Ana Sayfa > Gündəm > Gürcüstan portallarında AZƏRTAC-ın müxbirinin Anım Günü ilə bağlı məqaləsi dərc olunub

Gürcüstan portallarında AZƏRTAC-ın müxbirinin Anım Günü ilə bağlı məqaləsi dərc olunub


Dünən, 21:53. Yazar: azer
Gürcüstan portallarında AZƏRTAC-ın müxbirinin Anım Günü ilə bağlı məqaləsi dərc olunub

Gürcüstanda geniş oxucu kütləsinə malik aktual.ge, interpress.ge və 24news.ge portallarında AZƏRTAC-ın xüsusi müxbiri Xətayi Əzizovun “27 Sentyabr – Anım Günü kədərin qürurla, xatirənin inamla, keçmişin gələcəklə birləşdiyi gündür” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə Azərbaycanın ən yeni tarixində xüsusi yerə malik olan 27 Sentyabr – Anım Gününün təkcə ölkəmizdə deyil, dünyanın 100-ə yaxın ölkəsində qeyd olunduğu bildirilir.

Qeyd olunur ki, bu gün bütün xalqımızın müstəqillik, suverenlik və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında baş əydiyi gündür. Bu gün kədər və qəmin, şərəf və qürurun rəmzidir.

Eyni zamanda, məqalədə onilliklər boyu Ermənistan rəhbərliyi tərəfindən yürüdülən etnik təmizləmə, işğalçılıq siyasət nəticəsində torpaqlarımızın 20 faizdən çoxunun işğal olunduğu, yüz minlərlə azərbaycanlının doğma yurd-yuvasından didərgin düşdüyü, on minlərlə soydaşımız etnik təmizləmələrə və soyqırımlarına məruz qaldığı vurğulanır.

Bildirilir ki, Ermənistanın təcavüzkar siyasəti və hərbi təxribatları nəticəsində Azərbaycan öz suveren hüquqlarını müdafiə etmək üçün cavab addımları atmağa məcbur qalıb və 2020-ci il sentyabrın 27-də təkcə Azərbaycan tarixində deyil, dünya hərb tarixində yeni bir səhifə açıb.

2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əks- hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu misilsiz hərbi peşəkarlıq, yüksək döyüş ruhu və sarsılmaz iradə nümayiş etdirib, cəmi 44 gün ərzində torpaqlarımızı işğaldan azad edib. Bu Qələbənin yalnız hərbi deyil, həm də siyasi əhəmiyyət daşıdığının vurğulandığı məqalədə bildirilir ki, bu gün Azərbaycan azad edilmiş torpaqlarda yeni həyat qurur, Qarabağı və Şərqi Zəngəzuru inkişaf, mədəniyyət və beynəlxalq əməkdaşlıq mərkəzinə çevirir.

“Bu gün qətiyyətlə, qürur və fəxrlə deyirik: 27 Sentyabr kədərin qürurla, xatirənin inamla, keçmişin gələcəklə birləşdiyi gündür. Bu gün biz bir daha təsdiqləyirik: qəhrəmanlarımızın qanı yerdə qalmadı. Azərbaycan bu gün möhkəm sülhə, sabitliyə və qüdrətə sahibdir”, – deyə məqalədə vurğulanır.
Geri dön