Ana Sayfa > Siyasət > Qədim tarixi diyarımız Cəbrayıl yenidən dirçəlir

Qədim tarixi diyarımız Cəbrayıl yenidən dirçəlir


Bu gün, 13:52. Yazar: azer
Qədim tarixi diyarımız Cəbrayıl yenidən dirçəlir

Ermənistan Azərbaycana qarşı ərazi iddiası irəli sürərək rəsmi şəkildə elan etmədən müharibə başlatdı. Bu müharibənin nəticəsində ölkə torpaqlarının beşdə biri işğal altına düşdü. Cəbrayıl rayonu da həmin münaqişədən yan keçmədi, burada da şiddətli döyüşlər getdi. 1993-cü il avqustun 23-də Ermənistan ordusu Cəbrayılı tutdu. İşğalın nəticəsi olaraq rayona 13,928 milyard ABŞ dolları dəyərində maddi ziyan vuruldu. 1050 kvadratkilometrlik ərazini əhatə edən və 52 min nəfər əhalisi olan rayonun 72 məktəbi, 8 xəstəxanası, 132 tarixi abidəsi, 150-dən çox mədəniyyət ocağı və 100-ə yaxın kəndi tamamilə məhv edildi.Ermənistan beynəlxalq hüququ pozaraq müharibəni işğalçılıq siyasəti üzərində qurmuşdu. Onlar yalnız hərbi əməliyyatlar zamanı deyil, həm də işğal etdikləri ərazilərdə qədim mədəniyyət abidələrini məhv edirdilər ki, bu da beynəlxalq qanunlara və bəşəri dəyərlərə zidd idi. Cəbrayıl rayonunda yerləşən bir çox tarixi məkanlar yerlə-yeksan edilmişdi. Bunlara Dağtumas kəndindəki “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə və Mərmərnənə türbələri, Doğtumasdakı “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, qədim Xudafərin körpüləri, Çələbilərdəki məscid kompleksi, Cəbrayıl şəhərindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki dairəvi türbə, Xubyarlı kəndindəki səkkizguşəli türbələr və digər abidələr daxildir.1994-cü ilin yanvarında keçirilmiş Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi azad edildi. Strateji yüksəkliklər ələ keçirildikdən sonra burada həyat yenidən bərpa olundu və bu, Böyük Qayıdış prosesinin başlanğıcı oldu. 2016-cı ilin aprel döyüşləri isə Lələtəpə yüksəkliyinin azad edilməsi ilə yadda qaldı.44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu ardıcıl uğurlarla Böyük Qələbəyə yaxınlaşırdı. Düşmən Cəbrayıl torpaqlarında möhkəm müdafiə xətti qurmuşdu, lakin qəhrəman əsgərlərimiz bu istehkamları yararaq rayonu azad etdilər. Bu əməliyyat Ordumuzun sonrakı döyüşlərinə geniş imkan açdı. Cəbrayılın işğaldan azad olunmasından sonra Ordumuz Xocavəndin cənub kəndlərində və Hadrut qəsəbəsi istiqamətində uğurlu əməliyyatlar keçirdi. Ardınca Zəngilan, Qubadlı və Laçının cənub hissəsi işğaldan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçdi.2020-ci ilin 27 sentyabrında Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabrda Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabrda isə Cəbrayıl şəhəri ilə yanaşı daha doqquz kənd – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri işğaldan azad edildi. Nəticədə Cəbrayıl şəhəri və ümumilikdə 90 kənd düşməndən təmizləndi.2023-cü il 31 iyul tarixli Prezident Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günləri təsis olundu. Həmin sərəncama əsasən, 4 oktyabr Cəbrayıl şəhərinin günü kimi müəyyənləşdirildi. Bundan başqa, 2021-ci il 4 oktyabr tarixli Fərmana əsasən, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradıldı. 200 hektarlıq ərazini əhatə edən bu parkda logistika və ticarət mərkəzləri, anbarlar, TIR dayanacağı, gömrük məntəqələri, yanacaqdoldurma və təmir xidmətləri nəzərdə tutulur. Hazırda layihənin 140 milyon manatlıq investisiya portfeli var və burada 18 rezident, 4 qeyri-rezident sahibkar fəaliyyət göstərir.Böyük Qayıdış Proqramına uyğun olaraq, 2024-cü ilin 26 sentyabrında Qaradağ rayonundan Cəbrayıla ilk köç karvanı yola salındı. Bu günə qədər rayona 659 ailə yerləşdirilib.Cənab Prezident İlham Əliyev Cəbrayıl rayonuna on dəfəyə yaxın səfər edib. Bu səfərlər çərçivəsində “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu”nun servis mərkəzinin açılışı, Sənaye Parkının, xəstəxananın və digər mühüm obyektlərin təməlqoyma mərasimləri, həmçinin “Azərişıq” ASC-nin rəqəmsal idarəetmə mərkəzinin açılışı həyata keçirilib.Hazırda Cəbrayılda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. 4 oktyabr Cəbrayıl şəhəri günü olmaqla yanaşı, bu qədim torpağın yenidən çiçəklənməsi istiqamətində görülən işlərin və gələcək məqsədlərin rəmzi kimi də xüsusi əhəmiyyət daşıyır.

Rövşən Qasımov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi.

Geri dön