Ana Sayfa > Siyasət > 4 oktyabr ilk azad edilən şəhər Cəbrayılın azadlığının təntənə günüdür
4 oktyabr ilk azad edilən şəhər Cəbrayılın azadlığının təntənə günüdürBu gün, 13:36. Yazar: azer |
![]() Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qüdrətli Orudumuzun Vətən müharibəsindəki qələbəsi bizə tarixi Zəfər yaşatmaqla yanaşı, hər zaman qürur və fərəh hissi ilə qeyd edəcəyimiz yeni tarixlər də qazandırdı. Artıq xalqımız doğma torpaqlarımızın işğal günlərini hüzün ilə yad etmək əvəzinə, bu cənnət guşələrin işğaldan azad olunduğu şanlı tarixləri böyük fəxrlə qeyd edir, təhsil ocaqlarında şagirdlərə bu əlamətdar tarixlər öyrədilir. Cənab Prezident İlham Əliyevin tarixi qələbəni və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə 2023 – cü ilin ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə imzaladığı Sərəncam bu istiqamətdə görülən işlərin təməl daşı oldu. Belə şanlı tarixlərdə biri də 4 oktyabr – Cəbrayıl rayonunun Ermənistanın işğalından azad olunduğu gündür. Kiçik Qafqaz dağlarının cənub – şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşən, ümumi sahəsi 1050 kvadrat kilometr olan Cəbrayıl 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarətdir. Rayonun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. 23 avqust 1993-cü ildə Ermənistan separatçı qüvvələrinin işğalı altına düşən Cəbrayıl rayonuna 13.928 milyard ABŞ dolları məbləğində iqtisadi və infrastruktural zərər dəymiş, 72 məktəb, 8 xəstəxana və 132 tarixi abidə dağıdılmışdır. I Qarabağ müharibəsi zamanı Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olmuş, 6 nəfər rayon sakini isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Tarixi abidələrin dağıdılması və əhalinin köçkün düşməsi ilə yanaşı, erməni işğalçıları tərəfindən törədilən vandalizm aktları Cəbrayılın mədəni və tarixi irsinə də ciddi şəkildə zərər vurmuşdur. Xüsusilə , Dağtumas kəndi yaxınlığında yerləşən “Divlar Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri tamamilə məhv edilmişdir. Bölgədəki məscidlər və hamamlar da dağıdılaraq, erməni vandalizminin qurbanı olmuşdur. Bu hərəkətləri ilə ermənilər Cəbrayılın tarixi irsinə zərər verməklə yanaşı, bölgənin azərbaycanlı kimliyini silmək məqsədi daşıyırdılar. 2020-ci ilin noyabr ayının 26 –da Prezident İlham Əliyevin Sərəncamı ilə "Cəbrayılın azad olunmasına görə" medalı təsis edildi və bu medal Cəbrayılın azad edilməsində xüsusi igidlik və şücaət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 20 mindən çox hərbi qulluqçusuna təqdim edildi. Bu, Azərbaycan xalqının öz qəhrəmanlarına və torpaqlarını azad edən igidlərə verdiyi yüksək dəyərin ifadəsi idi. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılması işğalın sona çatmasının bir daha təntənəli şəkildə qeyd olunması demək idi. Qədim tarixə malik olan Xudafərin körpüsü, eyni zamanda Azərbaycanın müstəqillik və ərazi bütövlüyünün simvoluna çevrildi. Azad edilmiş bütün ərazilərdə, eləcə də Cəbrayıl şəhərində inzibati və ictimai binalar, məktəblər, tibb ocaqları yaradılır, tam yeni infrastruktur qurulur. Küçələr, parklar, xiyabanlar salınır, qələbə abidələri ucaldılır. Prezident İlham Əliyevin ötən 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Zəfər yolunun başlanğıcı, ilk azad edilən şəhər kimi oktyabrın 4-ü Cəbrayılın azadlığının təntənə günüdür. Cəbrayıllılar və bütün Azərbaycan xalqı bu günü böyük təmtəraqla qeyd edirlər. Sevindirici haldır ki, artıq azad Cəbrayıla keçmiş məcburi köçkünlərin qayıdışı başlanıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxəlif ərazilərindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış Cəbrayıllıların qayıdışı davam edir. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, “Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü Geri dön |