Ana Sayfa > Manşet / Siyasət > Şanlı Qələbənin və suverenliyin bərpasına gedən yolun başlanğıcı

Şanlı Qələbənin və suverenliyin bərpasına gedən yolun başlanğıcı


Bu gün, 16:19. Yazar: azer
Şanlı Qələbənin və suverenliyin bərpasına gedən yolun başlanğıcı

27 sentyabr – Anım Günü Vətən uğrunda canından keçmiş minlərlə qəhrəmanın müqəddəs xatirəsinə göstərilən ali ehtiramın təcəssümüdür. Həmin gün xalqımızın azadlıq və ədalət uğrunda mübarizəsinin təzahürü kimi tarixə həkk olunub.

Vətən müharibəsinin başlanması Azərbaycan üçün seçim yox, qaçılmaz tarixi zərurət oldu. Ermənistanın işğalçı siyasəti, beynəlxalq təşkilatların qeyri-obyektiv və ikili standartlara əsaslanan mövqeyi uzun illər ərzində aparılan sülh danışıqlarını nəticəsiz qoydu. Belə ki, BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərin azad olunmasını tələb edən qətnamələri kağız üzərində qaldı. Bu faktor beynəlxalq hüququn prinsiplərinin pozulmasının bariz nümunəsi idi.

Ermənistanın ifrat millətçi ideologiyası – “dənizdən dənizə Ermənistan” kimi əsassız iddiaları, tarixi saxtalaşdırmaq cəhdləri, soyqırımlar və deportasiyalar, toponimlərin dəyişdirilməsi, ardıcıl təxribatlar regionda davamlı sülhü mümkünsüz edirdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın yeni hərbi hücumu Azərbaycanı əks-hücum əməliyyatına başlamağa vadar etdi. Beləliklə, ölkəmiz öz suverenliyini, beynəlxalq hüquqla tanınmış sərhədlərini təmin etmək üçün müharibəyə məcbur oldu.

Cəmi 44 gün davam edən Vətən müharibəsi müasir tariximizin ən şanlı səhifələrindən biri kimi yadda qalıb. Ordumuzun qəhrəmanlığı, yüksək döyüş hazırlığı və xalqın müstəsna dəstəyi nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Ən çətin əməliyyatlardan biri – Şuşanın azad olunması Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığını dünyaya nümayiş etdirib.

2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Üçtərəfli bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan geri qaytarılıb. Bu şanlı Qələbə xalqın milli birliyinin, dövlətin siyasi qətiyyətinin və diplomatik məharətinin təntənəsi idi. Qazanılan Zəfər həm də uzun illər xalqımıza sarsılmaz inam və gələcəyə güvən bəxş edib.

Tarixi zəfər yolunda canını fəda edən şəhidlər, döyüş meydanında misilsiz şücaət göstərən qazilər xalqımızın əbədi qürur mənbəyidir. Onların fədakarlığı nəsildən-nəslə ötürüləcək milli irsə çevrilib. Hər bir şəhidin adı torpağın, azadlığın, müstəqilliyin təzahürü kimi yaddaşımızda yaşayır. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, ölkəmizdə hər il qeyd olunan 27 sentyabr – Anım Günü bu qəhrəmanların əziz xatirəsini yaşatmaq, onların ruhuna ehtiram göstərmək və vətənpərvərlik hisslərini gələcək nəsillərə aşılamaq məqsədi daşıyır.

Qələbədən sonra dövlətin ən vacib istiqamətlərindən biri şəhid ailələrinə və qazilərə yüksək diqqət və qayğının təmin olunması idi. Sosial müdafiə mexanizmlərinin gücləndirilməsi, yeni mənzillərin verilməsi, müavinətlərin artırılması və digər tədbirlər bu siyasətin əsas istiqamətlərini təşkil edir. “YAŞAT” Fondunun yaradılması şəhid ailələrinin və qazilərin ehtiyaclarının qarşılanması üçün unikal mexanizmə çevrilib. Bu amillər həm də xalqın dövlətə inamını gücləndirib, şanlı Zəfərin yalnız hərbi yox, sosial-siyasi dəyər daşıdığını təsdiqləyib. Dövlətimizin başçısı qeyd edib: “Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib”.

Yeni medal və ordenlərin təsis olunması Qələbənin əbədiləşdirilməsinin və iştirakçılara göstərilən ali diqqətin bariz təzahürüdür. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş, döyüş tapşırıqlarını uğurla icra etmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən imzalanan sərəncamlarla müxtəlif orden və medallar ilə təltif olunublar. Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis edilib.

Azərbaycan dövləti tarixi Zəfəri gələcək nəsillərin yaddaşında əbədi yaşatmaq üçün mühüm layihələr həyata keçirir. Paytaxtda salınan Zəfər Parkı, Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi xalqın qəhrəmanlıq dastanını dünyaya təqdim edir.

27 sentyabr – Anım Günü milli birliyi, qəhrəmanlıq ruhunu və tarixi qələbənin təntənəsini ehtiva edir. Xalqımız şəhidlərin müqəddəs xatirəsini əziz tutur, qazilərin şücaətini qürurla yad edir və onların yaratdığı qəhrəmanlıq irsini gələcək nəsillərə ötürür. Azadlıq və Zəfər şəhidlərin canı bahasına qazanılıb və bu mirası qorumaq hər birimizin müqəddəs vəzifəsidir.

Heydər Əsədov
​Milli Məclisin deputatı



Geri dön