Ana Sayfa > Ölkə > Məhkəmədən "Pilot Residence" MTK-ya TƏLƏB: Qanunsuz tikililər sökülsün!

Məhkəmədən "Pilot Residence" MTK-ya TƏLƏB: Qanunsuz tikililər sökülsün!


Bu gün, 10:40. Yazar: azer
Məhkəmədən "Pilot Residence" MTK-ya TƏLƏB: Qanunsuz tikililər sökülsün!

Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsində yerləşən "Pilot Residence" yaşayış kompleksində uzun müddətdir davam edən hüquqi mübahisə artıq sona yaxınlaşır. İllərdir ki, sakinlərlə MTK rəhbərliyi arasında davam edən narazılıq Səbail Rayon Məhkəməsində aparılan 9 aylıq araşdırma ilə hüquqi müstəviyə daşınıb. Məhkəmə, dövlət qurumlarının rəylərinə və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəticələrinə əsaslanaraq tikintidə ciddi qanunsuzluqların olduğunu təsbit edib. Nəticədə, MTK-dan həyətə qeyri-qanuni şəkildə inşa olunmuş obyektlərin sökülməsi tələb olunub. Lakin “Pilot Residence” MTK bu qərarla razılaşmayaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdi. 7 ay davam edən araşdırmalardan sonra Apellyasiya Məhkəməsi də əvvəlki qərarı qüvvədə saxladı. Ardınca MTK Ali Məhkəməyə üz tutdu. Ali Məhkəmə, apellyasiya instansiyasının daha ətraflı araşdırma aparması məqsədilə işi geri qaytardı. Bu dəfə Apellyasiya Məhkəməsi yerində baxış keçirdi, sakinlərlə birbaşa görüşdü və nəticə olaraq kompleksin həyətində layihədən kənar inşa olunmuş 4 obyektin, o cümlədən 850 m²-lik ticarət sahəsinin qanunsuz olduğunu təsdiq etdi. Məhkəmə MTK qarşısında həmin tikililərin sökülməsi tələbi qoydu.
Artıq iş yenidən Ali Məhkəməyə göndəriləcək və bu Qərar təsdiqlənərsə, hüquqi qüvvəsinə minəcək. Sakinlər ümid edir ki, artıq bütün hüquqi prosedurların tam şəkildə icra olunduğunu nəzərə alaraq, Ali Məhkəmə də Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayacaq.

Bina sakinləri verilən qərarı sevinclə qarşılayıb və məhkəmə sistemində çalışan ədalətli hakimlərə təşəkkürlərini bildiriblər. Onların sözlərinə görə, bu qərar təkcə bir məhkəmə mübahisəsinin nəticəsi deyil, həm də cəmiyyət üçün verilmiş bir ədalət mesajıdır. Onlar təəsüratlarını saytımıza bölüşüblər:
“Bu xəbəri çoxdan gözləyirdik və bu qərar bizim üçün təkcə hüquqi deyil, mənəvi qələbədir. Apellyasiya Məhkəməsinə obyektiv mövqeyinə görə təşəkkür edirik. İnanırıq ki, Ali Məhkəmə də bu ədalətli yanaşmanı təsdiqləyəcək. Haqq-ədalət heç vaxt üzülməz və sonda mütləq qalib gəlir. Məhkəmənin bu qərarı, ictimaiyyətə bir daha göstərdi ki, haqlı mübarizə nəticə verir və qanun çərçivəsində hüquqlarını tələb edənlər sonda qalib gəlir”.
Geri dön