Ana Sayfa > Manşet / Siyasət / Özəl > Azər Kərimli: “Cəbrayıl əməliyyatı Vətən müharibəsinin ən ağır, lakin ən şərəfli səhifələrindən biri idi”
Azər Kərimli: “Cəbrayıl əməliyyatı Vətən müharibəsinin ən ağır, lakin ən şərəfli səhifələrindən biri idi”Bu gün, 11:17. Yazar: azer |
![]() “Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı və tarixi Qələbə ilə başa çatdırdığı 44 günlük Vətən müharibəsi xalqımızın ən böyük qəhrəmanlıq dastanı oldu. Hərbi əməliyyatların gedişində hər bir yaşayış məntəqəsinin işğaldan azad edilməsi ümumi zəfərin parlaq səhifəsini təşkil edirdi. Lakin bu qələbələr arasında 4 oktyabr xüsusi önəmə malikdir. Həmin gün Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhərinin işğaldan azad edildiyini bəyan etdi. Müharibənin ilk həftəsində rayon mərkəzinin azad olunması dünya hərb tarixində nadir hadisələrdən idi və müharibənin sonrakı gedişinə mühüm təsir göstərdi. Cəbrayıl əməliyyatı sayəsində ordumuz Zəngilan, Qubadlı, Laçın və Hadrut istiqamətində manevrlər üçün geniş imkanlar əldə etdi. Elə buna görə də cənab Prezident İlham Əliyev 2021-ci ildə Cəbrayılda çıxışı zamanı bu günün tariximizdə əbədi qalacağını vurğuladı.” Bunu aia.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib. Millət vəkili daha sonra bildirib ki, Cəbrayılın işğal illərini və azadlıq yolunu xatırlamaq son dərəcə vacibdir: “1993-cü il avqustun 23-də Cəbrayıl işğal olundu, əhali öz tarixi yaşayış yerlərindən didərgin düşdü, kəndlər, tarixi abidələr, mədəniyyət ocaqları dağıdıldı. Lakin xalqımız ümidini itirmədi. 1994-cü ildə Horadiz əməliyyatı ilə Cocuq Mərcanlı azad olundu, 2016-cı ildə Lələtəpə yüksəkliyi düşməndən təmizləndi. Bu uğurlar sonrakı böyük qələbənin bünövrəsini qoydu və Böyük Qayıdışa yol açdı. 2020-ci il oktyabrın 4-də isə Cəbrayıl şəhəri və 9 kənd işğaldan azad edildi. Xudafərin körpüsündə dalğalanan üçrəngli bayraq xalqımızın tarixi yaddaşına həkk olundu. Cəbrayıl əməliyyatı müharibənin ən ağır, lakin ən şərəfli səhifələrindən biri idi. Bu döyüşlərdə göstərilən qəhrəmanlığa görə minlərlə hərbçimiz “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olundu.” Sonda deputat bunu da deyib ki, 4 oktyabr artıq yalnız Cəbrayılın azad olunması günü deyil, həm də bölgənin gələcək inkişaf yolunun başlanğıcıdır: “Cənab Prezident İlham Əliyevin sərəncamı ilə bu tarix Cəbrayıl şəhəri günü kimi təsis olunub. Bu gün artıq rayonun baş planları təsdiqlənib, yollar, enerji infrastrukturu qurulur, sənaye parkı fəaliyyətə başlayıb. İlk köç karvanı Cəbrayıl şəhərinə iki il öncə yola salınıb. Yaxın illərdə yüzlərlə ailə doğma yurduna dönəcək. Bu, sadəcə bərpa deyil, həm də yeni inkişaf mərhələsinin başlanğıcıdır. 4 oktyabr həm işğalın acı xatirəsini, həm də azadlığın sevincini və quruculuğun təntənəsini birləşdirən gün kimi əbədi tarixdə qalacaq. Cəbrayılın timsalında xalqımızın iradəsi, əsgərlərimizin qəhrəmanlığı və dövlətimizin gücü bütün dünyaya nümayiş etdirildi” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb. Geri dön |