Ana Sayfa > Siyasət > YAP Laçın rayon təşkilatı “Ulu Öndər Heydər Əliyev milli dövlətçilik siyasətinin sarsılmaz təməli” mövzusunda tədbir keçirib

YAP Laçın rayon təşkilatı “Ulu Öndər Heydər Əliyev milli dövlətçilik siyasətinin sarsılmaz təməli” mövzusunda tədbir keçirib


Bu gün, 18:47. Yazar: azer
YAP Laçın rayon təşkilatı “Ulu Öndər Heydər Əliyev milli dövlətçilik siyasətinin sarsılmaz təməli” mövzusunda tədbir keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı “1993-cü il, 3 oktyabr: Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycan tarixinin yeni mərhələsinin başlanması” və "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar “Ulu Öndər Heydər Əliyev milli dövlətçilik siyasətinin sarsılmaz təməli” mövzusunda tədbir keçirib.

aia.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Asif Əsgərli, Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov, şəhid ailələri, müharibə əlilləri, idarə, müəssisə rəhbərləri, YAP fəalları və çoxsaylı ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbirdə giriş nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, hər zaman azərbaycanlı olması ilə fəxr edən, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə Vətəninə və xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə Vətən və xalq qarşısında misilsiz xidmətləri, xilaskarlıq missiyası və zəngin dövlətçilik irsi vardır. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev yalnız müəyyən bir dövrdə deyil, bütün həyatı boyu Azərbaycanın və xalqımızın rifahını düşünmüş, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərmiş, ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə əbədi sevgi və ehtiram qazanmışdır. İntibah dövrü və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlanmış, müstəqilliyimiz isə məhz onun qətiyyəti sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmizin dünyada layiq olduğu mövqeyə yüksəlməsi Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, dəmir iradəsi və zəngin dövlətçilik təcrübəsinin nəticəsidir. İlqar İlyasov çıxışında vurğulamışdır ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi hərtərəfli inkişaf strategiyasını bu gün Prezident İlham Əliyev yeni mərhələdə uğurla davam etdirir. Onun rəhbərliyi, yorulmaz fəaliyyəti və qətiyyəti ilə respublikamızda aparılan islahatlar, əldə olunan böyük nailiyyətlər ölkəmizin sürətli və hərtərəfli inkişafını təmin edir, dövlətimizi daha da qüdrətli edir. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etmiş, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur.

YAP İdarə Heyətinin üzvü Asif Əsgərli bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımıza ləyaqətlə xidmət etmiş, bütün güc və bacarığını Azərbaycan xalqının rifahına və milli dövlətçilik ideyalarının gerçəkləşdirilməsinə yönəltmişdir. Ümummilli Lider özünün həyat amalı haqqında danışarkən demişdir: "İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezident kimi mənim həyat amalım yalnız Sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib".

YAP veteranı Aygün Kərimova, Laçın rayonu üzrə gənclər və idman sektorunun müdiri Natiq Mustafayev və Birinci Qarabağ müharibəsinin döyüşçüsü, qazi Murad Eyvazov bildiriblər ki, Ümummilli lider Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf yoluna qədəm qoydu. Respublikamızın qarşısında duran problemlər mərhələli şəkildə həll olundu, ölkədə əmin-amanlıq və siyasi sabitlik bərqərar edildi. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatın bütün sahələrində əsaslı dönüş baş verdi, xalqımızın bütövlüyü, həmrəyliyi və milli birliyi təmin olundu. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlanan sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, Azərbaycanın sivil dünyaya sıx inteqrasiyasında, eləcə də xalqımızın strateji mənafelərini təmin edən müasir cəmiyyətin qurulmasında həlledici rol oynamışdır.
Sonra Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsində fəallıq göstərən bir qrup partiya üzvünə fəxri fərman, partiya sıralarına yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.
Geri dön