Ana Sayfa > Manşet / Siyasət / Parlament > Milli Məclisin sədri İspaniya Krallığı Deputatlar Konqresinin sədri ilə görüşüb

Milli Məclisin sədri İspaniya Krallığı Deputatlar Konqresinin sədri ilə görüşüb


Bu gün, 12:14. Yazar: azer
Milli Məclisin sədri İspaniya Krallığı Deputatlar Konqresinin sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Keyptaun şəhərində “Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti çərçivəsində İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol ilə görüşüb.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin sədri özünün bu ilin mayında İspaniyaya ilk rəsmi səfərini və Deputatlar Konqresinin sədri ilə görüşünü xatırlayaraq, qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı imkanlar yaratdığını, bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin inkişafına töhfəsini qeyd edib.

Söhbət zamanı qanunvericilik orqanlarımız arasında münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin parlament nümayəndə heyətləri arasında təmasların əlaqələrimizə müsbət töhfə verə biləcəyi qeyd edilib.
Spiker Sahibə Qafarova regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında sülh prosesi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verib. Deputatlar Konqresinin sədri Fransina Armenqol Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması münasibətilə təbrik edərək, İspaniyanın regionda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində atılan addımları dəstəklədiyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Geri dön