Ana Sayfa > Siyasət > Rəna Bayramova: Cəbrayıl çiçəklənən diyara çevrilir
Rəna Bayramova: Cəbrayıl çiçəklənən diyara çevrilirBu gün, 15:06. Yazar: azer |
![]() Güclü kadr potensialı, yüksək intellektə malik ziyalıları, görkəmli alimləri ilə tanınan Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində - Araz çayının sol sahilində - cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürülmüşdür. Rayon zəngin tarixi və arxeoloji irsi ilə tanınır. Ən qədim yaşayış məskənlərindən biri sayılan Şahvələdli kəndində eramızdan əvvəl II-III minilliklərə aid qədim insan məskənlərinə rast gəlinib. Bəzi ərazilərdə tapılan keramika nümunələri və məzar kompleksləri Azərbaycanın tarixi inkişafını izləməyə imkan yaradır. Rayon ərazisindəki Daştəpə, Həsənxanlı, Soltanlı və Sirik arxeoloji abidələri Azərbaycan tarixinin müxtəlif dövrlərini əks etdirən zəngin məlumat qaynaqlarıdır. İşğal zamanı bu abidələrin əksəriyyəti dağıdılıb və məhv edilib. Hazırda həmin mədəni irs nümunələrinin bərpası və tədqiqi istiqamətində elmi arxeoloji işlər aparılır. 1993-cü ilə qədər Cəbrayıl rayonunun əhalisi 62 mindən çox olub. Rayonun mərkəzi olan Cəbrayıl şəhəri ilə yanaşı 90-dan çox kənd mövcud idi. Əhali əsasən azərbaycanlılardan ibarət idi və regionda milli-mədəni birliyin qorunması vacib sosial amil kimi diqqət çəkirdi. Cəbrayılın əsas iqtisadi sahəsi kənd təsərrüfatı olmuşdur və bu sahənin yenidən canlandırılması istiqamətində ciddi işlər görülür. Ərazidə taxılçılıq, pambıqçılıq, üzümçülük, bostançılıq və bağçılıq üçün münbit şərait mövcuddur. Cəbrayıl rayonunun infrastrukturuna gəlincə rayonun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta, neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayonun tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, iri və xırda buynuzlu mal-qaranın kökəltmə birliyi, quşçuluq fabriki fəaliyyət göstərirdi. Qeyd edək ki, Cəbrayıl 27 illik işğaldan sonra düşməndən azad edilən ilk şəhər oldu. Vətən müharibəsinin ilk günündən Cəbrayıl rayonunun kəndləri düşməndən azad olunmağa başladı. İlk gün rayonun Böyük Mərcanlı və Nüzgar, oktyabrın 3-də isə Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixdə isə Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal qüdrətli ordumuz tərəfindən işğaldan azad edildi. Oktyabrın 4-də Cəbrayıl şəhərində də Azərbaycan bayrağı dalğalandı. Həmin gündən etibarən, demək olar ki, hər gün Cəbrayılın kəndlərinin bir-bir işğaldan azad edildiyi xəbərlərini aldıq. Ümumilikdə, bu əməliyyatlar zamanı Cəbrayıl şəhəri və rayonun 90 kəndi işğaldan azad edildi. Eyni zamanda Cəbrayılın erməni silahlı birləşmələrindən təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa olundu. Xatırladaq ki, Cəbrayıl şəhərinin Baş planı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Böyük Britaniyanın “Chapman Taylor” şirkəti ilə Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb. Baş plan 25 iyul 2023-cü il tarixində Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilib. Təsdiq edilmiş yeni Baş plana əsasən, müasir Cəbrayıl şəhəri özü və yaxınlıqdakı 5 kəndi əhatə edəcək və şəhərin ümumi ərazisi 625 ha təşkil edəcək. Layihədə şimaldan cənuba doğru uzanan Çaylaqçay ətrafında şəhərin mərkəz hissəsində təklif olunan “yaşıl zolaq” şəhərin əsas onurğası kimi verilib.Cəbrayıl rayonunun inzibati ərazisinə daxil olan Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi evin tikintisi nəzərdə tutulub.Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Bu kənddə də inzibati bina, klub-icma, idman sağlamlıq mərkəzləri, həkim məntəqəsi, mərasim evi, bazar kompleksi, ticarət, ictimai-iaşə, kiçik sahibkarlıq obyektlərinin layihələndirilməsi planlaşdırılır. Bundan başqa, Baş plana əsasən, kənddə tam orta məktəb üçün bina və iki uşaq bağçasının tikintisi nəzərdə tutulub.“Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən burada məskunlaşacaq əhalinin yaşayış yükü nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 50 hektar yer ayrılıb. Bu mərhələdə 944 sakin üçün 236 fərdi ev tikiləcək. İşğaldan azad edilmiş bütün ərazilərimiz də olduğu kimi, Zəfər tarixinə işğaldan azad edilmiş ilk şəhər kimi həkk olunan Cəbrayılda da yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir, sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır. Həmçinin məşğulluğun yüksək səviyyədə təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. 2020-ci ilin 4 oktyabrından başlayaraq Dövlətimizin Başçısı dəfələrlə rayona səfər edərək, görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir. Qeyd edək ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev rayona səfərləri zamanı Cəbrayıl şəhərində və qədim Xudafərin körpüsündə dövlət bayrağımızı ucaldıb. 30 il yurd həsrətində olan insanlar Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən torpağını öz canları, qanları bahasına bütövləşdirən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdardırlar. Hər kəs görür ki,dövlətimizin hərtərəfli qayğısı nəticəsində işğaldan azad edilmiş doğma yurd yerlərimiz,o cümlədən Cəbrayıl rayonu da Azərbaycanımızın çiçəklənən diyarına çevrilir. Rəna Bayramova YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri Geri dön |