Ana Sayfa > Manşet / Siyasət > Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilib

Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilib


Bu gün, 17:49. Yazar: azer
Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilib

Sentyabrın 30-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilib. Milli Məclisin sədri sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Spiker Sahibə Qafarova payız sessiyasının başlaması münasibətilə deputatları təbrik edib və bu sessiyada da onların fəaliyyətinin səmərəli olacağına inamını bildirib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sonra Milli Məclisin sədri xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib. Bildirilib ki, möhtərəm Prezidentin bu çıxışı Cənubi Qafqazda yaranmış yeni reallıqların dünyanın əsas beynəlxalq platformasından təqdim edilməsi baxımından tarixi əhəmiyyət daşıyır.
Spiker deyib ki, dövlətimizin başçısı öz çıxışında bəyan etdi ki, Azərbaycan onilliklər ərzində təcavüzə və işğala məruz qalan ölkə statusundan qalib ölkə və regional lider statusuna keçib. Prezidentin çıxışında hərbi zəfərin diplomatik uğurla tamamlandığı xüsusi vurğulanıb.
Bildirilib ki, sülh sazişinin paraflanması və əldə edilmiş digər razılaşmalar dövlətimizin öz milli maraqlarını həm güc yolu ilə müdafiə etmək, həm də hüquqi və siyasi alətlərin köməyi ilə təsbit etmək qabiliyyətini nümayiş etdirdi. Bu, həm də onu göstərdi ki, dayanıqlı sülh yalnız beynəlxalq hüquq normaları əsasında mümkündür.
Möhtərəm cənab Prezidentin çıxışında azad edilmiş ərazilərin minalardan təmizlənməsinə və bərpasına, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasına, infrastrukturun inkişafına böyük diqqət yetirildi.
Azərbaycan döyüş meydanında qələbəni davamlı inkişaf layihəsinə çevirməyi bacaran bir dövlət modeli kimi təqdim edildi.
Spiker qeyd edib ki, ölkəmiz Şərqlə Qərbi birləşdirən nəqliyyat və enerji marşrutlarının əsas həlqəsinə çevrilib. Azərbaycanın rolu və əhəmiyyəti regionun hüdudlarından çox-çox kənara çıxır, Avropanın və Asiyanın təhlükəsizliyinə və tərəqqisinə təsir göstərir.
Möhtərəm cənab Prezidentin çıxışında beynəlxalq münasibətlər sistemində islahatlar aparılmasına çağırış edilməsi də çox əhəmiyyətlidir. Dövlətimizin başçısı beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, qarşılıqlı hörmət və əməkdaşlıq, dövlətlərin daxili işlərinə müdaxilə edilməməsi və ikili standartlardan imtina olunması prinsiplərinin önəmini də vurğuladı. Və bu prinsiplərin Azərbaycanın qlobal gündəliyə baxışları kimi təqdim edilməsi möhtərəm Prezidentin çıxışını beynəlxalq hüququn və qlobal idarəetmənin gələcəyi ilə bağlı müzakirələrin mühüm tərkib hissəsinə çevirdi.
Milli Məclisin sədri bildirib ki, inamla demək olar ki, möhtərəm cənab Prezidentin yüksək tribunadan səsləndirdiyi fikirlər, Azərbaycanın təcrübəsi barədə söylədikləri bir çox dövlətlər üçün son dərəcə əhəmiyyətli olacaqdır.
Sonra spiker diqqətə çatdırıb ki, bu gün payız sessiyasının ilk iclasıdır. O, ötən sessiyada görülmüş işlərə bir daha nəzər salaraq, xatırladıb ki, bu ilin yaz və növbədənkənar sessiyalarının yekunları barədə məlumat verib. Milli Məclisin sədri qeyd edib ki, sentyabrın 9-da parlamentin növbədənkənar bir sessiyası da keçirildi və həmin sessiya Vaşinqton razılaşmalarına həsr edilmişdi.
Ümumən, üç sessiyada iyirmi iki iclas keçirilib, yüz on qanun və qərar qəbul edilib. Ölkənin ictimai-siyasi həyatının mühüm məsələlərinə münasibət bildirilib.
Spiker eyni zamanda, onu da qeyd edib ki, Milli Məclisin beynəlxalq fəaliyyəti sessiyalar arasındakı dövrdə də davam etdirilib. Belə ki, parlamentin iyirmi deputatı on xarici ölkəyə iyirmi üç səfər həyata keçirib.
Deputatlar beş beynəlxalq təşkilatın tədbirlərində iştirak ediblər, həmçinin Moldovada keçirilən parlament seçkilərini müşahidə ediblər. Və sessiyalar arasında iyirmi ölkənin iyirmi üç nümayəndə heyəti, ümumən isə yüz otuz dörd nəfər xarici qonaq Milli Məclisdə olub.
Bildirilib ki, Milli Məclisin sədri Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç, iki ölkənin icra orqanlarının ali vəzifəli şəxsləri, habelə iki beynəlxalq təşkilatın nümayəndə heyətləri və beş ölkənin səfirləri ilə görüşlər keçirib.
Sessiyalar arasında Milli Məclis sədrinin üç ölkəyə işgüzar səfərləri olub.
Belə ki, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti iyulun 27-dən 30-dək İsveçrənin Cenevrə şəhərində Parlament Sədrlərinin 6-cı Dünya Konfransında və Parlamentlərarası İttifaqın Qadın Parlament Sədrlərinin 15-ci Sammitində, avqustun 4-də Türkmənistanın Avaza şəhərində BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransı çərçivəsində Parlamentlərarası Forumda iştirak edib.
Həmçinin Milli Məclisin sədri sentyabrın 16-dan 18-dək Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində işgüzar səfərdə olub, orada Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının 46-cı Baş Assambleyasının sessiyasında və Assambleyanın 2-ci Qadın Siyasi Liderlər Forumunda iştirak edib.
Spiker işgüzar səfərlər çərçivəsində onun bir sıra ölkələrin parlament rəhbərləri ilə görüşləri də keçirildiyini diqqətə çatdırıb.
Çıxışına yekun vuran spiker Konstitusiya və Suverenlik İli çərçivəsində Milli Məclis tərəfindən iki tədbir təşkil edildiyini qeyd edib. Belə ki, sentyabrın 19-da parlamentdə Dövlət Suverenliyi Gününə həsr olunan böyük bir konfrans keçirilib, sentyabrın 25-də isə Milli Məclisin bir qrup deputatının və parlament aparatı əməkdaşlarının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə yürüşü olub.
Sonra iclasın gündəliyi təsdiqlənib və cari məsələlərin müzakirəsinə başlanılıb. Müzakirələrdə parlamentin komitə sədri Fazil Mustafa, deputatlar Sahib Alıyev, Aydın Mirzəzadə, Nizami Səfərov, Asif Əsgərov, Məlahət İbrahimqızı, Azər Badamov, Elman Nəsirov, Şahin İsmayılov, Günay Ağamalı çıxış ediblər.
Deputatlar payız sessiyası ərəfəsində ölkəmiz üçün bir sıra mühüm əhəmiyyətə malik hadisələrin baş verdiyini söyləyiblər. Bildirilib ki, Prezident İlham Əliyevin cari il sentyabrın 25-də BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında qeyd olunduğu kimi, Vətən müharibəsində işğala son qoyulduqdan sonra, Azərbaycan sülhün siyasi vasitələrlə təmin edilməsinə çalışıb. Belə ki, dövlətimiz müharibədə Zəfər əldə etdikdən sonra, ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı şəkildə tanınması və beynəlxalq hüququn prinsiplərinə əsaslanan sülh müqaviləsinin bağlanması təklifini irəli sürüb və Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu açıqlayıb. Diqqətə çatdırılıb ki, məhz Azərbaycanın səyləri nəticəsində cari il avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə Vaşinqtonda üçtərəfli görüş keçirilib, birgə Bəyanat imzalanıb, Azərbaycanla Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında sazişin razılaşdırılmış mətni paraflanıb. Bunun Cənubi Qafqazda uzunmüddətli münaqişənin həllinə yönəlmiş önəmli addım olduğu vurğulanaraq, ABŞ-ın regionda sülhün təmin edilməsinə töhfə verməsi müsbət dəyərləndirilib. Habelə, ATƏT-in Minsk qrupunun və onunla bağlı strukturların 1 sentyabr tarixindən bağlanmasına dair qərarın qəbul olunması xüsusi qeyd edilib.
Bununla yanaşı, millət vəkilləri ölkə Prezidentinin sentyabrın 25-də Nyu-York şəhərində keçirilmiş BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakının, səsləndirdiyi fikirlərin, dövlət başçımızın buradakı görüşlərinin əhəmiyyətindən söhbət açıblar, bunun Azərbaycanın siyasi və iqtisadi baxımdan beynəlxalq səviyyədə nüfuzunun artmasının bariz nümunəsi olduğunu vurğulayıblar.
Deputatlar, eyni zamanda, sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının açılış mərasimində Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakını, onların şəhid övladları ilə səmimi görüşünü, onlara göstərdikləri diqqət və qayğını yüksək qiymətləndiriblər.
Çıxışlarda, habelə deputatların tətil zamanı seçicilərlə keçirdikləri görüşlər, onların qaldırdıqları məsələlərin həlli istiqamətində görülən işlər, digər aktual mövzular barədə söhbət açılıb.
Sonra Milli Məclisin spikeri Sahibə Qafarova diqqətə çatdırıb ki, bugünkü iclasın gündəliyinə 12 məsələ daxildir. O, qeyd edib ki, ilk iki məsələ Milli Məclisin qərar layihələridir. Sədr birinci məsələnin 27 sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı olduğunu söyləyib.
Milli Məclisin sədri bildirib ki, beş il bundan əvvəl, 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri qəhrəmanlıq tariximizə yeni şanlı səhifələr yazıblar. 8 noyabr Zəfəri sayəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulub, dövlətimizin ərazi bütövlüyü bərpa olunub. 2023-cü ilin sentyabr ayında keçirilən antiterror əməliyyatı nəticəsində isə Azərbaycanın suverenliyi onun bütün ərazisində bərqərar edilib.
Əldə edilən tarixi qələbələr bir daha göstərir ki, milli maraqlar təkcə sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü ilə deyil, həm də xalqın şərəfi, ləyaqəti və tarixi yaddaşı ilə bağlı olan bir anlayışdır.
Azərbaycan düşmən üzərində tarixi qələbələri xalqımıza bəxş etmiş müzəffər Ali Baş Komandana, cəsur əsgər və zabitlərimizə əbədi olaraq minnətdardır.
Sonra Milli Məclisin sədri diqqətə çatdırıb ki, Vətən və xalq yolunda canından keçmiş şəhidlərimiz unudulmur və heç zaman unudulmayacaq.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına uyğun olaraq, artıq beş ildir ki, ölkəmizdə “Anım Günü” qeyd edilir.
Üç gün öncə, sentyabrın 27-də Anım Günündə möhtərəm Prezident Gəncə Memorial Kompleksində Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etdi.
Həmin gün Bakıda dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, ictimaiyyət nümayəndələri  Zəfər Parkında oldular. Ölkəmizin şəhər və rayonlarında anım tədbirləri keçirildi. Bütün xalqımız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizin, qətlə yetirilmiş mülki vətəndaşlarımızın xatirəsinə ehtiramını bildirdi.
Spiker çıxışına yekun vuraraq qeyd edib ki, Anım Günü xalqımızı Ulu Öndər Heydər Əliyevin elan etdiyi Azərbaycançılıq amalı uğrunda daha sıx birləşdirir. Minlərcə qəhrəman övladımızın həyatı bahasına başa gəlmiş qələbələr Azərbaycan xalqı üçün mənəvi güc mənbəyidir.
İclasda Anım Gününün beşinci ildönümü ilə əlaqədar Milli Məclisin Bəyanatının mətnini parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov oxuyub.
(Bəyanatın mətni mətbuatda dərc ediləcək.)
Sonra Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov çıxış edərək Azərbaycan xalqının Vətən müharibəsində əldə etdiyi Zəfərin tariximizin ən parlaq səhifələrindən olduğunu deyib. Bu qələbənin qazanılmasında Prezidentin rəhbərliyi ilə aparılan düzgün siyasətin, xalqımızın öz torpaqlarının bütövlüyü uğrunda göstərdiyi qətiyyətin, Azərbaycan ordusunun nümayiş etdirdiyi rəşadətin mühüm amillər olduğunu vurğulayıb. O, hazırda dövlətimizin gündəliyini sülh mövzusunun təşkil etdiyini və bunun üçün lazım olan əsasların mövcud olduğunu bildirib.
27 sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar Milli Məclisin Bəyanatı səsə qoyularaq qəbul edilib.
Sonra Milli Məclisin sədri qeyd edib ki, hər növbəti sessiyanın birinci iclasında parlamentin qanunvericilik işləri planı qəbul olunur. O, bildirib ki, gündəliyin ikinci məsələsi payız sessiyasının qanunvericilik işləri planı haqqındadır və nəzərə çatdırıb ki, qanunvericilik işləri planı 8 bənddən ibarətdir.
Məsələ ətrafında müzakirələrdə çıxış edən parlamentin komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov, deputatlardan Razi Nurullayev, Sahib Alıyev, Ceyhun Məmmədov, Hikmət Məmmədov, Aydın Hüseynov payız sessiyasının qanunvericilik işləri planı haqqında fikirlərini açıqlayıblar. Millət vəkilləri sənədin məqsədəmüvafiq olduğunu söyləyiblər, planda qeyd olunan qanun layihələrinin əhəmiyyətindən danışıblar, bir sıra təkliflərini səsləndiriblər.
Müzakirələrin sonunda Milli Məclisin 2025-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq təsdiq edilib.
Spiker Sahibə Qafarova növbəti məsələnin “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (II səsvermə) olduğunu deyib. O, nəzərə çatdırıb ki, Konstitusiya qanunları Milli Məclisdə iki dəfə səsə qoyulur. Bu qanun layihəsinə 6 ay öncə - fevralın 28-də birinci səsvermədə münasibət bildirildiyini, indi isə onun ikinci səsverməyə çıxarıldığını söyləyib.
Sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verib. O, diqqətə çatdırıb ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun olaraq, layihədə adı çəkilən qanunun müvafiq maddəsində "qanunsuz miqrantların saxlanılması" sözlərinin "müvafiq icra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə" sözləri ilə əvəz edilməsi təklif edilir.
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məsələ barədə rəhbərlik etdiyi komitənin rəyini söylədikdən sonra, qanun layihəsi II səsvermədə qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova növbəti 6 məsələnin beynəlxalq sazişlərin və digər sənədlərin təsdiq edilməsi, bir məsələnin isə səfirliyin təsis edilməsi ilə bağlı olduğunu söyləyib. O, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən, həmin qanun layihələrinin bir oxunuşda qəbul ediləcəyini bildirib.
Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Ozon qatını dağıdan maddələr haqqında” Monreal Protokoluna 2016-cı il 15 oktyabr tarixli Kiqali Düzəlişinin təsdiq edilməsi haqqında” qanun layihəsini təqdim edib. Qeyd olunub ki, qanun layihəsi Azərbaycan Respublikasının "Ozon qatının mühafizəsi haqqında" Monreal Protokoluna XXVIII/1 Qərarı ilə qəbul olunmuş Kiqali Düzəlişinə qoşulmasını nəzərdə tutur. Bu sənəd qlobal səviyyədə ozon qatının qorunması ilə yanaşı, istixana effekti yaradan qazların azaldılmasına da xidmət edir.
Nəzərə çatdırılıb ki, Kiqali Düzəlişi 15 oktyabr 2016-cı ildə Ruandanın paytaxtı Kiqalidə, Monreal Protokolunun Tərəflərinin 28-ci iclasında qəbul olunmuş və ən azı iyirmi dövlətin ratifikasiyasından sonra 1 yanvar 2019-cu ildən qüvvəyə minib. 2025-ci ilin yayına olan məlumatlara əsasən, düzəliş artıq 163 dövlət və Avropa İttifaqı tərəfindən ratifikasiya olunub və bu, onun beynəlxalq səviyyədə geniş qəbul edildiyini göstərir.
Qeyd edilib ki, Kiqali Düzəlişi ilə Monreal Protokoluna hidroflüorokarbonların (HFC) nəzarət altına alınması əlavə olunub. Düzəlişlərə əsasən, dövlətlər üçün istehlak və istehsalın mərhələli azaldılması qrafiki müəyyənləşdirilmişdir. Məqsəd, 2045-ci ilə qədər HFC istifadəsini 80-85% azaltmaqdır. Kiqali Düzəlişi həm ətraf mühitin mühafizəsi, həm də qlobal iqlim öhdəlikləri baxımından tarixi əhəmiyyət daşıyır. Kiqali Düzəlişinə qoşulmaq COP29-un ev sahibi kimi ölkəmizin beynəlxalq mövqeyini gücləndirəcək.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə rəhbərlik etdiyi komitənin rəyini nəzərə çatdıraraq, ekoloji məsələlərin Azərbaycan tərəfindən ən yüksək səviyyədə diqqətdə saxlanıldığını, bu sazişin qəbul olunmasının ölkəmizin milli maraqlarına cavab verdiyini söyləyib.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İclasda Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyasının Nizamnaməsinə qoşulmaq haqqında” qanun layihəsini təqdim edib.
O, bildirib ki, "Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyasının Nizamnaməsi" 11 dekabr 1953-cü il tarixində Roma şəhərində təsdiq edilib. Sənəd preambuladan və 19 maddədən ibarətdir. Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyasına üzvlük BMT üzvü olan və müvafiq formada bu Nizamnaməni qəbul edən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa Üzv Dövlətləri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə Regional Konfransında üzv kimi iştirak edən və BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa üzrə Regional Ofisi tərəfindən xidmət göstərilən dövlətlər və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa üzv dövlətləri üçün açıqdır.
Diqqətə çatdırılıb ki, üzv dövlətlər dabaq və analoji transsərhəd heyvan xəstəliklərinə nəzarət üzrə milli siyasət və beynəlxalq əməkdaşlığa dair öhdəliklər əsasında müvafiq karantin və sanitar tədbirlərinin yaradılması, Nizamnamədə sadalanan tədbirlərdən bir və ya bir neçəsi vasitəsilə xəstəliyin tam məhv edilməsi məqsədilə dabaq xəstəliyinə nəzarət etməyi öhdələrinə götürürlər.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məsələ barədə bu komitənin müsbət rəyini söylədikdən sonra qanun layihəsi qəbul edilib.
Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini nəzərə çatdırıb.
Komitə sədri qeyd edib ki, 28 oktyabr 2022-ci il tarixində Astana şəhərində imzalanmış Saziş Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazilərində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və aradan qaldırılması üzrə əməkdaşlığın inkişafı məqsədinə xidmət edir. 21 maddədən ibarət sənədə əsasən, tərəf dövlətlərdən hər hansı birinin ərazisində baş vermiş müvafiq fövqəladə vəziyyətlə əlaqədar məlumatların təcili ötürülməsi qaydası Müstəqil Dövlətlər Birliyinin səhiyyə sahəsində əməkdaşlıq Şurası tərəfindən müəyyən edilir.
Sazişə əsasən, ərazisində fövqəladə vəziyyət yaranmış tərəf dövlətlər bir-birinə yardım üçün sorğu ilə müraciət etdikləri halda, sənəddə öz əksini tapmış müvafiq şərtlər daxilində, tərəf dövlətlərin epidemiya əleyhinə ixtisaslaşmış briqadaları cəlb edilə bilərlər. Tərəflər öz qanunvericiliklərinə uyğun olaraq fövqəladə vəziyyətlərin qarşısının alınması və aradan qaldırılması məqsədilə yardım edən tərəfin epidemiya əleyhinə ixtisaslaşmış briqadaları, avadanlıq və sərfiyyat materiallarının sorğu göndərən tərəf dövlətin ərazisinə maneəsiz tranzitini təmin edirlər.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təqdim olunan məsələnin vacibliyini qeyd edərək, layihə ilə bağlı rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini açıqlayıb.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (ÜTİK-25) keçirilməsi, təşkili və maliyyələşdirilməsi ilə bağlı Saziş”in təsdiq edilməsi haqqında qanun layihəsinə dair məlumatı təqdim edib.
O, nəzərə çatdırıb ki, Azərbaycan Respublikası Hökuməti adından səlahiyyətli orqan kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) arasında 2025-ci il 25 iyun tarixində Cenevrədə və 11 iyul tarixində Bakıda "Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (ÜTİK-25) keçirilməsi, təşkili və maliyyələşdirilməsi ilə bağlı Saziş" imzalanıb. Bu Saziş Azərbaycan Respublikasının sözügedən beynəlxalq tədbirə ev sahibliyini rəsmən təsdiq edir və konfransın təşkili və maliyyələşdirilməsi, tədbir üçün zəruri infrastrukturun təmin olunması, iştirakçıların təhlükəsizliyinin və rahatlığının təmin edilməsi, eləcə də beynəlxalq prosedurların sadələşdirilməsi ilə bağlı əsas müddəaları özündə əks etdirir.
Qeyd olunub ki, Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (ÜTİK-25) 17-28 noyabr 2025-ci il tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək. Hər dörd ildən bir təşkil olunan bu tədbirin məqsədi rəqəmsal əlaqənin universallığını və əlçatanlığını təmin etmək, rəqəmsal bərabərsizliyi azaltmaq və telekommunikasiya sahəsində yaxın illər üçün prioritet istiqamətləri və fəaliyyət mexanizmlərini müəyyənləşdirməkdir. Konfransın nəticələri inkişaf layihələri, texniki yardım və regional təşəbbüslər üzrə konkret istiqamətləndirmələri müəyyən edəcək.
Məsələ barədə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bu komitənin rəyini bildirdikdən sonra, qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra deputat Zaur Şükürov növbəti məsələni – “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Azərbaycan Respublikası Hökuməti (ev sahibi ölkə) tərəfindən İİB Qrupunun 2026-cı ildə keçiriləcək İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında” qanun layihəsi barədə məlumat verib.
O, bildirib ki, İslam İnkişaf Bankı Qrupunun 2026-cı ildə İllik Toplantılarının Azərbaycanda keçirilməsi barədə qərar İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurası tərəfindən 2025-ci il 22 may tarixində qəbul edilib. Həmin gün Əlcəzair şəhərində, Azərbaycan Respublikasının Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum 2026-cı il 16-19 iyun tarixlərində Bakı şəhərində keçiriləcək İllik Toplantıların təşkili ilə bağlı ev sahibi ölkənin öhdəliklərini müəyyən edir. Burada tədbirin keçirilməsi üçün zəruri təşkilati-texniki və logistika təminatları, təhlükəsizlik və protokol məsələləri, iştirakçıların akkreditasiyası və digər əlaqədar prosedurlar nəzərdə tutulur.
Qeyd olunub ki, qanun layihəsinin qəbul edilməsi Azərbaycanın İslam İnkişaf Bankı ilə əməkdaşlığını gücləndirəcək və ölkəmizin beynəlxalq nüfuzuna müsbət təsir göstərəcək.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov layihəyə dair bu komitənin rəyini söylədikdən sonra, qanun layihəsi qəbul edilib.
Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na qoşulmaq barədə qanun layihəsi ilə bağlı məlumat verib. O, bildirib ki, konvensiya 1998-ci il 10 sentyabr tarixində Rotterdam şəhərində imzalanıb və sənəd dövlətlər arasında təhlükəli kimyəvi maddələrin və pestisidlərin idxalı və ixracı ilə bağlı məlumat mübadiləsini təmin etmək, onların istifadəsi nəticəsində yarana biləcək risklərin azaldılmasına nail olmaq, insan sağlamlığını və ətraf mühitin qorunmasını gücləndirmək məqsədini daşıyır.
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə rəhbərlik etdikləri komitələrin müsbət rəylərini açıqladıqdan sonra, qanun layihəsi səsə qoyularaq qəbul olunub.
Gündəliyin növbəti məsələsini - Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini təqdim edən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan-Bəhreyn münasibətlərinin tarixi və əhəmiyyəti barədə fikirlərini səsləndirib, qanun layihəsinin qəbulunun iki dövlət arasında əlaqələrin inkişafına xidmət edəcəyini bildirib.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin son iki məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib və deputatlardan çıxışlar zamanı birinci oxunuşun tələblərini nəzərə almalarını xahiş edib.
Gündəliyin on birinci məsələsi olan “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, sənəd həbs edilmiş, müəyyən müddətdə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərə göstərilən tibbi xidmətlərin icbari tibbi sığorta çərçivəsində həyata keçirilməsi məqsədilə hazırlanıb. Belə ki, təklif olunan dəyişikliklərə əsasən, sözügedən qanunun 15-2.1-ci maddəsinə həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslər əlavə olunub.
Əhliman Əmiraslanov diqqətə çatdırıb ki, qeyd edilmiş kateqoriyaya aid olan şəxslərə tibbi xidmətin göstərilməsi xüsusi xarakter daşıdığından, Xidmətlər Zərfində onlara göstəriləcək tibbi xidmətlərin tətbiqi şərtləri müəyyən olunacaq.
Layihənin müzakirəsində komitə sədrləri Siyavuş Novruzov və Zahid Oruc, deputatlar Razi Nurullayev və Pərvanə Vəliyeva çıxış edərək fikirlərini səsləndiriblər.
Sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Gündəliyin sonuncu məsələsi olan Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov təqdim edib.
Layihədə Qaradağ Sənaye Parkının rezidenti olan Bakı Gəmiqayırma Zavoduna verilən güzəşt və azadolmaların müddətinin 2025-ci ildə başa çatması nəzərə alınaraq, sözügedən müddətin uzadılması təklif olunub. Belə ki, layihədə Qaradağ Sənaye Parkının gəmiqayırma fəaliyyəti ilə məşğul olan rezidentinə münasibətdə Vergi Məcəlləsi ilə tətbiq olunan mənfəət, əmlak və torpaq vergisindən azadolma müddəti, eyni zamanda malların idxalına tətbiq olunan gömrük rüsumunun ödənilməsindən azadolma müddəti 2030-cu ilədək uzadılır.
Layihənin müzakirəsində deputatlar Razi Nurullayev, Qüdrət Həsənquliyev, Samir Vəliyev və Aydın Hüseynov çıxış edərək, fikirlərini səsləndiriblər. Komitə sədri Azər Əmiraslanov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirəndən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

Geri dön