Ana Sayfa > Siyasət > Azərbaycançılıq ideologiyası
Azərbaycançılıq ideologiyasıBu gün, 16:36. Yazar: azer |
![]() Azərbaycançılıq ideologiyası ümummilli dəyərlərimizi, milli kimliyimizi və dövlətçilik prinsiplərimizi birləşdirən əsas ideoloji xəttdir. Bu ideologiya Azərbaycan xalqının tarixi, dili, dini, mədəniyyəti və vətənə bağlılığını özündə ehtiva edir. Azərbaycançılıq təkcə bir ideya deyil, həm də xalqımızın birliyini, bütövlüyünü və gələcəyə inamını təmin edən mənəvi dayaqlardan biridir. Azərbaycançılıq ideologiyasının əsas mahiyyəti ondan ibarətdir ki, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz xalqına, dilinə, dövlətinə və milli dəyərlərinə sadiq olmalı, onun inkişafı və güclənməsi üçün çalışmalıdır. Bu ideya xalqı bir amal ətrafında birləşdirir və milli həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir. Ümummilli Lider Heydər Əliyev Azərbaycançılıq ideologiyasını müasir dövrə uyğun şəkildə formalaşdıraraq dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. O, dəfələrlə qeyd edirdi ki, “Azərbaycançılıq bizim milli ideologiyamızdır” və bu ideologiya əsasında xalqın həmrəyliyini təmin etmək mümkündür. Heydər Əliyev həm ölkə daxilində, həm də xaricdə yaşayan azərbaycanlıların milli kimliyini qorumağı, bir-birilə əlaqələrini möhkəmləndirməyi vacib sayırdı. Azərbaycançılıq ideologiyasının əsas prinsiplərinə milli-mənəvi dəyərlərə hörmət, dövlətçilik ənənələrinə sadiqlik, azərbaycan dilinin qorunması və inkişafı, vətənə sevgi və xalqa xidmət daxildir. Bu ideologiya həm də tolerantlıq, multikulturalizm və digər xalqlara hörmət kimi dəyərləri də özündə əks etdirir. Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələrinin sülh şəraitində yaşaması da məhz Azərbaycançılıq ideologiyasının uğurunun göstəricisidir. Bu gün Prezident İlham Əliyev də bu ideologiyanı uğurla davam etdirir. Onun rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə güclü mövqeyə malik, sabit, tolerant və sürətlə inkişaf edən dövlətə çevrilmişdir. Azərbaycançılıq ideologiyası bu gün təkcə siyasi kursun deyil, həm də milli birliyin və inkişafın əsas ideoloji təməli kimi çıxış edir. Azərbaycançılıq ideologiyası bu gün də öz aktuallığını qoruyur və gələcək nəsillərin vətənə bağlı, milli ruhda tərbiyə olunmasında mühüm rol oynayır. Bu ideologiya xalqımızın keçmişindən güc alaraq, müasir dövrə uyğun şəkildə inkişaf edir və Azərbaycan dövlətçiliyinin ideoloji sütunu olaraq qalır. Təbriz Nəsibli Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının fəal üzvü Geri dön |