Ana Sayfa > Özəl > Ədalətli dünya qurmağa qətiyyətli çağırış

Ədalətli dünya qurmağa qətiyyətli çağırış


Bu gün, 09:12. Yazar: sevinc1
Ədalətli dünya qurmağa qətiyyətli çağırış

Cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı tarixin ağır səhifələrini qapatdığını və yeni bir dövrün qapılarını açdığını dünyaya bəyan edən səs oldu. Bu kürsüdə uzun illər danışılan ədalətsizlik və işğal kabusundan sonra, cənab Prezident bu dəfə Qələbənin zəfər marşından və sülhün bərpası yolundan bəhs etdi. O, Ermənistanın etnik təmizləmə siyasətinin nəticəsi olaraq bir milyon azərbaycanlının yurd-yuvasından didərgin düşməsi ilə başlayan faciənin acı bir miras olduğunu xatırlatdı. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin otuz il ərzində bir kağız parçası olaraq qalmasını beynəlxalq hüququn acizliyi adlandırdı. Nəticədə, ATƏT-in Minsk qrupu adlı səmərəsiz mexanizmin sükutundan sonra, Azərbaycan BMT Nizamnaməsinə arxalanaraq, Vətən müharibəsi ilə öz ədalətini bərpa etməyə məcbur oldu: “Otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. Biz mülki şəxslərin mühafizəsini təmin etdik, qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi.”
Cənab Prezident İlham Əliyev çıxışında sülhün baharını müjdələdi. Tarixi Vaşinqton sammitində sülh müqaviləsi mətninin paraflanması və Birgə Bəyanatın imzalanması qarşılıqlı hörmət və suverenlik üzərində qurulan münasibətlərin təməli oldu. Bu sülh təşəbbüsü ATƏT-in Minsk qrupunun tarixə qovuşması ilə möhürləndi. Cənab Prezident "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) kimi qeyd olunan Zəngəzur dəhlizinin yalnız iqtisadi deyil, həm də etimad körpüsü kimi regional əlaqələrə verdiyi töhfəni vurğuladı. ABŞ-la münasibətlərdə imzalanan Strateji İşçi Qrupu sazişi yeni bir fəsil açaraq, 907-ci düzəlişin icrasının dayandırılmasını ikili standartlara vurulan ilk zərbə adlandırdı.

İşğaldan azad edilmiş torpaqlar indi Dirçəlişin simvoludur. Cənab Prezident, Ermənistanın məqsədli şəkildə dağıtdığı 65 məscid və şəhərlərin xarabalıqlarının yenidən qurulması ilə "Böyük Qayıdış"ın artıq reallıq olduğunu bildirdi. Lakin bu Qayıdışın yolunda mina təhlükəsi hələ də qorxunc bir kölgə kimi dayandığını, 400-dən çox mülki şəxsin və hərbçinin həyatını aldığını, həmçinin dörd minə yaxın itkin düşən vətəndaşımızın taleyinin qaranlıq qaldığını qeyd etdi.
Qlobal arenada Azərbaycanın rolu isə təkcə neftlə deyil, həm də əməkdaşlıq ruhu ilə ölçülür. COP29-a ev sahibliyi etməkdən qürur duyduğunu bildirən cənab Prezident, qəbul edilən Bakı Maliyyə Hədəfi (NCQG) ilə qlobal iqlim ədalətinin bünövrəsinin qoyulduğunu vurğuladı. O, enerji təhlükəsizliyi məsələsində real hədəflər qoymağa çağıraraq, Azərbaycanın 14 ölkəyə qaz ixrac edən etibarlı tərəfdaş olaraq Avropanın enerji xəritəsindəki əvəzsiz yerini bir daha xatırlatdı.

Cənab Prezident İlham Əliyev nitqini bu ruhlandırıcı sözlərlə tamamladı: "Azərbaycan həm müharibəni uddu, həm də sülhü qazandı. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu." O, beynəlxalq birliyi ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi bir dünya qurmağa çağırdı.


Kəmalə Həsənova,
Gəncə dövlət Universitetinin tarix-coğrafiya
fakültəsinin II kurs tələbəsi

Geri dön