Ana Sayfa > Siyasət > Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında mühüm mesajları
Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında mühüm mesajlarıBu gün, 15:55. Yazar: azer |
![]() 2025-ci il sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək, Ermənistanın illər boyu həyata keçirdiyi işğal və etnik təmizləmə siyasətinin nəticələrindən, Azərbaycanın ədalətli mübarizəsindən və sülh təşəbbüslərindən danışdı. Prezidentin nitqi beynəlxalq ictimaiyyətə həm keçmişin dərslərini xatırlatdı, həm də gələcəyə yönəlmiş strateji baxışı ortaya qoydu. Prezident Əliyev çıxışının əvvəlində Ermənistanın 30 ilə yaxın həyata keçirdiyi işğal və etnik təmizləmə siyasətinin nəticələrinə toxundu. Azərbaycanın ərazisinin təxminən 20 faizinin işğal altında qaldığını və bu müddətdə 1 milyondan çox azərbaycanlının doğma yurd-yuvalarından didərgin salındığını vurğuladı. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icra edilməməsini və Ermənistanın cəzasız qalmasını beynəlxalq hüququn pozulması kimi qiymətləndirdi. 1992-ci ildə təsis edilmiş ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi fonunda Azərbaycan 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq, özünü müdafiə hüququndan istifadə etməyə məcbur oldu. 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Prezident çıxışında Azərbaycanın müharibəni beynəlxalq humanitar hüquqa uyğun apardığını, mülki infrastruktur və əhaliyə qarşı qəsdən hücum etmədiyini xüsusi qeyd etdi. 2020-ci ilin 10 noyabrında Ermənistanın kapitulyasiyası ilə nəticələnən müharibədən dərhal sonra Azərbaycan sülhə hazır olduğunu bildirdi. Beynəlxalq hüquqa əsaslanan beş prinsip əsasında sülh təklifi irəli sürüldü və 2022-ci ildən başlayan ikitərəfli danışıqlar uğurla nəticələndi. 2025-ci ilin avqustunda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni paraflandı və Birgə Bəyanat imzalandı. ATƏT-in Minsk qrupunun bağlanması isə regionda artıq yeni reallıqların qəbul edildiyini sübut etdi. Prezident Əliyev çıxışında Zəngəzur dəhlizi əsasında yaradılan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) regional bağlantılar və dayanıqlı sülh üçün əhəmiyyətini qeyd etdi. Bu layihə regionda nəqliyyat, ticarət və diplomatik əlaqələrin inkişafı üçün yeni imkanlar yaradır. Vaşinqton Sammiti çərçivəsində Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün razılıq əldə olunub. Prezident Əliyev Prezident Trampın 1992-ci ildə qəbul olunmuş və Azərbaycana qarşı ədalətsiz sanksiyalar tətbiq edən 907-ci düzəlişin icrasını dayandırmasını tarixi qərar kimi dəyərləndirdi. Prezident çıxışında azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinə də diqqət çəkdi. Ermənistanın dağıtdığı yüzlərlə şəhər və kənd, o cümlədən 65 məscid bərpa olunur. Artıq 50 mindən çox keçmiş məcburi köçkün doğma torpaqlarına qayıdaraq yaşayır və fəaliyyət göstərir. Ərazilərin minalanması postmünaqişə dövrünün ən ciddi humanitar problemlərindən biri olaraq qalır. 2020-ci ildən bu yana 400-dən çox azərbaycanlı mina partlayışlarından zərər çəkib. Eyni zamanda Ermənistanın 1990-cı illərdə itkin saldığı 4 minə yaxın azərbaycanlının taleyinə də beynəlxalq diqqət tələb olunur. Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkənin qlobal iqlim gündəmindəki lider mövqeyini təsdiqlədi. “Bakı Maliyyə Hədəfi” çərçivəsində iqlim maliyyəsi üçün illik 300 milyard dollar hədəfi müəyyən edilib. Bu, inkişaf etməkdə olan ölkələr üçün əhəmiyyətli dəstək mexanizmi yaradır. Prezident Əliyev vurğuladı ki, Azərbaycan bərpaolunan enerji mənbələrinə ciddi sərmayə yatırır. 2030-cu ilə qədər elektrik enerjisi istehsalının 40%-i yaşıl mənbələrdən təmin ediləcək. Eyni zamanda, Azərbaycan hazırda 14 ölkəyə qaz ixrac edir və bu sahədə dünya lideridir. Suriyaya qaz tədarükü isə regional enerji əməkdaşlığının yeni nümunəsidir. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan beynəlxalq nəqliyyat qovşağına çevrilir. Orta Dəhlizlə yükdaşımaların 90% artması, Ələt Beynəlxalq Limanı və Bakı–Tbilisi–Qars dəmir yolu ölkənin strateji əhəmiyyətini artırır. Eyni zamanda, “Rəqəmsal İpək Yolu” layihəsi ilə Azərbaycan regional rəqəmsal mərkəzə çevrilmək yolundadır. Azərbaycan yoxsulluq və işsizliyi tarixi minimum həddə – 5%-ə endirib. Xarici borcun ÜDM-ə nisbətinin cəmi 6,5% olması və valyuta ehtiyatlarının borcdan 16 dəfə çox olması ölkənin iqtisadi dayanıqlığını sübut edir. Beynəlxalq reytinq agentliklərinin Azərbaycanın reytinqini yüksəltməsi isə etimadın göstəricisidir. Prezident Əliyev Xəzər dənizinin səviyyəsinin azalmasının ciddi ekoloji təhlükə yaratdığını bildirdi. Bu problemin əsas səbəbi iqlim dəyişikliyi deyil, insan faktorudur. Prezident Xəzəryanı dövlətləri və BMT-ni bu məsələyə qarşı birlikdə tədbir görməyə çağırdı. Azərbaycanın humanitar yardımlara verdiyi töhfələr – COVID-19 pandemiyası dövründə 80-dən çox ölkəyə yardım, fəlakət bölgələrinə dəstək – ölkənin qlobal məsuliyyət daşıyan dövlət olduğunu bir daha sübut edir. Prezident İlham Əliyevin BMT tribunasından verdiyi mesajlar bir daha göstərdi ki, Azərbaycan yalnız hərbi deyil, diplomatik, iqtisadi, humanitar və ekoloji sahələrdə də qlobal liderliyini ortaya qoyur. Bu çıxış, beynəlxalq hüququn və ədalətin gec-tez zəfər çalacağının bariz nümunəsi oldu. “Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq.” Nicat Quliyev Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının məsləhətçisi Geri dön |