xalqının torpağa sevgisi, milli kimliyi və tarixi yaddaşı heç vaxt itmir. Çadırlarda, vaqonlarda yaşayan köçkünlər hər çətinliyə dözərək bir arzu ilə yaşadılar – geri dönmək. Bu ümid illərlə sönmədi, əksinə, gücləndi, inada və qətiyyətə çevrildi.
2020-ci ilin payızında bu sarsılmaz iradə öz bəhrəsini verdi. 27 il davam edən işğalın ardından Azərbaycan Ordusu əzmlə irəliləyərək Cəbrayıl rayonunun kəndlərini azad etdi. Oktyabrın 4-də isə müjdəli xəbər yayıldı – Cəbrayıl şəhəri düşməndən təmizləndi. Bu hadisə yalnız hərbi uğur deyildi, xalqımızın birliyinin, dövlətimizin gücünün və cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyinin təntənəsi idi. Düşmənin illərlə qurduğu müdafiə xətləri darmadağın edildi, ordumuz haqqın və ədalətin qələbəsini təmin etdi. Cəbrayıldan başlayan bu zəfər yürüşü Şuşaya qədər uzandı və Vətən müharibəsinin taleyini həll edən həlledici mərhələyə çevrildi. Xudafərin körpüsündə dalğalanan üçrəngli bayrağımız isə xalqımızın tarixlə və kimliyi ilə yenidən qovuşmasının simvoluna çevrildi.
Azadlıqdan sonra Cəbrayıl yenidən dirçəldi.cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ərazilərdə böyük bərpa və quruculuq layihələri həyata keçirilir. “Araz Vadisi İqtisadi Zonası” yaradıldı, sənaye parkına çoxsaylı şirkətlər qoşuldu. Yeni yarımstansiyalar tikildi, geniş avtomobil yolları salındı, kəndlərin baş planları təsdiqləndi. Böyük Mərcanlıdan Karxuluya, Maşanlıya qədər hər bir kənd müasir infrastrukturla yenidən qurulur. Məktəblər, uşaq bağçaları, idman kompleksləri, mədəniyyət ocaqları inşa olunur. Və nəhayət, Cəbrayıla ilk köç karvanı göndərildi — insanlar 30 ildən sonra doğma yurdlarına qayıtdılar. Bu, təkcə bir qayıdış deyil, həm də millətin ruhunun torpağı ilə yenidən birləşməsi idi.
Cənab Prezident İlham Əliyevin Cəbrayıla səfərləri də xüsusi rəmzi məna daşıyır. Hər səfər yeni bir inkişaf mərhələsinin başlanğıcı, xalqın arzusunun reallaşması deməkdir. Xudafərin körpüsündə bayrağın qaldırılması, sənaye parkının açılışı, ilk köç karvanının yola salınması — bunların hər biri Cəbrayılın dirçəliş tarixinin simvoludur. Bu səfərlər həm də dünyaya verilən aydın mesajdır: Azərbaycanın ərazi bütövlüyü sarsılmazdır və bu torpaqlar əbədi olaraq xalqımıza məxsusdur.
Bu gün Cəbrayıl sadəcə bir rayon deyil, xalqımızın dözümünün, qəhrəmanlığının və birliyinin canlı təcəssümüdür. 4 oktyabr – Cəbrayıl şəhəri günü hər bir azərbaycanlının qəlbində qürur və qələbə duyğusunu alovlandırır. Bu gün həm şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın, həm də müstəqil Azərbaycanın güc və birliyinin bayramıdır.

Gülər Sultanzadə
YAP Yasamal rayon təşkilatının fəal üzvü
Geri dön