Ana Sayfa > Siyasət > Azərbaycanın sülh siyasəti və BMT kürsüsündən dünyaya mesaj
Azərbaycanın sülh siyasəti və BMT kürsüsündən dünyaya mesajBu gün, 11:43. Yazar: azer |
![]() BMT Baş Assambleyasının 80-ci sessiyasında cənab Prezident İlham Əliyevin çıxışı təkcə Azərbaycanın son illərdəki uğurlarının hesabatı deyildi. Bu çıxış, həm də diplomatiya ilə gücün, tarixi ədalətlə strateji baxışın harmoniyası idi. Dünyaya açıq şəkildə göstərildi ki, Azərbaycanın mövqeyi həm milli maraqlara sadiqdir, həm də regionda davamlı sülh və stabilliyi təmin etmək gücündədir. Uzun illər ərzində Azərbaycan torpaqlarının təqribən 20 faizi Ermənistan tərəfindən işğal edilmişdi. Bir milyondan çox vətəndaşımız öz yurd-yuvasından didərgin düşdü, fundamental insan hüquqları kobud şəkildə pozuldu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə icra olunmadı. Ermənistan beynəlxalq hüquqa meydan oxuyaraq işğal siyasətini davam etdirdi. Cənab Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək işğala son qoydu. 44 günlük Vətən müharibəsi nəticəsində işğal altındakı ərazilər azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu, tarixi ədalətin və milli qətiyyətin qələbəsi idi. Azərbaycanın diplomatik strategiyası da eyni qədər güclü oldu. Müharibədən dərhal sonra beynəlxalq hüquqa əsaslanan beş prinsip irəli sürüldü və sülh müqaviləsi layihəsi təqdim edildi. Danışıqlar 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam etdi və müxtəlif təxribatlara baxmayaraq, yalnız ikitərəfli əsasda aparılması sayəsində müsbət nəticəyə nail olundu. Cənab Prezidentin sözləri bu diplomatik uğuru ən qəti şəkildə ifadə etdi: “Biz həm Zəfəri, həm də Sülhü qazandıq. Azərbaycan diplomatiyası münaqişəni həll etmək gücünü göstərdi.” Azərbaycanın diplomatik uğurları təkcə işğala son qoymaqla məhdudlaşmır. Zəngəzur dəhlizi vasitəsilə regional bağlantılar möhkəmləndirilir, TRIPP marşrutu sülh və rifah naminə yeni imkanlar yaradır. Strateji tərəfdaşlıq səviyyəsində Azərbaycan-ABŞ münasibətləri genişlənir, enerji təhlükəsizliyi və iqtisadi inkişafın təminatı üçün yeni platformalar yaradılır. Azərbaycan yalnız diplomatiya ilə deyil, həm də humanitar və iqtisadi fəaliyyətləri ilə sülhü möhkəmləndirir. “Böyük Qayıdış” proqramı ilə azad edilmiş torpaqlarda 50 mindən çox soydaşımız artıq yaşayır, işləyir və təhsil alır. Mina təhdidinə, infrastruktura, təbii fəlakətlərə qarşı görülən tədbirlər sülhün əməli təsdiqi kimi qiymətləndirilir. Eyni zamanda, enerji siyasəti, bərpaolunan enerji sahəsində yatırımlar, beynəlxalq nəqliyyat dəhlizləri və rəqəmsal transformasiya Azərbaycanın regional liderliyini və strateji rolunu gücləndirir. Bu da sülh və sabitliyin yalnız hərbi və siyasi addımlarla deyil, iqtisadi və strateji diplomatiya ilə təmin oluna biləcəyini göstərir. Cənab Prezident İlham Əliyev çıxışında açıq mesaj verdi: “Bizim baxışlarımız aydındır – beynəlxalq hüquq, sülh, qarşılıqlı hörmət və əməkdaşlıq. Bizim nümunəmiz göstərir ki, qətiyyətli diplomatiya regionda davamlı sabitliyin əsas sütunudur.” Bu çıxış bir daha sübut etdi ki, Azərbaycan müharibədə qazandığı zəfəri diplomatiyada da möhkəmləndirib. Sülh yalnız sözlə deyil, əməli addımlarla təmin olunur. Azərbaycan diplomatiyası artıq regionda nümunəvi modelə çevrilmiş, beynəlxalq səhnədə qətiyyət və ədalətin simvoluna dönmüşdür. Bu siyasi qələbə həm milli maraqların, həm beynəlxalq hüququn, həm də regionun sabitliyinin təminatıdır. Azərbaycan diplomatiya ilə sülh qazandı – və bu, gələcək nəsillər üçün tarixdə qızıl hərflərlə yazılacaq bir nümunədir. Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq. Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur. Rövşən Qasımov, YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi. Geri dön |