Ana Sayfa > Manşet / Siyasət > Novruzəli Aslanov: “Zəngəzur dəhlizi üzərində yerləşən Cəbrayıl yaxın gələcəkdə regionun mühüm iqtisadi qovşağına çevriləcək”

Novruzəli Aslanov: “Zəngəzur dəhlizi üzərində yerləşən Cəbrayıl yaxın gələcəkdə regionun mühüm iqtisadi qovşağına çevriləcək”


Bu gün, 11:10. Yazar: azer
Novruzəli Aslanov: “Zəngəzur dəhlizi üzərində yerləşən Cəbrayıl yaxın gələcəkdə regionun mühüm iqtisadi qovşağına çevriləcək”

“Vətən müharibəsinin hər günü tarixi hadisələrlə, parlaq qələbələrlə zəngin idi. Amma elə məqamlar da var ki, onların dəyəri bütöv bir dövrün mahiyyətini əks etdirir. 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin azad olunması məhz belə mühüm dönüş nöqtələrindən biri idi. Bu qələbə həm hərbi-strateji baxımdan, həm də milli-mənəvi aspektdən xüsusi önəm daşıyır.”

Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən deputat bildirib ki, Cəbrayılın işğal illəri Azərbaycan xalqı üçün ağrılı xatirələrlə yadda qaldı: “1993-cü ildə rayonda bütün infrastruktur dağıdıldı, yaşayış məntəqələri yerlə-yeksan edildi. Minlərlə ailə öz evindən didərgin düşdü. Bu, təkcə ərazi itkisi deyildi, həm də tarixi ədalətsizlik idi. Amma Azərbaycan xalqı heç vaxt ümidini itirmədi. Dövlətçilik möhkəmləndikcə, ordu quruculuğu gücləndikcə hamı inanırdı ki, bir gün bu torpaqlara qayıdış baş verəcək. Vətən müharibəsinin artıq ilkin ilkin fazasında Cəbrayılın azad olunması Azərbaycan Ordusunun gücünü və iradəsini ortaya qoydu. Bu qələbədən sonra döyüşlərin coğrafiyası genişləndi, yeni istiqamətlərdə əməliyyatlar uğurla davam etdirildi. Ən əsası, xalqın mənəvi ruhu yüksəldi, hər kəs artıq Zəfərin yaxın olduğunu hiss etdi. Həmin gün cənab Prezident İlham Əliyevin xalqa müraciətində “Cəbrayıl azaddır!” sözləri Azərbaycan tarixinə əbədi yazıldı.”

Millət vəkilinin fikrincə, bu gün Cəbrayıl təkcə işğaldan azad olunmuş rayon deyil, həm də ölkənin iqtisadi gələcəyinin mühüm ünvanlarından biridir: “Azad edilən torpaqlarda ən böyük layihələrdən biri məhz Cəbrayılda – Araz Vadisi İqtisadi Zonasında həyata keçirilir. Burada sənaye parkları, logistika mərkəzləri, kənd təsərrüfatı sahələri yaradılır. Zəngəzur dəhlizi üzərində yerləşən Cəbrayıl yaxın gələcəkdə regionun mühüm iqtisadi qovşağına çevriləcək. Bu, təkcə Cəbrayıl sakinləri üçün deyil, bütün Azərbaycan üçün yeni imkanlar deməkdir. Qeyd olunmalıdır ki, azad olunduqdan sonra Cəbrayıla ilk köç karvanının yola salınması Böyük Qayıdış proqramının real nəticəsidir. İnsanların doğma torpaqlarına dönüşü həm ədalətin bərpası, həm də milli qürurun təntənəsidir. Yeni tikilən evlər, məktəblər, səhiyyə ocaqları, müasir yollar Cəbrayılı qısa zamanda tamamilə yeni simada görməyimizə imkan verəcək. Bu, Azərbaycanın gücünü və dövlətin vətəndaşına qayğısını bir daha sübut edir.”

Sonda Novruzəli Aslanov xüsusi olara vurğulayıb ki, 4 oktyabrın rəsmi şəkildə Cəbrayıl şəhəri günü elan olunması bu qələbənin gələcək nəsillər üçün də əhəmiyyətini möhkəmləndirir: “Bu gün biz yalnız bir şəhərin azadlığa qovuşmasını qeyd etmirik. Bu tarix Azərbaycan xalqının sarsılmaz iradəsinin, cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyinin və Ordumuzun qəhrəmanlığının simvoluna çevrilib. Cəbrayıl Azərbaycanın gələcəyinə açılan qapıdır və bu qapıdan keçən yol bizi getdikcə daha güclü, daha inkişaf etmiş dövlət olmağa doğru aparır.”
Geri dön