Ana Sayfa > Siyasət > İşğaldan azadlıq və parlaq gələcəyə doğru yol

İşğaldan azadlıq və parlaq gələcəyə doğru yol


Bu gün, 14:47. Yazar: azer
İşğaldan azadlıq və parlaq gələcəyə doğru yol

Cəbrayıl rayonu 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra ərazidəki bütün infrastruktur – məktəblər, xəstəxanalar, mədəniyyət evləri, yaşayış binaları sistemli şəkildə dağıdıldı. Qəbiristanlıqlar təhqir edildi, tarix və mədəniyyət abidələri məhv edildi. Bu dağıntılar təkcə maddi deyil, həm də mənəvi mirasa qarşı yönəlmiş vandalizmin bariz nümunəsi idi. 2020-ci ildə azad olunan zaman Cəbrayılın demək olar ki, hər qarışı xarabalığa çevrilmişdi. Bu vəziyyət beynəlxalq hüququn pozulması və işğalın nəticələrinin miqyasını göstərən real faktlara əsaslanan canlı sübutdur.
Cəbrayıl rayonunun 1994-cü ildən etibarən azad olan və nəzarət altında saxlanılan yeganə yaşayış məntəqəsi Cocuq Mərcanlı kəndi olmuşdur. 2016-cı ilin aprel döyüşlərindən sonra Lələtəpə yüksəkliyinin azad edilməsi bu kəndin tam təhlükəsizliyini təmin etdi və onun bərpasına imkan yaratdı.
Lələtəpənin azad olunması həm də Azərbaycan Ordusunun strateji üstünlüyə nail olduğunun göstəricisi idi. Cocuq Mərcanlı sonrakı illərdə qısa müddətdə bərpa edildi və "Qayıdışın simvolu" adlandırıldı. Bu kənd həm də Azərbaycan dövlətinin azad edilmiş ərazilərdə həyata keçirdiyi pilot bərpa modelinin ilk nümunəsi oldu.
Xudafərin körpüsü – təkcə tarixi memarlıq abidəsi deyil, həm də Azərbaycan xalqının qədim tarixinin, İranla sosial-mədəni əlaqələrinin və bu gün suverenliyimizin simvoludur. 2020-ci ilin oktyabrında Azərbaycan Silahlı Qüvvələrinin Cəbrayıl istiqamətində uğurlu hərbi əməliyyatları nəticəsində Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı yenidən ucaldıldı.
Bu hadisə dövlətçilik tariximizdə mühüm simvolizm daşıyırdı. Prezident İlham Əliyevin körpü yaxınlığında çıxışı zamanı səsləndirdiyi "Biz qayıtdıq və əbədi qaldıq" ifadəsi bu ərazinin Azərbaycan üçün tarixi və strateji əhəmiyyətini bir daha vurğuladı.
İşğaldan azad olunmuş ərazilərin inkişafı çərçivəsində Cəbrayıl rayonunun yol infrastrukturunun yenidən qurulması xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə həyata keçirilən əsas layihələrdən biri Hadrut–Cəbrayıl–Şükürbəyli avtomobil yoludur, Prezident İlham Əliyev tərəfindən 5 may 2023-cü ildə təməli qoyulmuşdur.
Yolun uzunluğu 43 km təşkil edir;
4 hərəkət zolağından ibarət olacaq;
Hacıqabul–Mincivan–Zəngəzur dəhlizi avtomobil yoluna birləşəcək;
Yol boyunca bir neçə avtomobil körpüsünün tikintisi planlaşdırılıb.
Bu yol yalnız yerli əhali üçün nəqliyyat imkanlarını artırmır, həm də Azərbaycanın geoiqtisadi strategiyasına – Zəngəzur dəhlizinin reallaşmasına töhfə verir. Cəbrayıl bu prosesdə logistik və tranzit qovşağı kimi çıxış edir.
Cəbrayıl rayonunun kəndləri də yenidənqurma prosesindən kənarda qalmayıb. Onlardan biri olan Sarıcallı kəndi işğaldan azad edildikdən sonra bərpa planlarına daxil edilmiş və kənd təsərrüfatının inkişafı baxımından prioritet istiqamətlərdən biri kimi müəyyən edilmişdir. Kəndin ərazisində suvarma sistemlərinin qurulması, infrastrukturun yenilənməsi və əhalinin mərhələli şəkildə köçürülməsi nəzərdə tutulur.
Sarıcallı kəndi həmçinin Cəbrayıl rayonunun kənd təsərrüfatı potensialının bərpasında pilot bölgələrdən biri hesab olunur. Əkinə yararlı torpaqlar, su ehtiyatları və nəqliyyat yollarına çıxış kəndin strateji əhəmiyyətini artırır.
Prezident İlham Əliyevin Cəbrayıl rayonuna 2021–2023-cü illərdə etdiyi ardıcıl səfərlər rayonun bərpasına verilən siyasi və strateji önəmin göstəricisidir.
04–05.10.2021-ci il səfəri:
“KamAZ” ASC və “Gəncə Avtomobil Zavodu” ilə birgə servis mərkəzinin təməli;
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı;
“Cəbrayıl” yarımstansiyası;
Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı;
Rayon xəstəxanası, tam orta məktəb və yaşayış məhəlləsinin təməlqoymaları;
Memorial Kompleksin təməli və ictimaiyyətlə görüş.
20.10.2022-ci il:
Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qumlaq stansiyasının və Horadiz–Ağbənd dəmir yolunun təməlini qoydular;
Ağacəkmə aksiyası və “Dostluq Meşəsi” layihələri;
“Ağıllı tingçilik” və beynəlxalq meşə təlim mərkəzləri;
Birgə mətbuat konfransı – beynəlxalq həmrəyliyin və regional əməkdaşlığın təsdiqi.
05.05.2023-cü il:
Hadrut–Cəbrayıl–Şükürbəyli avtomobil yolunun təməlqoyma mərasimi;
Yolun Zəngəzur dəhlizi ilə birləşməsi rayonun strateji nəqliyyat qovşağına çevriləcəyini göstərir.
Bu səfərlər Cəbrayıl rayonunun inkişaf strategiyasının birbaşa dövlət başçısının nəzarətində olduğunu nümayiş etdirir. Hər bir layihə bərpa, qayıdış və dayanıqlı inkişaf hədəflərinə xidmət edir.
Cəbrayılın azadlığı təkcə torpağın deyil, həm də milli qürurun, tarixi ədalətin bərpasıdır. İşğalın dağıntıları yerini artıq müasir şəhərsalma layihələrinə, kənd bərpasına, yol və enerji infrastrukturlarına verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən planlı və məqsədyönlü siyasət nəticəsində Cəbrayıl bu gün yenidən dirçəlir.
4 Oktyabr – Cəbrayıl şəhəri günü, bu tarixi şəhərin təkcə keçmişinin deyil, həm də parlaq gələcəyinin rəmzidir.

Kənan Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi
Geri dön