Ana Sayfa > Manşet / Siyasət > Deputat: “Azərbaycan iqtisadiyyatı güclənir, işsizlik tarixi minimuma enib, sosial rifah yüksəlir, radikal müxalifət isə sabitliyi pozmaq istəyir”
Deputat: “Azərbaycan iqtisadiyyatı güclənir, işsizlik tarixi minimuma enib, sosial rifah yüksəlir, radikal müxalifət isə sabitliyi pozmaq istəyir”Bu gün, 19:44. Yazar: azer |
![]() Radikal müxalifət ölkəmizdə işsizlik səviyyəsini müzakirə obyektinə çevirib. Ümumiyyətlə, onlar ölkənin heç bir nailiyyətinə sevinmir. Əslində, ağı qara görür. Azərbaycan çox böyük nailiyyətlər əldə edib. Qarabağın və Şərqi Zəngəzurun, bütövlükdə torpaqlarımızın işğaldan azad olunması, böyük bərpa işləri heç vaxt dağıdıcı, radikal müxalifəti sevindirməyib. Azərbaycanın əldə etdiyi nailiyyətlərin heç biri radikal müxalifət üçün önəmli deyil. Radikallar yalnız ölkədə stabilliyi pozmaq istəyirlər. Əslində isə heç belə gücü də yoxdur, sadəcə, buna cəhd edir. Ölkəmizin əldə etdiyi nailiyyətləri dərk edib görə bilmirlər. Xüsusilə, riyakarlığın, milli satqınlığın bir nümunəsinə çevrilmiş, bunu özünə həyat tərzi seçmiş Əli Kərimli, Cəmil Həsənli və digərləri Azərbaycanın hansı nailiyyətlərinə müsbət yanaşıblar?” Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib. Deputat bildirib ki, dövlətin həyata keçirdiyi siyasətin ən başlıca məqsədi vətəndaşların sosial rifahının yüksəldilməsidir: “Bu istiqamətdə dövlətin önəmli layihələr həyata keçirdiyini görürük. Statistikaya fikir versək, görərik ki, 20-25 il bundan öncə ölkəmizdə işsizlik səviyyəsi yüksək - 30%-dən yuxarı idi. Eyni zamanda yoxsulluq səviyyəsi, təxminən, həmin faizlə müşaiyət olunurdu. İndi isə rəsmi statistikada qeyd olunur ki, ölkəmizdə işsizliyin səviyyəsi 5%-dir. Digər tərəfdən, əmək bazarına hər il yüz mindən çox insan müraciət edir. Məşğulluğun təmin olunması ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Ölkə iqtisadiyyatının artımı vətəndaşlarımızın məşğulluğunun təmin olunması deməkdir. Azərbaycan yaxın gələcəkdə böyük nəqliyyat-logistika mərkəzinə çevriləcək. Digər tərəfdən alternativ enerji ixrac edilməsi üçün addımlar atılır. Bütövlükdə, sosial təbəqəyə qayğı göstərilməsi üçün ölkə Prezidentinin sərəncamı ilə 2018-ci ildən etibarən dörd sosial paket həllini tapıb. Azərbaycanın haqq səsi artıq daha böyük tribunalardan ucalır. BMT-nin 80-ci səssiyasında cənab Prezident İlham Əliyevin çıxışı dünya ictimaiyyətinin diqqətini cəlb etdi. Azərbaycan bu gün enerji sektorunda çox böyük addımlar atıb, nailiyyətlər əldə edib. Avropanın 10, ümumilikdə, dünyanın 14 ölkəsinə mavi yanacaq ixrac edir. Bu, valyuta ehtiyatlarımızı zənginləşdirir. Qeyri-neft sektoru getdikcə daha çox inkişaf edir. Kənd təsərrüfatında böyük nailiyyətlər əldə etmişik. Bunların hər biri dövlətin apardığı düzgün siyasətin sayəsində olub. Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində həmişə Azərbaycan vətəndaşı dayanıb. Dövlətin əsas məqsədi hər bir ailənin həyat şəraitini yaxşılaşdırmaqdır. Dövlət büdcəsinin quruluşu buna bariz nümunədir: hər il büdcənin, təxminən, 40%-i sosial sahəyə ayrılır. Bu fakt bir daha təsdiqləyir ki, dövlət sosial siyasətini sözlə deyil, əməli addımlarla həyata keçirir. Azərbaycan artıq iqtisadi göstəriciləri ilə regionun aparıcı dövlətlərindən birinə çevrilib. Təəssüf ki, bütün bu uğurlar, xalqımızın sevinci, dövlətimizin qələbələri radikal müxalifətin gözündə yalnız qara görmək üçün bəhanə olub. Onlar daim ölkənin nailiyyətlərini kölgəyə salmağa çalışıblar. Əli Kərimli, Cəmil Həsənli kimi milli satqınlar illərdir ki, xalqın heç bir uğuruna sevinməyib, əksinə, milli iradəni sarsıtmağa cəhd ediblər. İndi də işsizlik mövzusunu şişirdərək əsassız və cəfəng fikirlər səsləndirirlər. Amma onların dedikləri bizim üçün əsas ola bilməz. Çünki xalqın sevinci ilə bölüşməyənlərin, dövlətin qələbəsinə laqeyd qalanların fikirləri dəyər daşımır. Əsas odur ki, reallıq göz önündədir: Azərbaycan iqtisadiyyatı güclənir, işsizlik tarixi minimuma enib, sosial rifah yüksəlir, xalqımızın həyat səviyyəsi ildən-iləh yüksəlir. Əsas budur – dövlətin əldə etdiyi nailiyyətlər, rəsmi göstəricilər və xalqın real həyatda gördüyü nəticələr”. Aytəkin Qardaşova Geri dön |