Ana Sayfa > Manşet / Siyasət / Özəl > Deputat Eldar Quliyevə qarşı səsləndirilən növbəti qərəzli iddialar da öz təsdiqini tapmadı
Deputat Eldar Quliyevə qarşı səsləndirilən növbəti qərəzli iddialar da öz təsdiqini tapmadıDünən, 19:30. Yazar: azer |
![]() Bu gün ölkənin internet resurslarında dərc olunmuş materialların birində Azərbaycanda istintaqa cəlb olunan “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov tərəfindən 2022-ci ildə Türkmənistanın o zamankı prezidenti Qurbanqulu Berdiməhəmmədovun da təltif edildiyi məlumat yayımlanıb. Etiraf edək ki, xəbərin özü bizim üçün elə də böyük maraq kəsb etmir. Lakin materialda həmçinin qeyd olunmuşdu ki, həmin vaxt Eldar İsmayılovla birlikdə eyni tədbirdə Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev də iştirak edib. Təbii ki, belə bir qalmaqallı hadisədə millət vəkilinin adının hallanması qətiyyən xoşagələn hal deyil. Buna görə də məsələyə aydınlıq gətirmək üçün birbaşa Eldar Quliyevlə telefon əlaqəsi yaradıb və məsələyə aydınlıq gətirməsini ondan xahiş edib. Eldar müəllimin saytımıza verdiyi açıqlamanı olduğu kimi təqdim edirik: “Məsələ ilə bağlı ilk növbədə bunu deməliyəm ki, 2022-ci ildə mən həqiqətən Türkmənistanda olmuşam. Lakin bu səfərdə mənimlə birlikdə olan şəxslərin arasında Eldar İsmayılov olmayıb. O zaman mənimlə birlikdə Türkmənistana Milli Məclisin daha bir deputatı, eyni zamanda Respublika Ağsaqqallar Şurasının sədrinin müavini Eldar İbrahimov, mənim digər müavinim Vahid Novruzov və o dövrdə Türkmənistanın Azərbaycandakı səfiri getmişdilər. Xatırlayıram ki, həmin vaxt Türkmənistana birbaşa reys olmaığı üçün biz ilk öncə qardaş Türkiyəyə və artıq ordan Türkmənistana uçmuşduq. Səfərimiz Ağsaqqallar Şurasının xətti ilə, tam rəsmi qaydada təşkil olunmuşdu. Biz o dövrdə Türkmənistanın prezidenti olmuş və eyni zamanda da bu ölkənin Ağsaqqallar Şurasına sədrlik edən Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə, orada keçirilən Mərkəzi Asiya ölkələri parlament rəhbərlərinin sammitində qonaq qismində iştirak etmək üçün Türkmənistana yollanmışdıq. Qeyd edim ki, həmin toplantıda Rusiya Dövlət Dumasının rəhbəri də iştirak edirdi. Bəli, mən həmin tədbirdə çıxış da eləmişəm, Azərbaycan və Türkmən xalqlarının tarixi dostluq əlaqələrindən bəhs etmişəm və Türk dünyasının daha sıx birləşməsinin vacibliyini vurğulamışam. Həmçinin mən tədbirin gedişində Azərbaycan Ağsaqqallar Şurası adından Qurbanqulu Berdiməhəmmədova “Fəxri Ağsaqqal” döş nişanını təqdim etmişəm. Eldar İsmayılovu isə mən yalnız həmin tədbirdə gördüm və onun etdiyi təltiflə nə şəxsən mənim, nə də Respublika Ağsaqqallar Şurasının heç bir əlaqəmiz yoxdur. Bunu da deyim ki, tədbirin rəsmi hissəsindən sonra qonaqlar üçün təşkil olunmuş ziyafətdə də mən Eldar İsmayılovu görmədim. Tədbir bitəndən sonra da bizi, yəni Azərbaycandan gələn nümayəndə heyətini xüsusi ayrılmış avtomobillə hava limanına gətirdilər və burdan biz artıq vətənə qayıtdıq. Əlbəttə ki, bu zaman da Eldar İsmayılov yanımızda deyildi və mənim ondan ümumiyyətlə xəbərim yox idi. Bütün bunları təfsilatı ilə ona görə danışıram ki, sözügedən məqalədə müəllifin məni az qala Eldar İsmayılovla birgə hərəkət edən şəxs kimi təqdim etməsinin qətiyyən həqiqətə uyğun olmadığını hər kəs bilsin. Əminəm ki, bütün bu yazılanlar kiminsə mənə qarşı qərəzli münasibətinin növbəti təzahürüdür.” Amma bizim Eldar müəllimlə söhbətimiz bununla da bitmədi. Məlum oldu ki, Eldar Quliyev bu il də Qurbanqulu Berdiməhəmmədovla görüşüb. Bu görüş isə artıq Qurbanqulu Berdiməhəmmədovun cari ilin iyul ayında Azərbaycana səfəri zamanı baş tutub. Bu barədə əməkdaşımıza danışan Eldar Quliyev deyib: “Bilirsiniz ki, bu ilin iyul ayında Qurbanqulu Berdiməhəmmədov artıq Türkmənistan Xalq Məsləhətinin sədri kimi, Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində onun Milli Məclisin sədri Sahibə xanım Qafarova ilə görüşü olub və həmin görüşdə mən də iştirak etmişəm. Həmçinin Qurbanqulu Berdiməhəmmədov səfər zamanı Qafqaz müsəlmanlarının Şeyxülislamı Allahşükür Paşazadə ilə görüşüb və mən bu görüşə də dəvət olunmuşdum. Bunu da deyim ki, biz Azərbaycan Ağsaqqallar Şurasının 2020-2024-cü illər ərzindəki fəaliyyətindən bəhs edən bir kitab dərc etmişik. Həmin kitabda Türkmənistan Ağsaqqallar Şurasının sədri kimi Qurbanqulu Berdiməhəmmədovun da fəaliyyətində müəyyən qədər yer ayrılıb. Buna görə də mən görüşlərimizdən birində həmin kitabın bir nüsxəsini ona hədiyyə etdim.” Beləliklə, Eldar Quliyev hər zaman olduğu kimi, bu məsələdə də mətbuata daim açıq olduğunu bir daha təsdiqlədi və özünə ünvanlanan sualları tam təfərrüatı ilə cavablandırdı. Bizim gəldiyimiz qənaət də bu oldu ki, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyevə qarşı səsləndirilən fikirlər tamamilə əsassızdır və qərəzli xarakter daşıyır. Azər Məmmədov aia.az Geri dön |