Ana Sayfa > Karusel / Manşet / Gündəm / Siyasət / Özəl / Seçilənlər-9 > Əziz Ələkbərli: "Bakı və Roma strateji əlaqələrin yeni üfüqlərini açır"

Əziz Ələkbərli: "Bakı və Roma strateji əlaqələrin yeni üfüqlərini açır"


Bu gün, 10:23. Yazar: sevinc1
Əziz Ələkbərli: "Bakı və Roma strateji əlaqələrin yeni üfüqlərini açır"

Millət vəkili, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli Azərbaycan və İtaliya Prezidentlərinin sentyabrın 30-da Bakıda keçirilən görüşü və mətbuata verdikləri bəyanatları aia.az-a müsahibəsində şərh edib.

Əziz Ələkbərli qeyd edib ki, “Cənab Prezident İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın sentyabrın 30-da Bakıda keçirdiyi görüş, iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu bir daha təsdiqlədi. Cənab Prezident İlham Əliyevin bəyanatı bu əlaqələrin dərinliyini, dinamikasını və gələcək perspektivlərini ətraflı şəkildə əks etdirdi.”

Müsahibimiz cənab Prezident İlham Əliyevin İtaliya Prezidenti Mattarellanı Azərbaycanda ikinci dəfə salamlamağın məmnuniyyətini ifadə etməsini bu səfərin Azərbaycan-İtaliya əlaqələrinin uğurlu inkişafının göstəricisi olduğunu vurğulayıb. O, 2015 və 2018-ci illərdə imzalanmış iki Strateji Tərəfdaşlıq sənədinin hüquqi baza yaratdığını bildirib: “Cənab Prezident İlham Əliyev qeyd etdi ki, siyasi əlaqələr ən yüksək səviyyədədir və iqtisadi sahədə İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Bu uğurlu inkişafın əsasını isə liderlər arasındakı qarşılıqlı inam və səmimi münasibətlər təşkil edir.”

Millət vəkili qeyd edib ki, danışıqların əsas ağırlıq mərkəzi energetika sahəsindəki əməkdaşlıq olub. Əziz Ələkbərli bu kontekstdə TAP layihəsinin icrasını xüsusi vurğulayıb: "Cənab Prezident İlham Əliyev TAP (Trans-Adriatik Boru Kəməri) layihəsinin uğurla icra edilməsində Prezident Mattarellanın şəxsi müdaxiləsini xüsusi qeyd etdi və bu dəstəyi yüksək qiymətləndirdi: “O vaxt TAP layihəsinin icrası məsələsi gündəlikdə idi. Müxtəlif problemli məqamlar mövcud idi və Prezident Mattarellanın səfərdən sonra şəxsən bu məsələyə müdaxilə etməsi, bu məsələnin tənzimlənməsi imkan verdi ki, TAP layihəsi uğurla icra edildi.”

Əziz Ələkbərli bildirib ki, 2020-ci ildən başlayaraq Azərbaycan qazının TAP vasitəsilə İtaliyaya ixracı ilə həm ikitərəfli əməkdaşlıq güclənir, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verilir. “Ölkəmizin başçısı Cənab Prezident İlham Əliyev Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə 14 ölkəyə təbii qaz ixrac etdiyini, Azərbaycan neftinin İtaliyanın neft balansında birinci, qazının isə ikinci yerdə olduğunu vurğuladı. O, TAP-ın açdığı yolun bu gün daha böyük layihələrə, o cümlədən Xəzərin dibi ilə Avropaya elektrik enerjisi ixracı layihəsi üzərində işlərin aparılmasına imkan verdiyini qeyd etdi."

Müsahibənin növbəti hissəsində Əziz Ələkbərli iqtisadi əlaqələrin humanitar sahəyə keçidini xüsusi qeyd edib:
“İqtisadi və enerji əməkdaşlığı ilə yanaşı, humanitar sahədəki əlaqələrin genişləndirilməsi xüsusi qeyd edildi. Cənab Prezident İlham Əliyev bu səfərin əhəmiyyətli nəticəsi kimi bugünkü İtaliya-Azərbaycan Universitetinin açılışını göstərdi və bunun energetika və sənaye sahəsindəki əməkdaşlıqdan humanitar sahəyə keçidin simvolu olduğunu bildirdi.”
Millət vəkili Mattarellanın da bu məqamı vurğuladığını əlavə edib: “İtaliya Prezidenti bu təşəbbüsü strateji tərəfdaşlığın və 10 il əvvəl imzalanmış sazişin səmərəli şəkildə həyata keçirilməsinin göstəricisi adlandırdı. O, təhsil sahəsindəki əməkdaşlığın iki ölkənin dostluğunu daha da gücləndirəcəyini vurğuladı.”

Müsahibimiz son olaraq, beynəlxalq əlaqələrin inkişafı barədə fikirlərini bölüşdü:
“Cənab Prezident İlham Əliyev danışıqlar zamanı Avropa İttifaqı-Azərbaycan əlaqələri mövzusuna toxunulduğunu bildirərək, İtaliyanın bu əlaqələrin inkişafına daimi dəstəyini xüsusi qeyd etdi. O, son vaxtlar bu münasibətlərdə atılan müsbət addımların Azərbaycan tərəfini məmnun etdiyini bildirdi.”
Əziz Ələkbərli Prezident Mattarellanın bəyanatına istinadən İtaliyanın bu dəstəyini xüsusi vurğulayıb: “Mattarella Azərbaycanı nüfuzlu tərəfdaş adlandırıb və İtaliyanın Aİ çərçivəsində bu əlaqələrin daha da inkişaf etməsi, daha çox yeni sahələri əhatə etməsi üçün öz tərəfindən addımlar atacağını bildirib. Yekun olaraq, ölkəmizin başçısı bu strateji tərəfdaşlığın coğrafi məsafədən asılı olmayaraq, ölkələr arasındakı münasibətlərin qurulmasında bir örnək ola biləcəyini bildirdi.”
“Bu uğurlu nəticələr Cənab Prezident İlham Əliyevin yürütdüyü müstəqil və çoxvektorlu siyasətin beynəlxalq aləmdə qazandığı böyük hörmətin və etimadın göstəricisidir. Onun uzaqgörən rəhbərliyi sayəsində Azərbaycan dünya səhnəsində mövqeyini davamlı olaraq gücləndirir və həm regional, həm də qlobal miqyasda mühüm tərəfdaş kimi qəbul edilir. Cənab Prezident İlham Əliyevin müdrik və qətiyyətli addımları ölkəmizi davamlı inkişaf və rifah yolunda inamla irəli aparır.” – deyə müsahibimiz sonda qeyd edib.
Geri dön