Ana Sayfa > Siyasət > Cəbrayıl – Zəfərin və dirçəlişin simvolu

Cəbrayıl – Zəfərin və dirçəlişin simvolu


Bu gün, 10:37. Yazar: azer
Cəbrayıl – Zəfərin və dirçəlişin simvolu

Cəbrayıl rayonu Azərbaycan tarixində həm faciə, həm də qəhrəmanlıq səhifəsi olaraq qalır. 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələrinin hücumu nəticəsində işğal edilən rayon 27 il boyunca düşmənin idarəsi altında qaldı. Bu müddət ərzində şəhər və kəndlər dağıdıldı, iqtisadiyyat və sosial infrastruktur tamamilə məhv edildi. 52 min nəfərlik əhalisi olan rayonun həyat standartları düşmən işğalı səbəbindən yox səviyyəsinə endi. Tarixi və mədəni irs ciddi itkilərə məruz qaldı, bir çox tarixi abidə və mədəniyyət ocaqları vandalizm və talan nəticəsində dağıdıldı. Rayonun işğalı həm də Azərbaycanın beynəlxalq hüquq normalarına hörmətsizlik olaraq dəyərləndirildi və bu, ölkəmizin diplomatik səylərini daha da vacib etdi. İşğaldan azad olunmuş Cəbrayılın hərbi əməliyyatları yüksək strateji planlaşdırma tələb edirdi. Azərbaycan Ordusu 2020-ci ilin sentyabrından başlayaraq qarşıya qoyulmuş məqsədlərə nail oldu. Cəbrayıl əməliyyatı yalnız ərazinin azad edilməsi ilə məhdudlaşmadı, həm də digər rayonların azad olunmasına zəmindən hazırladı. Xocavəndin cənub kəndləri, Hadrut qəsəbəsi, Zəngilan, Qubadlı və Laçın dəhlizinin işğaldan azad olunması Azərbaycan ordusunun taktiki üstünlüyünü nümayiş etdirdi və regionda yeni strateji imkanlar yaratdı.
Azad edilmiş Cəbrayıl rayonunun iqtisadi potensialı böyükdür. Ərazidə sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları, həmçinin dəmir filizi və neft yataqları mövcuddur. Bu resurslar gələcəkdə regionun sənaye inkişafına xidmət edəcəkdir. Eyni zamanda, kənd təsərrüfatı potensialı da yüksəkdir. İşğaldan əvvəl əhali üzümçülük, baramaçılıq, taxılçılıq və heyvandarlıqla məşğul olurdu. Bu sahələrin bərpası və genişləndirilməsi yerli iqtisadiyyatın canlanmasına, yeni iş yerlərinin yaradılmasına və regionda sosial rifahın yüksəlməsinə imkan verir. 2021-ci ilin oktyabrında yaradılan “Araz Vadisi İqtisadi Zonası” Cəbrayıl rayonunun iqtisadi inkişafında mühüm rol oynayır. Burada sənaye parkı, logistika və ticarət mərkəzləri, anbar kompleksləri, TIR parkı, gömrük və texniki xidmət məntəqələri fəaliyyət göstərəcək. Bu layihə yalnız yerli iqtisadiyyata deyil, həm də regional ticarət və nəqliyyat dəhlizlərinə inteqrasiya üçün strateji əhəmiyyət daşıyır. Parkda hazırda 18 sahibkar rezident, 4 sahibkar isə qeyri-rezident kimi fəaliyyət göstərir, investisiya portfeli isə 140 milyon manatdır.Cəbrayılın bərpası və sosial inkişafı dövlətin diqqət mərkəzindədir. 2023-cü ilin iyulunda təsdiqlənmiş “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” şəhərin mərhələli inkişafını nəzərdə tutur. 2026-cı ilədək şəhərdə 3 800 nəfərin, 2040-cı ilədək isə 15 000 nəfərin yaşayacağı proqnozlaşdırılır. Baş plana əsasən, şəhərdə az və orta mərtəbəli binalar, fərdi yaşayış evləri, sosial obyektlər, məktəblər, uşaq bağçaları inşa olunacaq. Böyük Mərcanlı və Karxulu kəndlərində layihələr həm əhalinin sosial tələbatını qarşılayacaq, həm də iş yerlərinin yaradılmasına imkan verəcək. Bu layihələr ölkənin dayanıqlı və inklüziv inkişaf strategiyasına xidmət edir. Yol və enerji infrastrukturu Cəbrayılın bərpasında xüsusi rol oynayır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu və Şükürbəyli-Cəbrayıl-Hadrut yolunun tikintisi bölgənin nəqliyyat imkanlarını genişləndirir, həm sərnişin, həm də yük daşımalarında əhəmiyyətli rahatlıq yaradır. Cəbrayıl yarımstansiyası və kəndlərdəki yeni elektrik təchizatı layihələri bölgədə enerjidən səmərəli istifadəni təmin edir, sosial obyektlərin və sənaye müəssisələrinin fəaliyyətini dayanıqlı edir.Cəbrayılın azad edilməsindən sonra həyata keçirilən infrastruktur layihələri yalnız fiziki bərpa ilə məhdudlaşmır. Təhsil, səhiyyə, mədəniyyət və idman obyektlərinin tikintisi və yenidən qurulması rayonun sosial həyatını canlandırır. Mehdi Mehdizadə adına tam orta məktəbin açılışı, alkoqolsuz içki istehsalı kompleksinin və damazlıq yumurta fabrikinın təməlqoyma mərasimi bu inkişafa misal təşkil edir. Həmçinin, Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinin açılması və ərazilərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi sakinlərin sabitliyini təmin edir.
Cəbrayıl rayonunun azad olunması diplomatik sahədə də böyük əhəmiyyət daşıyır. Azərbaycan dövlətinin ərazi bütövlüyünün bərpası beynəlxalq hüquq normalarının qorunması, regionda sülh və sabitliyin təmin olunması baxımından önəmli hadisə oldu. Cəbrayılın bərpası və inkişafı Azərbaycan-Türkiyə strateji əməkdaşlığının real göstəricisidir. Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlqoyma mərasimi və birgə ağac əkmə aksiyaları regionda qarşılıqlı əməkdaşlıq və davamlı inkişafın simvolu olaraq diqqət çəkir. Cəbrayılın bərpası və yeni inkişaf dövrü həmçinin sosial və humanitar baxımdan önəmlidir. İlk köç karvanı vasitəsilə rayon əhalisinin geri dönməsi və yeni yaşayış komplekslərinə yerləşdirilməsi milli həmrəyliyin təcəssümüdür. Hazırda 2856 nəfər – 659 ailə – yeni vətənə köçürülmüşdür. Yaşayış komplekslərinin müasir infrastrukturu, mənzillərin tam təmirli və texniki təminatla təchiz olunması əhalinin həyat keyfiyyətini yüksəldir. Bu addımlar həm də regiona yeni iş imkanları və sosial sabitlik gətirir. Cəbrayıl rayonunun mədəni irsinin bərpası da diqqət mərkəzindədir. Tarixi abidələrin, mədəniyyət evlərinin və muzeylərin yenidən qurulması, kitabxanaların fəaliyyəti və musiqi məktəblərinin açılması rayonun mədəni həyatının bərpasını təmin edir. Bu həm də bölgədə gələcək nəsillər üçün milli-mənəvi dəyərlərin qorunması deməkdir. Mədəni layihələr əhalinin ruh yüksəkliyini artırır və Cəbrayılın simvolik dirçəlişini nümayiş etdirir. Cəbrayılın strateji əhəmiyyəti iqtisadi, diplomatik və sosial baxımdan daim ön plandadır. Sənaye parkları, logistika mərkəzləri, yol və enerji infrastrukturunun bərpası rayonun regional inkişafında həlledici rol oynayır. Həm yerli iqtisadiyyat, həm də Azərbaycanın regionda strateji mövqeyi güclənir. Cəbrayılın azad olunması və bərpası, eyni zamanda, Azərbaycanın dövlət siyasətində və xarici diplomatiyada qətiyyətini nümayiş etdirir. Cəbrayılın gələcəyi aydın və perspektivlidir. 2040-cı ilədək şəhər və kəndlərdə əhalinin yaşayış sahələri, sosial obyektlər, məktəblər, uşaq bağçaları, ticarət və xidmət sahələri ilə təmin olunacaq. Yeni iqtisadi və sosial layihələr, ilk köç karvanları və yaşayış kompleksləri rayonun dirçəlişinin simvoludur. Bu, Azərbaycanın milli iradəsinin və dövlətin gücünün əyani nümunəsidir. Cəbrayıl indi yalnız azad olunmuş torpaq deyil, həm də iqtisadi və sosial inkişafın, regional əməkdaşlığın və milli həmrəyliyin təcəssümü olan yeni vətəndir.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Geri dön