Ana Sayfa > Siyasət > Dəmir yumruğun şiddətinin başlanğıcı – Zəfərə aparan yol

Dəmir yumruğun şiddətinin başlanğıcı – Zəfərə aparan yol


Bu gün, 10:01. Yazar: azer
Dəmir yumruğun şiddətinin başlanğıcı – Zəfərə aparan yol

Azərbaycan tarixi daim qəhrəmanlıq, mübarizə və qələbə səhifələri ilə zəngindir. Ancaq bu tarixdə elə günlər var ki, onlar xalqımızın yaddaşına xüsusi izlə həkk olunub. 2020-ci il 27 sentyabr məhz belə günlərdəndir. Bu tarixdən başlanan Vətən müharibəsi yalnız hərbi əməliyyat deyildi, bu, xalqımızın illərlə davam edən həsrətinin sonu, ədalətin bərpası və Qələbəyə aparan yolun başlanğıcı idi.

30 ilə yaxın işğal altında qalan Qarabağ və ətraf rayonlarımız xalqımızın ürəyində yaraya çevrilmişdi. Məcburi köçkünlər yurd həsrəti ilə yaşayır, torpaqlarımızda düşmən öz istədiyi kimi davranır, abidələrimiz məhv edilirdi. Amma xalqımız dözdü, gözlədi, güvəndi və əmin idi ki, gec-tez haqq-ədalət öz yerini tapacaq.

27 sentyabr 2020-ci il bu inamın gerçəkliyə çevrildiyi gün oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmənin bütün istehkamlarını dağıdaraq əks-hücuma başladı. Hər qarış torpaq, hər yüksəklik, hər kənd və şəhər şəhid qanı bahasına azad edildi. Beləcə, xalqımızın qan yaddaşı şəhidlərimizin igidliyi ilə yazılmağa başladı.

Qələbəyə aparan yol asan olmadı. Bu yolun başlanğıcında xalqımızın illərlə sərgilədiyi səbr və dözüm, dövlətimizin həyata keçirdiyi diplomatik və hərbi hazırlıq, ordumuzun illərlə keçdiyi müasir quruculuq mərhələsi dayanırdı.

Siyasi iradə - Dövlət başçısının qətiyyəti, “Qarabağ Azərbaycandır!” şüarı ilə xalqın ürəyinə ümid verməsi.

Milli birlik - Müharibə günlərində xalqın bir nəfər kimi dövlətin və ordunun ətrafında birləşməsi.

Ordunun gücü - İllər boyu aparılan islahatlar nəticəsində ordumuz ən müasir texnika ilə təmin olundu, yüksək hazırlıqlı zabit və əsgərlər yetişdi.

Şəhidlərimizin fədakarlığı - Qələbənin əsası məhz canından keçən qəhrəman oğullarımızın qanı ilə qoyuldu.

Bu yolun zirvəsi isə 8 noyabr 2020-ci ildə Şuşanın azad olunması oldu. Şuşa yalnız strateji əhəmiyyətinə görə deyil, həm də milli kimliyimizin, mədəniyyətimizin simvolu olduğu üçün Qələbənin açarı idi.

10 noyabr Bəyanatı ilə isə Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, işğal faktına son qoydu. Bu, xalqımızın əsrlərlə davam edən qəhrəmanlıq tarixində yeni bir səhifə – Qarabağ Zəfəri səhifəsi oldu.
2020-ci il 27 sentyabr tarixi Azərbaycanın dövlətçilik və milli həmrəylik tarixində dönüş nöqtəsi oldu. Həmin gün başlayan Vətən müharibəsi ölkəmizin bütün bölgələrində olduğu kimi, Şirvan şəhərində də böyük fədakarlıq və vətənpərvərlik ruhunun nümayişi ilə yadda qaldı.

Şirvan şəhərinin igid oğulları Vətən çağırışına ilk gündən qoşularaq döyüş meydanına yollandılar. Onların bir çoxu canından keçərək şəhidlik zirvəsinə ucaldı, digərləri isə qazilik adı qazandı. Şirvanlı ailələr övladlarını Vətən yolunda fəxrlə yola saldılar və onların mübarizəsini dəstəklədilər. Bu şəhərin sakinləri cəbhə ilə arxa cəbhə arasında körpü rolunu.
Şirvan şəhərində qadınlar, gənclər, yaşlılar birlikdə həmrəy olaraq şəhid ailələrinə, yaralı döyüşçülərə diqqət və qayğı göstərdilər. Təkcə hərbi meydanda deyil, arxa cəbhədə də fədakarlıq nümayiş etdirildi. Şirvan ictimaiyyəti bu ağır günlərdə dövlətin və ordunun ətrafında sıx birləşərək, həmrəyliyin bariz nümunəsini göstərdi.
Bu gün də Şirvan şəhərində Vətən müharibəsi şəhidlərinin xatirəsi böyük ehtiramla yad edilir, onların qəhrəmanlıq salnaməsi gələcək nəsillərə örnək kimi təqdim olunur. Onların göstərdiyi fədakarlıq Azərbaycan xalqının azadlıq, müstəqillik və ədalət uğrunda mübarizəsinin parlaq nümunəsidir.

Bu Qələbə asan başa gəlmədi. Minlərlə şəhid verdik. Hər bir şəhidin qanı bizim yolumuza işıq saçdı, hər bir ananın göz yaşı bu torpağın müqəddəsliyini bir daha göstərdi.

Əziz şəhid anaları! Sizin övladlarınız təkcə sizin deyil, bütün xalqın övladıdır. Onlar Azərbaycanın azadlığı və gələcəyi üçün canlarından keçdilər. Bu gün Qarabağ torpaqlarında bayrağımız dalğalanırsa, bu, məhz sizin igid oğullarınızın qəhrəmanlığı sayəsindədir.

Bu gün Qarabağ yenidən qurulur. İşğaldan azad olunmuş torpaqlarda yeni məktəblər, yollar, xəstəxanalar tikilir. Məcburi köçkünlər öz yurdlarına qayıdır. Uşaq səsi, bayraq rəngləri Qarabağın hər guşəsini bəzəyir.

Bu torpaqların gələcəyi artıq işıqlıdır. Çünki bu sabahın təməli şəhid qanı ilə möhkəmlənib, milli iradə ilə qurulub. Qarabağın gələcəyi Azərbaycanın gələcəyi deməkdir.

27 sentyabr – xalqımızın qan yaddaşının başlanğıcı, 8 noyabr isə milli qürurumuzun zirvəsidir. Bu iki tarix arasında uzanan yol Qələbəyə aparan yoldur.

Bu yol şəhidlərin qanı, qazilərin mübarizəsi, ordumuzun şücaəti və xalqımızın birliyi və Ali Baş Komandanın yüksək peşəkar rəhbərliyi ilə yazıldı. Bu yol Azərbaycanı qalib dövlət, xalqımızı qalib millət etdi.

Qoy 27 sentyabr xalqımızın yaddaşında qəhrəmanlıq, Qələbəyə inam və milli birlik günü kimi daim yaşasın! Qoy şəhidlərimizin ruhu daim rahat olsun, Qarabağımız isə əbədi işıqlı sabaha boyansın!

Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının sədri

Geri dön