Ana Sayfa > Manşet / Siyasət / Özəl > Göydəniz Qəhrəmanov: “Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə sərsəm erməni ideyalarının da sonunu gətirdi”
Göydəniz Qəhrəmanov: “Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə sərsəm erməni ideyalarının da sonunu gətirdi”Bu gün, 09:42. Yazar: azer |
![]() “Uzun illərdir Ermənistan rəhbərliyi “dənizdən dənizə Ermənistan” adlı əsassız və sərsəm ideyanı təbliğ etməklə bu ölkəni regionda sülhə və sabitliyə ən böyük təhdidə çevirmişdi.Bu utopik xəyalın reallaşdırılması naminə ermənilər daim Azərbaycan torpaqlarına göz dikir, tarixin müxtəlif dövrlərində öz havadarlarının köməyi ilə bu torpaqları hissə-hissə zəbt edirdi. Nəhayət keçmiş sovet imperiyasının süqutundan sonra Ermənistan yaranmış vəziyyətdən istifadə edərək Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrini də işğal etmişdi. Bu işğala isə bəzi xarici havadarlar açıq və gizli şəkildə dəstək verirdilər. Beynəlxalq təşkilatların ədalətsiz və ikili standartlara əsaslanan yanaşması, münaqişəni həll etmək əvəzinə, onu dondurulmuş vəziyyətdə saxlamağa xidmət etdi. Lakin Azərbaycan xalqı bu ədalətsizliyə heç vaxt razı olmadı və gücünü toplayaraq zamanı gələndə haqqını geri aldı.” Bu sözləri aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib. Fikirlərini davam etdirən deputat Azərbaycanı tarixi Zəfərlərə gətirib çıxaran yoldan bəhs edib: “Ulu Öndər tərəfindən təməli goyulmuş siyasi kurs Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə daha da gücləndirdi və beynəlxalq mövqeləri möhkəmləndirildi. Cənab Prezident dəfələrlə bəyan edirdi ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq. Hərbi gücümüzün möhkəmləndirilməsi və ictimai rəy göstərirdi ki, Azərbaycan öz torpaqlarını istənilən an azad etməyə hazırdır. Bu hazırlıq ölkəmizi və xalqımızı 2020-ci ildə böyük Zəfərə aparan əsas amillərdən biri oldu. Həmin ilin 27 sentyabrında başlanan İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun qətiyyətli əks-hücumu ilə tarixə Zəfər yürüşü kimi yazıldı. Cəbhənin bütün istiqamətlərində uğurlar qazanan Ordumuz bir-birinin ardınca şəhər və kəndləri azad etdi. Bu dövrdə Ölkə Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi, diplomatik çevikliyi və hər zaman olduğu kimi xalqla birbaşa, açıq ünsiyyəti cəmiyyətin ruh yüksəkliyini daha da artırdı. Nəhayət, 10 noyabrda Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bu Bəyanat Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə nəticələndi və tarixi ədalət zəfər çaldı.” Sonda Göydəniz Qəhrəmanov müharibə dövründə ölkəmizdə yaşanan Milli həmrəylik mühitindən danışaraq bunları deyib: “44 günlük müharibə təkcə ordunun deyil, xalqın da imtahanı idi. Hər bir Azərbaycanlı Vətən uğrunda səfərbər oldu və Müzəffər Ali Baş Komandanın ətrafında toplaşaraq, bir yumuruq olaraq Ölkə Prezidentinin və ordumuzun yanında oldu. Bu həmrəylik cəbhədəki əsgərlərə, rəhbərliyə və bütövlükdə mübarizəyə güc verdi. Azərbaycan cəmiyyəti sübut etdi ki, birlik zəfərin bünövrəsidir” – deyə, millət vəkili fikirlərini tamamlayıb. Geri dön |