Ana Sayfa > Manşet / Siyasət / Özəl > Azər Məmmədov: “Azərbaycan öz hərbi gücünü ədalətin və hüququn bərpası üçün səfərbər etdi”

Azər Məmmədov: “Azərbaycan öz hərbi gücünü ədalətin və hüququn bərpası üçün səfərbər etdi”


Dünən, 16:00. Yazar: azer
Azər Məmmədov: “Azərbaycan öz hərbi gücünü ədalətin və hüququn bərpası üçün səfərbər etdi”

“XIX əsrin əvvəllərində baş verən Rusiya-İran müharibələrinin nəticəsində Cənubi Qafqazda yaranmış geosiyasi vəziyyət Azərbaycan xalqı üçün bir sıra faciələrlə yadda qaldı. Bu dövrdə ermənilər planlı şəkildə Azərbaycan ərazilərinə, xüsusilə də Qarabağ bölgəsinə köçürülməyə başlanmış, bundan sonra xalqımıza qarşı düşmənçilik niyyətləri reallaşdırılmağa başlamışdır. Ermənilər ilk gündən yerli toponimləri dəyişmək, iqtisadi cəhətdən əlverişli torpaqları zəbt etmək və yaşadıqları bölgələrdə azərbaycanlılara qarşı sıxışdırma siyasəti aparmaqla məşğul olublar. XX əsrin əvvəllərindəki siyasi təlatümlər, xüsusilə 1905-1907-ci illərdə və 1918-ci ildə baş verən hadisələr zamanı minlərlə soydaşımız qətlə yetirilmiş, tarixi torpaqlarımızda kütləvi qırğınlar törədilmişdir. Bu faciələr İrəvandan tutmuş Zəngəzura, Şamaxıdan Qubaya, Qarabağdan Göyçəyə qədər geniş bir coğrafiyanı əhatə etmişdir. Sovet hakimiyyəti dövründə də bu siyasət davam etdirildi. 1948-1953-cü illərdə Ermənistan ərazisindən 150 minə yaxın azərbaycanlı zorla çıxarılaraq ölkənin müxtəlif bölgələrində məcburi şəkildə yerləşdirildi. 1988-ci ildə isə daha 300 min soydaşımız öz doğma yurd-yuvasından qovuldu və nəticədə Ermənistan faktiki olaraq monoetnik bir ölkəyə çevrildi”

Bu fikirləri aia.az saytının baş redaktoru Azər Məmmədov bildirib.

Media təmsilçisi qeyd edib ki, ötən əsrin sonlarında Ermənistan yalnız işğal siyasəti ilə kifayətlənməyib, eyni zamanda Azərbaycan əhalisinə qarşı ağır cinayətlərə və soyqırımlara imza atıb: “1988-ci ildən etibarən, xarici dəstəkçilərinin köməyi ilə silahlandırılmış erməni silahlı birləşmələri Azərbaycanın ərazilərini bir-birinin ardınca işğal etməyə başladılar. 1994-cü ilə qədər ölkə ərazisinin 20 faizi işğal olundu. Bu müddət ərzində yaşayış məntəqələri yerlə yeksan edildi, dinc sakinlər amansızcasına qətlə yetirildi. Ağdaban, Başlıbel, Baqanis-Ayrım kimi kəndlərdə baş verənlər erməni vandalizminin bariz nümunəsidir. Lakin Xocalı faciəsi bu vəhşiliklərin ən qanlı səhifəsidir. 1992-ci ilin fevral ayında Xocalıda baş verən hadisələr zamanı 613 nəfər, o cümlədən qadınlar, uşaqlar və yaşlılar qətlə yetirildi. Onlarla ailə məhv edildi, yüzlərlə insan yaralandı və əlil oldu. Bu cinayət təkcə insanlığa qarşı deyil, həm də mədəniyyətə, irsə və tarixə qarşı yönəlmiş bir soyqırımı aktı idi.”

Daha sonra Azər Məmmədov əlavə edib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatına və mədəniyyətinə də ciddi ziyan dəyib: “İşğal dövründə şəhərlər və kəndlər viran qoyuldu, mədəniyyət abidələri məhv edildi, təbiətə və infrastruktura milyardlarla dollar dəyərində ziyan vuruldu. Bu cinayətlərin siyasi və hüquqi qiyməti ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən verildi. 1998-ci ildə imzalanan fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi elan olundu.”

Sayt rəhbəfi fikirlərinə davam edərək vurğulayıb ki, Azərbaycan uzun illər sülhə ümid etsə də, nəticə əldə olunmadığı üçün son çarə kimi hərbi yola əl atmalı oldu: “30 ilə yaxın müddət ərzində beynəlxalq hüququn prinsipləri işləmir, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar icra olunmurdu. Dörd qətnamənin icrasız qalması, Ermənistanın daimi təxribatları və ədalətsizlik Azərbaycana alternativ qoymadı. Cənab Prezident İlham Əliyev dəfələrlə beynəlxalq tribunalardan bu vəziyyətin dözülməz və təhlükəli olduğunu bəyan etmişdi. Azərbaycan bu səbəbdən hərbi potensialını gücləndirdi, iqtisadi inkişafla paralel olaraq ordu quruculuğuna xüsusi önəm verdi. Məhz bu siyasətin nəticəsi idi ki, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi cəmi 44 gün ərzində Azərbaycanın Qələbəsi ilə başa çatdı.”

Sonda Azər Məmmədov müharibədən sonra da Ermənistan tərəfinin sülhə meylli davranmadığını diqqət mərkəzinə çəkib: “2020-ci ilin 10 noyabr tarixində imzalanan üçtərəfli bəyanata baxmayaraq, Ermənistan öhdəliklərini yerinə yetirmədi. Silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmadı və bölgədə təxribatlar törətməyə davam etdi. Nəticə etibarilə 2023-cü ilin sentyabrında Azərbaycan Ordusu lokal antiterror tədbirləri həyata keçirdi və çox qısa bir müddətdə bölgədə suverenliyi tam bərpa etdi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı bir təhlükə dərhal cavabını alacaq. Azərbaycan öz torpaqlarını beynəlxalq hüququn və ədalətin tələblərinə uyğun şəkildə azad edib və bu, ölkənin hərbi, siyasi və iqtisadi gücünün təntənəli göstəricisidir”.
Geri dön