Ana Sayfa > Gündəm > Səyyar "ASAN xidmət" bölgələrdə
Səyyar "ASAN xidmət" bölgələrdə20-02-2017, 11:07. Yazar: admin |
Səyyar "ASAN xidmət” fevralın 18-dən martın 18-dək Lənkəran, Şəki, Şəmkir və Şirvan şəhərlərində, fevralın 20-dən martın 3 -dək Tovuz şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib. Bundan başqa, Səyyar "ASAN xidmət” avtobusları fevralın 1-dən 20-dək Abşeron rayonunun Ceyranbatan qəsəbəsində, fevralın 1-dən martın 1-dək Mingəçevir və Quba şəhərlərində, fevralın 13-dən 22-dək Suraxanı rayonunun Zığ qəsəbəsində vətəndaşların xidmətində olacaq. Səyyar şəkildə göstərilən xidmətləri Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir. Qeyd edək ki, Səyyar "ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır. AİA.az Geri dön |