Ana Sayfa > Manşet / Siyasət > Prezident İlham Əliyev dünya ictimaiyyətini dayanıqlı sülh gündəliyi ətrafında birliyə çağırdı

Prezident İlham Əliyev dünya ictimaiyyətini dayanıqlı sülh gündəliyi ətrafında birliyə çağırdı


Bu gün, 11:16. Yazar: azer
Prezident İlham Əliyev dünya ictimaiyyətini dayanıqlı sülh gündəliyi ətrafında birliyə çağırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın avqustun 23-də ABŞ-a səfəri və BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı Azərbaycanın qalib dövlət kimi beynəlxalq mövqeyini gücləndirməsi, regional lider statusunu təsdiqləməsi və sülh, əməkdaşlıq gündəliyini dünyaya təqdim etməsi baxımından həm tarixi, həm də böyük siyasi əhəmiyyət kəsb edir. Mübaliğəsizdir ki, BMT Baş Assambleyası dünya dövlətlərinin liderlərinin iştirak etdiyi beynəlxalq münasibətlər sistemində əsas qlobal platformalardan biridir.

Tarixi aspektdən baxdıqda bu səfəri ilk növbədə müstəqillikdən sonra diplomatik uğurların davamı kimi dəyərləndirmək lazımdır. Belə ki, Azərbaycanın dövlət başçısının avqustun 25-də BMT-nin ən ali tribunasında dünya ictimaiyyətinə səslənməsi ölkənin beynəlxalq siyasətdə fəal mövqeyini, tarixi nailiyyətlərini, regional və qlobal proseslərdə artan rolunu nümayiş etdirmək üçün fürsət deməkdir.

Bu hadisəyə Qarabağ münaqişəsinin yekunlaşması fonunda da qiymət vermək olar. 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Prezident İlham Əliyevin dünyaya ünvanladığı mesajlar artıq qalib dövlətin rəhbərinin çıxışı kimi tarixə düşür.

Bundan əlavə, Azərbaycan liderinin sessiyadakı çıxışında yeni regional reallıqların təsdiqi öz əksini tapmışdır. Azərbaycanın dövlət başçısı ilk dəfə olaraq beynəlxalq müstəvidə regionda separatizmin tam aradan qaldırıldığını, sülh və əməkdaşlıq üçün yeni şəraitin yarandığını bəyan etdi. Bu, tarixi dönüş nöqtəsi kimi qəbul edilir.

Prezident İlham Əliyevin sessiyada iştirakı və çıxışının böyük maraqla qarşılanması ölkənin qlobal arenada söz sahibinə çevrildiyini göstərir ki, bu da Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinin bariz göstəricisi kimi səfərin mühüm siyasi əhəmiyyətə malik olması qənaətini yaradır. Çıxışın tezisləri əsasən Zəfər tarixi, beynəlxalq əlaqələrin yeniləşən formatı və sülh təşəbbüsləri kimi üç əsas istiqamət üzrə formalaşır.

Bu müddəalar qlobal güclərlə münasibətləri əhatə edir ki, burada ABŞ, Rusiya, Çin, Avropa İttifaqı kimi aktorlarla əlaqələrin balanslaşdırılması, eləcə də ABŞ administrasiyası ilə keçirilən görüşlər Azərbaycanın çoxşaxəli xarici siyasət xəttini nümayiş etdirir.

Dövlətimizin başçısının çıxışında beynəlxalq hüququn selektiv tətbiqinə, xüsusən də Ermənistan–Azərbaycan münaqişəsi zamanı illərlə davam edən ədalətsiz yanaşmaya, ikili standartlara diqqət çəkməsi və bununla bağlı cəsarətlə BMT platformasından qlobal mesajlar verməsi səfərin siyasi əhəmiyyətini artıran məqamdır.

Bundan əlavə, Prezident İlham Əliyevin nitqində enerji və nəqliyyat təhlükəsizliyi əsas mövzulardan biri olmuşdur. Azərbaycan lideri ölkəmizin bütövlükdə Avrasiya məkanında strateji layihələrin mərkəzində olması, Avropa üçün enerji təhlükəsizliyində oynadığı rol xüsusi vurğulandı. Bu, Azərbaycanın qlobal siyasətdə vacib aktor olduğunu daha bir göstəricisidir.

Hesab edirəm ki, çıxışın ən diqqətçəkən əsas tezislərindən biri tarixi Qarabağ Zəfərindən sonra Cənubi Qafqaz bölgəsində yaranmış yeni siyasi və digər reallıqlar fonunda sülh gündəliyinin irəli sürülməsindən ibarət olmuşdur. Azərbaycan Prezidenti dünya ictimaiyyətinə bir daha ismarıc ünvanladı ki, Azərbaycan ədaləti təmin etmiş, regionda sabitlik və tərəfdaşlıq üçün yeni imkanlar yaratmış regional lider və güclü dövlətdir. Cənab İlham Əliyev çıxışının əvvəlində qeyd etmişdir ki, uzun illər ərzində o, bu kürsüdən Azərbaycan torpaqlarının işğalı, habelə ədalətsizlik və beynəlxalq hüququn pozulması məsələlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Bu dəfə isə “qələbə və sülh” çağırışı altında işğalın sona çatması, sülhə keçid və regionun yenidən inteqrasiyası ilə müşayiət olunan yeni mərhələyə yönəlmiş mesajlar verəcəyini bildirdi.

Dövlətimizin başçısı Ermənistanla münasibətlərin normallaşdırılmasının, regional sülh çağırışlarının bu gün Azərbaycanın siyasi kursunun mərkəzində dayandığını iştirakçıların diqqətinə çatdırmışdır. Cənab İlham Əliyev dünya ictimaiyyətinə bəyan etmişdir ki, artıq bölgədə separatizmə son qoyulub, sülh və əməkdaşlıq üçün unikal şərait yaranıb. Bu, həm Azərbaycanın 30 ildən artıq davam edən münaqişəyə son qoyması, həm də regionda yeni tarixi mərhələnin başlanğıcı deməkdir.

Ölkəmizin rəhbəri çıxışında bu il avqustun 8-də president Donald Trampın dəvəti ilə Vaşinqtonda baş tutmuş Azərbaycan, Ermənistan və ABŞ liderləri arasında sülh sazişinin ilkin mətnlərinin razılaşdırılması ilə bağlı görüşlərin əhəmiyyətindən danışmışdır.

O, xüsusilə, ABŞ liderinin “Trump International Peace and Prosperity Road (TRIPP)” adlı təşəbbüsü ilə Zəngəzur dəhlizinin açılması və regionun nəqliyyat inteqrasiyası ideyasını, habelə Donald Trampın ABŞ prezidenti olduğu zaman ərzində 907-ci düzəlişin (Section 907) ləğvi ilə bağlı siyasi iradəsini tarixi addım və sülh prosesinə ciddi təkan kimi dəyərləndirmişdir. Əsas nəticələrdən biri odur ki, sülh gündəliyində həm təşəbbüskar, həm vasitəçi, həm də inzibati iradə sahibi kimi ABŞ-ın mühüm rolu danılmazdır. Bu kontekstdə əsas tezis ondan ibarətdir ki, ABŞ-ın və xüsusilə Trump administrasiyasının atdığı addımlar regionda sülhün təşviqində açar rolunu oynaya bilər.

Cənubi Qafqaz bölgəsində sülhün labüdlüyünə inamını ifadə edən cənab İlham Əliyev bu prosesin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun aparılmalı olduğunu vurğulamışdır. Bu istiqamətdə əsas məqam odur ki, Azərbaycan sülh prosesini yalnız diplomatik platformada gözdən keçirmək niyyətində deyil və regional infrastruktur, nəqliyyat keçidləri və bölgə ölkələrinin və digər dövlətlərin qarşılıqlı fayda prinsipləri üzərində müştərək iştirakını nəzərdə tutulduğu yeni müxtəlif əlaqəlilik modelini təklif edir. Azərbaycan liderinin BMT-nin ali tribunasından dünya ictimaiyyətini dayanıqlı sülh gündəliyi ətrafında birliyə çağırışı məhz bu hədəfə xidmət edir: “Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır. Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq”.

Əli Hüseynli
Milli Məclisin deputatı

Geri dön