Ana Sayfa > Siyasət > 27 Sentyabr – Anım Günü: Tarixə Qanla Yazılan Qürur və Ədalət Günü
27 Sentyabr – Anım Günü: Tarixə Qanla Yazılan Qürur və Ədalət Günü29-09-2025, 17:23. Yazar: azer |
![]() Hər bir xalqın tarixində qəhrəmanlıqla, fədakarlıqla və qan bahasına yazılmış səhifələr var. Azərbaycan xalqı üçün 27 Sentyabr – Anım Günü, məhz bu qəhrəmanlıq salnaməsinin ən şərəfli səhifələrindən biridir. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən Müharibəsi, Azərbaycan tarixində təkcə hərbi deyil, eyni zamanda siyasi və mənəvi qələbə olaraq yadda qaldı. Rəsmi İrəvanın uzun illər ərzində apardığı işğalçılıq siyasəti, xüsusilə Daşnaksutyun partiyasının ifrat millətçilik ideologiyası və "dənizdən dənizə Ermənistan" kimi sərsəm xülyaları bölgədə sülhün və sabitliyin qarşısında əsas maneəyə çevrilmişdi. Xarici havadarlarının dəstəyi ilə silahlandırılan erməni silahlı qüvvələri 1990-cı illərin əvvəllərində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini – Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal etmişdilər. Bu dövrdə Azərbaycan dövləti daim beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə sadiqliyini nümayiş etdirərək münaqişənin sülh yolu ilə həllinə çalışsa da, qarşı tərəfin təxribatları və beynəlxalq aləmdəki “ikili standartlar” siyasəti ədalətin bərqərar olmasına imkan vermədi. Azərbaycan xalqı heç zaman işğalla barışmadı. Uzun illər ərzində sülhsevər və tolerant xalqımızın səbir kasasını daşıran amil isə 2020-ci ilin sentyabrında Ermənistanın Tovuz istiqamətində və digər cəbhə xətlərində həyata keçirdiyi növbəti təxribatlar oldu. Beləliklə, 27 Sentyabr 2020-ci il tarixində Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Müharibə dövründə Azərbaycan xalqı bir yumruq kimi birləşdi. "Öldü var, döndü yoxdur!" şüarı altında yüz minlərlə insan könüllü şəkildə orduya yazıldı. Cəbhədə isə qəhrəman əsgər və zabitlərimiz əsl şücaət və vətənpərvərlik nümunələri göstərdilər. Nəticədə, 44 gün ərzində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut və Şuşa şəhəri daxil olmaqla yüzlərlə yaşayış məntəqəsi işğaldan azad edildi. Azərbaycan Ordusu Ermənistanı kapitulyasiya sənədini imzalamağa məcbur etdi. Bu Qələbə təkcə hərbi uğur deyildi – bu, eyni zamanda ədalətin, tarixin və beynəlxalq hüququn bərpası idi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək: “Mən demişdim ki, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu.” 27 Sentyabr – Anım Günü yalnız bir xatırlama günü deyil, eyni zamanda bir millətin qəhrəman övladlarına olan sonsuz minnətdarlığının ifadəsidir. Hər il bu tarixdə bütün ölkə şəhidlərin əziz xatirəsini ehtiramla yad edir. Şəhid ailələri və qazilər dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşdur. Onların sosial müdafiəsi, mənzil təminatı, müalicəsi və reabilitasiyası üçün dövlət tərəfindən sistemli tədbirlər həyata keçirilir. Zəfər parkının salınması, Vətən müharibəsində iştirak edən hərbçilərə medal və ordenlərin verilməsi, şəhid ailələrinə və qazilərə dövlət tərəfindən dəstəyin göstərilməsi bu qayğının real təzahürləridir. Vətən Müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu müharibə həm də birliyimizin, həmrəyliyimizin və ordumuzun gücünün simvoluna çevrildi. Biz bu müharibədə təkcə torpaqlarımızı deyil, milli ləyaqətimizi də geri aldıq. Bu gün azad edilmiş torpaqlarda yenidənqurma və bərpa işləri aparılır. Zəngilan, Füzuli, Ağdam, Laçın və digər bölgələrdə həyat yenidən canlanır. Anım Günü – Azərbaycan xalqının həm qəhrəman övladlarını yad etdiyi, həm də milli birliyini, mübarizliyini və vətən sevgisini bir daha nümayiş etdirdiyi gündür. Bu gün şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyir, qazilərimizlə qürur duyuruq. Onların fədakarlığı nəticəsində biz tarixi ədaləti bərpa etdik və bu Qələbəni sonsuza qədər qoruyacağıq. "Şəhidlər ölməz, Vətən bölünməz!" Nazilə Abbasova Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının fəal üzvü Laçın Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçisi Geri dön |