Ana Sayfa > Manşet / Siyasət > Cəbrayılın azad olunması şanlı Zəfər tariximizin mühüm səhifələrindəndir

Cəbrayılın azad olunması şanlı Zəfər tariximizin mühüm səhifələrindəndir


Bu gün, 10:34. Yazar: azer
Cəbrayılın azad olunması şanlı Zəfər tariximizin mühüm səhifələrindəndir

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələrinin hücumuna məruz qalaraq işğal edilib. İşğal zamanı Cəbrayıl inzibati baxımdan 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. Əraziyə nəzarətin itirilməsi həm də xalqın sosial, iqtisadi və mədəni həyatına ağır zərbə vurub. Hesablamalara görə, bu rayona dəymiş ümumi maddi ziyan 13,928 milyard ABŞ dolları məbləğində qiymətləndirilib.

1050 kvadrat kilometr ərazisi olan və 52 mindən çox əhalinin yaşadığı rayon tamamilə viran qoyuldu. İşğal nəticəsində 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı və minlərlə yaşayış evi məhv edildi. Birinci Qarabağ müharibəsində Cəbrayıldan 362 nəfər şəhid oldu, 191 nəfər isə ömürlük əlilliyə düçar edildi. Bu igid oğullardan 6 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

Cəbrayıl işğaldan əvvəl respublikanın ən dinamik inkişaf edən rayonlardan biri idi. Əhalisi əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olub. Kənd təsərrüfatı ilə yanaşı, təhsil və səhiyyə sahəsində də yüksək göstəricilər qeydə alınıb. Rayonda 510 çarpayılıq xəstəxana fəaliyyət göstərir, 92 həkim və 432 orta ixtisaslı tibb işçisi əhaliyə xidmət göstərib. Cəbrayılda fəaliyyət göstərən 72 məktəbdə 1660-dan çox müəllim minlərlə şagirdin elmi biliklərə yiyələnməsinə töhfə verib.

Mədəni həyat da zəngin idi, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 78 kitabxana və 20 mindən çox eksponata malik tarix-diyarşünaslıq muzeyi fəaliyyət göstərirdi. Lakin erməni işğalı zamanı bu bütün sərvətlər amansızlıqla məhv edildi. Qədim tarixi və dini abidələr – “Divlər Sarayı” mağarası, Qız qalası, Xudafərin körpüləri, Sultan Məcid hamamı, Dairəvi türbələr, yüzlərlə məscid və qəbiristanlıq erməni vandalizminin hədəfinə çevrildi. İşğal cəbrayıllıların həyatında böyük fəlakətə çevrildi. On minlərlə insan doğma yurdlarından didərgin düşərək ölkənin 58 rayonunda, minlərlə yaşayış məntəqəsində, düşərgələrdə və yararsız binalarda məskunlaşdı. Məcburi köçkünlük illəri onlara ağır sınaq olsa da, cəbrayıllılar öz torpaqlarına qayıdacaqları günə böyük ümidlə yaşadılar.

1994-cü ilin yanvarında Azərbaycan Ordusunun uğurlu Horadiz əməliyyatı nəticəsində Cocuq Mərcanlı kəndi azad edildi. Bu kənd işğal altındakı torpaqların bir gün mütləq azad olunacağına inamın təcəssümünə çevrildi. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad olunması isə Böyük Qayıdışın başlanğıcı oldu. Cocuq Mərcanlıda həyatın yenidən bərpası cəbrayıllılar üçün yeni ümid qığılcımı oldu.

27 illik işğal tarixini sona çatdıran Vətən müharibəsində Cəbrayıl rayonunun azad edilməsi mühüm tarixi dönüş nöqtəsi oldu. 2020-ci il sentyabrın 27-də başlayan döyüşlərdə Azərbaycan Ordusu ilk strateji uğurlarını məhz bu istiqamətdə qazandı. Elə həmin gün Böyük Mərcanlı və Nüzgar kəndlərinin azad olunması ilə Qələbə yolunun təməli qoyuldu, oktyabrın 4-də isə Cəbrayıl şəhəri və daha 9 kənd işğaldan qurtarıldı. Nəticədə ümumilikdə 1 şəhər və 90 kəndin azad olunması həm şanlı ordumuzun hərbi gücünü, həm də xalqımızın iradəsini bütün dünyaya nümayiş etdirdi.

Cəbrayıl əməliyyatı həm də psixoloji baxımdan mühüm dönüş nöqtəsi oldu. Bu uğur sonrakı mərhələlərdə Zəngilan, Qubadlı və Laçının azad olunmasına yol açdı. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Qəhrəmanlıq göstərən hərbçilərin şücaəti yüksək qiymətləndirildi və 22 mindən çox əsgər və zabit “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olundu.

Cəbrayılın azad olunmasının ən möhtəşəm təzahürü Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltması oldu. Bu əlamətdar hadisə tarixi ədalətin bərpası, xalqın birliyinin və mübarizə əzminin təntənəsi idi. Həmin körpü üzərində dalğalanan üçrəngli bayraq bütün millət üçün qürur anına çevrildi.

Azadlıqdan sonra Cəbrayıl sürətli bərpa və inkişaf yoluna qədəm qoydu. Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli Fərmanı ilə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradıldı. Burada logistika mərkəzləri, gömrük və ticarət infrastrukturu, anbarlar və TIR parkı inşa edilir. Bu layihə təkcə rayonun deyil, bütövlükdə regionun iqtisadi potensialını gücləndirəcək.

Enerji sahəsində də mühüm addımlar atılıb, 2021-ci ilin 4 oktyabr tarixində istifadəyə verilən Cəbrayıl yarımstansiyası rayonun enerji təminatında əhəmiyyətli rol oynayır. Nəqliyyat sahəsində isə Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu böyük əhəmiyyət daşıyır və Zəngəzur dəhlizinin əsas hissəsi kimi regional əlaqələri genişləndirəcək.

Nazirlər Kabinetinin 2023-cü il 25 iyul tarixli qərarı ilə “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” regionun gələcək inkişafını müəyyənləşdirən strateji sənəd oldu. Baş plana əsasən, şəhərdə 15 minə yaxın əhali yaşayacaq, müasir memarlıq üslubunda yaşayış binaları, sosial infrastruktur, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları inşa ediləcək.

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günləri təsis olunub. Bu qərara əsasən, 4 oktyabr – Cəbrayıl şəhəri günü elan edilib. Şanlı tarix xalqın mübarizə ruhunun və yenidənqurma iradəsinin təntənəsidir. Böyük Qayıdış prosesi çərçivəsində 2024-cü ilin 26 sentyabr tarixində Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb. İndiyədək 659 ailə – 2856 nəfər bu rayona qayıdıb, həmin proses milli birliyin, tarixi ədalətin və Vətən sevgisinin bir təzahürüdür.

Artıq Cəbrayıl bərpa, yenidənqurma və parlaq gələcəyin bariz nümunəsinə çevrilib. Şəhər və kəndlərdə həyata keçirilən genişmiqyaslı layihələr həm infrastrukturun, həm də sosial mühitin inkişafına təkan verir. Burada yaşayan insanlar bölgənin bərpa prosesində fəal iştirak edərək, doğma torpaqlarının yenidən canlanmasına öz töhfələrini verirlər.

Bədəl Bədəlov
Milli Məclisin deputatı


Geri dön