Ana Sayfa > Manşet / Siyasət > Tamam Cəfərova: “Heydər Əliyev siyasəti Azərbaycanı qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə aparan yolda əldə olunan möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir”
Tamam Cəfərova: “Heydər Əliyev siyasəti Azərbaycanı qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə aparan yolda əldə olunan möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir”Bu gün, 12:05. Yazar: azer |
![]() Müasir Azərbaycan dövlətinin bütün nailiyyət və qələbələri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Müdrik dövlət xadiminin 3 oktyabr 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra görülən işlər ölkəmizin əsl müstəqilliyini və davamlı yüksəlişini təmin etdi. Prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndərimiz Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb. Andına və xalqına sadiq qalmış Ulu Öndər andiçmə mərasimindəki nitqində bu barədə deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”. Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib. Millət vəkili qeyd edib ki, XX əsrin sonlarında ölkəmizin müstəqilliyinin qorunması, dövlətin siyasi, hüquqi və iqtisadi əsaslarının möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin gücləndirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmişdir. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini formal olaraq bərpa etsə də, ölkədə siyasi sabitlik, iqtisadi inkişaf və təhlükəsizlik təmin olunmamışdı. Son dərəcə ağır tarixi şəraitdə Heydər Əliyevin siyasi iradəsi və uzaqgörən siyasəti hadisələrin düzgün məcrada inkişafı üçün həlledici amilə çevrildi. Belə ki, daxili siyasi qarşıdurmalar, Ermənistanın təcavüzü, iqtisadi böhran, dövlətçiliyin zəif institusional bazası respublikanı dünya xəritəsindən silinmə təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə mürəkkəb bir şəraitdə 1993-cü ilin iyun ayında xalqın tələbi ilə Heydər Əliyev Naxçıvandan Bakıya gələrək hakimiyyətə qayıtdı və dövlət quruculuğu prosesinə milli lider kimi rəhbərlik etməyə başladı. 1993-cü il oktyabrın 3-də xalqın böyük etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin ən böyük xidmətlərindən biri siyasi sabitliyin bərpası oldu. “Müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir. Biz müstəqilliyimizi əbədi, dönməz və sarsılmaz etməliyik”, həqiqətini ortaya qoyan Ulu Öndər dövlət çevrilişi cəhdlərini aradan qaldırdı, ölkədə vətəndaş qarşıdurmalarına son qoydu. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir, deyən millət vəkili Tamam Cəfərova bildirib ki, Ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Heydər Əliyev siyasi kursu bütün istiqamətlərdə Azərbaycanın inkişaf etdirilməsi prinsipinə söykənir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır”, deyən Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirmişdir. Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkə iqtisadiyyatında tənəzzül prosesinin qarşısı alınıb, büdcə, vergi və pul-kredit siyasətində tarazlıq əldə olunub, inflyasiyanın səviyyəsi minimal həddə endirilib. Ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması, vaxtilə çoxlarının əfsanə hesab etdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinin reallaşdırılması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verib. Ulu Öndərimizin 1969-cu ildən başladığı quruculuq xəttini 1993-cü ildən sonra davam etdirməsi hərtərəfli inkişaf edən, müasir, demokratik, regionda lider ölkəyə çevrilən Azərbaycan dövlətinin yaradılmasına səbəb olub. Deputat bildirib ki, Heydər Əliyev siyasəti Azərbaycanı qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə aparan yol kimi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Ulu Öndər fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın inkişafına, milli həmrəyliyin təmin olunmasına, gücləndirilməsinə, dövlət maraqlarının qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən misilsiz işlər görüb, böyük tarixi nailiyyətlərə imza atıb. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ümumxalq məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. İllər bir-birini əvəz etdikcə Heydər Əliyev dühasının, onun gələcəyə ünvanlanmış işıqlı ideyalarının, dövlət quruculuğu və idarəetmə məharətinin əzəməti daha aydın görünür. Bu gün dünyanın siyasət aləmində Heydər Əliyev fenomeni öyrənilir və böyük siyasi məktəb kimi qəbul edilir. Xalqımızın müdrik oğlu dövlət müstəqilliyimizin, azərbaycançılıq məfkurəsinin banisi, ölkəmizi tənəzzül və vətəndaş müharibəsi təhlükəsindən azad edən böyük xilaskar, ölkəmizi beynəlxalq aləmdə ali nüfuz məqamına yetirən dahi şəxsiyyət kimi əbədiyaşarlıq qazanıb. Heydər Əliyevin dövlətçilik irsi həm də Azərbaycan cəmiyyətinin vahidliyinin təmin olunmasını özündə ehtiva edir. Bu baxımdan Ulu Öndərin əsasını qoyduğu siyasi xəttin davam etdirilməsi zamanın tələbidir. Ötən illər ərzində keçirilən bütün seçkilər də bir daha təsdiqlədi ki, Azərbaycan xalqı Ümummilli Liderin siyasi kursuna sadiqdir və bu kursun dövlətçiliyin təhlükəsiz, sabit inkişafına imkan verən yeganə strateji seçim olduğunu tam mənada dərk edir. Prezident İlham Əliyev böyük uzaqgörənliklə Ulu Öndərin yolunu daim davam etdirəcəyini bildirərək deyib: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir... Bütün bunları etmək üçün Azərbaycanda çox iş görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir”. Bu gün müstəqil Azərbaycan dövləti regionun aparıcı güclərindən birinə çevrilmişsə, bu, məhz Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində mümkün olmuşdur. Müasir Azərbaycan dövlətçiliyində Heydər Əliyev irsi indi Prezident İlham Əliyevin simasında yeni reallıqlara və çağırışlara uyğun olaraq daha böyük uğurla davam etdirilməkdədir. Xalqın dərin etimadına arxalanaraq və qalib ordumuzun yenilməz qüdrətinə güvənərək Qarabağ məsələsinin ədalətli həllinə nail olmaqla Azərbaycan dünyasına bənzərsiz tarixi Zəfər ruhunu bəxş etmiş Müzəffər Ali Baş Komandanımızın həyata keçirdiyi siyasi xətt də bu kursun məntiqi davamıdır. Beləliklə, Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı, İlham Əliyev isə onun qurduğu möhkəm təməl üzərində dövlətimizi XXI əsrin regional güc mərkəzinə çevirən liderdir. Danılmaz həqiqətdir ki, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin tarixində mühüm və əlamətdar hadisədir. Məhz bu tarixdən sonra müstəqil dövlətçiliyimizin qorunması, ölkəmizin sürətli inkişafı, xalqın rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər davamlı xarakter alıb, respublikamız yerləşdiyi regionda və dünyada söz sahibinə çevrilib. Bu gün əldə etdiyimiz bütün nailiyyətlərin əsası da məhz 1993-cü il oktyabr 3-dən qoyulub. Fəxrlə deyə bilərik ki, bügünkü suveren Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Geri dön |