Ana Sayfa > Siyasət > Anar Nəbiyev: Qəhrəmanlıq təcəssümü

Anar Nəbiyev: Qəhrəmanlıq təcəssümü


Bu gün, 16:49. Yazar: azer
Anar Nəbiyev: Qəhrəmanlıq təcəssümü

Dövlət başçısı İlham Əliyevin Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü ildə imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncama əsasən 4 oktyabr Cəbrayıl Şəhəri Günüdür.
2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri işğaldan azad edildi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi.

Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücumumuz mümkün olmuşdur. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.

44 günlük İkinci Qarabağ müharibəsinin hər günündə cəbhədən gələn qələbə xəbərləri harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını sevindirdi, torpaq həsrətinə son qoyulacaq günün uzaqda olmadığına əminlik yaratdı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun  göstərdiyi qəhrəmanlıq, şücaət  nəticəsində 44 günlük İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizlə başa çatdı.  30 ilə yaxın dövrdə qaçqın və məcburi köçkün həyatını yaşayan soydaşlarımızın dilindən səslənən ifadə bu oldu ki, artıq biz qaçqın deyilik. Şəhər və kəndlərimizi, küçə və meydanlarımızı Azərbaycanın üçrəngli Bayrağı bəzədi. İşğaldan azad edilmiş ərazilərimizdə ucaldılan Azərbaycan Bayrağı dünyaya bu torpaqların sahibinin Azərbaycan xalqı olduğunu çatdırdı.

Qarabağ münaqişəsi tarixə qovuşduğu ilk gündən   dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş  ərazilərə davamlı səfərləri hər birimizdə böyük qürur hissi yaratdı. Tarixi Zəfərimizdən sonra ilk səfər 2020-ci il  noyabr ayının 16-da Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə edildi. Cəbrayıl işğaldan  azad edilən ilk  şəhərdir. Dövlət başçısı ilk səfərində bu torpaqların bərpası və yenidən qurulması ilə bağlı tapşırıqlarını verdi. Cənab İlham Əliyevin son beş ildə  Cəbrayıl rayonuna gerçəkləşdirdiyi 10 səfərin  hər biri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır.  Bu gün böyük qürur hissi ilə torpaqlarımızın  işğaldan azad edildikləri tarixləri qeyd edirik.  

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı səsləndirdiyi fikirlər hər birimizdə böyük qürur hissi yaratdı. Belə ki, “Cəbrayıla xoş gəlmisiniz” müraciətinin ardınca Müzəffər Ali Baş Komandan  bu əminliyi də ifadə etmişdir ki,  bundan sonra mən Cəbrayıla gələndə həmişə cəbrayıllılar mənə “Xoş gəlmisiniz, cənab Prezident” deyəcəklər.

Soydaşlarımızın bu torpaqlara qayıdışı, eyni zamanda, yüksək həyat şəraitlərinin təmin olunması üçün biri-birindən mühüm addımlar atılır. Hazırda əsas hədəf bütün azad olunmuş ərazilərimizin müasir tələblər səviyyəsində qurulması, Azərbaycan brendi kimi dünyaya səs salan yeniliklərin bu torpaqlarda aparılan işlərdə öz əksini tapmasıdır. Böyük Qayıdış Proqramının uğurlu icrası nəticəsində sakinlərinə qovuşan 6 şəhər arasında Cəbrayıl şəhərinin də adı var. Bu gün hər bir azad edilmiş torpağımız dirçəliş dövrünü yaşayır.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri



Geri dön