Ana Sayfa > Siyasət > Ümummilli lider Heydər Əliyev və Dövlətçiliyin yenidən qurulması

Ümummilli lider Heydər Əliyev və Dövlətçiliyin yenidən qurulması


Bu gün, 15:15. Yazar: azer
Ümummilli lider Heydər Əliyev və Dövlətçiliyin yenidən qurulması

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra tarixi və siyasi bir dönüş nöqtəsinə gəldi. Lakin müstəqilliyin ilk illəri olduqca ağrılı və çətin mərhələ ilə müşayiət olundu. Hakimiyyət böhranı, daxili qarşıdurmalar, Ermənistanın hərbi təcavüzü və iqtisadi çətinliklər xalqın ümidlərini sarsıdırdı. Bu dövrdə dövlətin varlığı belə sual altında idi.1991–1993-cü illərdə Azərbaycan siyasi, iqtisadi və sosial sahədə ciddi böhran yaşadı. Dövlət institutları tam fəaliyyət göstərə bilmirdi. Hakimiyyət uğrunda mübarizə dərinləşmiş, siyasi ixtilaflar ölkəni parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. Qarabağ müharibəsi artıq minlərlə insanın həyatına son qoymuş, yüz minlərlə vətəndaş qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. İctimai əhval-ruhiyyə ağır, gələcək perspektivi qeyri-müəyyən idi.Bu ağır şəraitdə xalqın xilası üçün yeganə yol güclü və təcrübəli liderin hakimiyyətə gəlməsi idi. Heydər Əliyev xalqın çağırışına cavab verdi və Bakıya qayıtdı. 1993-cü ilin iyun böhranı zamanı Heydər Əliyevin hakimiyyətə qayıdışı milli qurtuluşun ilkin şərti oldu. O, xalqın təkidi ilə prezidentlik yoluna qədəm qoydu və ölkəni parçalanmaqdan xilas etmək missiyasını üzərinə götürdü.3 oktyabr 1993-cü ildə Heydər Əliyev Prezident seçildi. Bu hadisə Azərbaycan dövlətçiliyinin tarixində dönüş nöqtəsi oldu. Xalqın etimadını qazanaraq dövlət başçısı seçilən Heydər Əliyev ölkədə sabitliyin bərpasına və hüquqi dövlət quruculuğunun təməl daşlarının qoyulmasına başlayaraq milli qurtuluş yolunu açdı. Onun Prezident seçilməsi yalnız siyasi hadisə deyildi; bu, Azərbaycanın dövlətçiliyini, suverenliyini və gələcək inkişafını qoruyan xilasedici addım idi.Heydər Əliyevin dövlətçilik fəaliyyətinin əsas prinsipi vətənə sədaqətli xidmət idi. O, şəxsi rahatlığını düşünmədən bütün gücünü və biliklərini dövlətin və xalqın xeyrinə sərf etdi. Onun uzaqgörən və qətiyyətli siyasəti nəticəsində ölkədə separatizm meylləri yatırıldı, dövlət institutları formalaşdırıldı, ordu quruculuğu sürətləndi. Xalq artıq dövlət başçısının arxasında güclü iradə, təcrübə və qətiyyət gördü.Heydər Əliyev xalq üçün əsl lider nümunəsi idi. Onun rəhbərliyi ilə ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, siyasi və mənəvi sabitlik bərpa edildi. Dövlətin idarəetmə mexanizmi möhkəmləndi, qanunsuz silahlı dəstələr tərksilah edildi. Dövlət institutları fəaliyyət göstərməyə başladı, cəmiyyətin sosial və hüquqi normaları bərpa edildi.Heydər Əliyevin uzaqgörən siyasəti yalnız daxili sabitliklə məhdudlaşmadı. O, Azərbaycanın iqtisadi müstəqilliyini təmin etməyin vacibliyini yaxşı anlayırdı. Bu baxımdan onun ən mühüm nailiyyətlərindən biri 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” oldu. Bu müqavilə Azərbaycanın iqtisadi inkişafına təkan verdi və ölkənin beynəlxalq nüfuzunu artırdı.
Heydər Əliyevin prezidentliyi dövründə qəbul edilən iqtisadi və siyasi islahatlar Azərbaycanın həm daxili, həm də xarici siyasətdə dayanıqlığını təmin etdi. Dövlət büdcəsi gücləndi, iqtisadiyyat canlandı, sosial layihələr həyata keçirildi. Xalqın rifahı yaxşılaşdı, əmək bazarında və sənaye sahələrində irəliləyiş müşahidə olundu.Onun rəhbərliyi altında Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığa başladı, regionda söz sahibi olan dövlətə çevrildi. Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycan artıq müstəqilliyini qoruyan və iqtisadi cəhətdən dayanıqlı ölkə kimi tanındı. Dövlətçiliyin möhkəmlənməsi üçün yalnız siyasi qətiyyət deyil, həm də iqtisadi güc və xalqla hakimiyyət arasında etimad tələb olunurdu və Heydər Əliyev bunu bacardı.Heydər Əliyev göstərdi ki, dövlətin dayanıqlılığı üçün liderin uzaqgörənliyi, xalqla əlaqəsi və prinsipiallığı vacibdir. Onun Prezidentliyi dövründə qəbul olunan qərarlar və həyata keçirilən islahatlar Azərbaycanı ağır və ağrılı mərhələdən çıxarıb sabit və güclü bir dövlətə çevirdi. Bu, həmçinin gələcək nəsillər üçün etibarlı zəmin yaratdı.3 oktyabr 1993-cü il tarixi Azərbaycan xalqının yaddaşında yalnız bir seçki günü kimi deyil, həm də milli qurtuluşun, dövlətçiliyin və suverenliyin möhkəmləndiyi bir gün kimi qalır. Heydər Əliyevin xalqın etimadı ilə Prezident seçilməsi Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu. Bu seçim dövlətin dirçəlişinə, milli qurtuluşa və iqtisadi-siyasi sabitliyin bərpasına xidmət etdi.Heydər Əliyevin dövlətçilik fəaliyyəti və Azərbaycan üçün gördüyü işlər gələcək nəsillər üçün nümunədir. Onun siyasəti Azərbaycanın beynəlxalq aləmdə tanınmasına, iqtisadi inkişafına və sosial rifahın artmasına zəmin yaratdı. Xalqın etimadı, dövlətin sabitliyi və milli suverenliyin qorunması Heydər Əliyevin fəaliyyəti nəticəsində təmin olundu.Bu gün Azərbaycan dövlətçiliyi və müstəqilliyi Heydər Əliyevin irsini yaşadır. Onun qoyduğu təməl üzərində iqtisadi inkişaf, siyasi sabitlik və milli birlik davam edir. 3 oktyabr 1993-cü il Azərbaycan üçün tarixi bir an, xalqın və dövlətin xilası, milli qurtuluşun simvolu kimi əbədi olaraq xatırlanır.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Geri dön