Ana Sayfa > Özəl > Biz həm müharibədə, həm də sülhdə qələbə qazandıq
Biz həm müharibədə, həm də sülhdə qələbə qazandıqBu gün, 15:28. Yazar: azer |
![]() 2025-ci il sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək ölkəmizin son onilliklərdə keçdiyi mürəkkəb, eyni zamanda qürurverici inkişaf yolunu, regionda sülhə və əməkdaşlığa verdiyi töhfələri dünya ictimaiyyətinə təqdim etdi. Dövlət başçısının nitqi həm tarixi faktların təhlili, həm də gələcəyə dair aydın baxışların ifadəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev çıxışında xatırlatdı ki, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə və hərbi cinayətlər nəticəsində bir milyona yaxın azərbaycanlı öz doğma yurd-yuvasından didərgin salınıb. 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərinin 20 faizi işğal altında qalıb. Bu, həm BMT Nizamnaməsinə, həm də beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd idi. Azərbaycan lideri bir daha beynəlxalq aləmə xatırlatdı ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan qoşunlarının qeyd-şərtsiz işğal olunmuş ərazilərdən çıxarılmasını tələb etsə də, bu sənədlər icra olunmadı. Ermənistan isə beynəlxalq ictimaiyyətin sanksiyasız laqeyd münasibətindən istifadə edərək işğal siyasətini davam etdirdi. Dövlət başçısı ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinə toxunaraq qeyd etdi ki, bu qurum 30 ilə yaxın müddətdə münaqişənin həllinə deyil, status-kvonun saxlanmasına xidmət etdi. Nəticədə Azərbaycan 2020-ci ildə beynəlxalq hüquqa əsaslanan özünümüdafiə hüququndan istifadə edərək Vətən müharibəsinə başladı. Müharibə zamanı Ermənistan şəhər və kəndlərimizi ballistik raketlərlə və kasetli bombalarla hədəfə aldı, yüzdən çox mülki vətəndaşımız qətlə yetirildi. Azərbaycan isə beynəlxalq humanitar hüququn tələblərinə riayət etdi, mülki əhalini və qeyri-hərbi infrastrukturu hədəf seçmədi. 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə nəticələndi. 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan müharibədən dərhal sonra Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib. Rəsmi Bakı beynəlxalq hüquqa əsaslanan beş fundamental prinsip irəli sürərək danışıqlar prosesinə start verib. 2022–2025-ci illərdə gedən danışıqlar nəticəsində Vaşinqton Sammitində mühüm nəticələr əldə olundu. Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar, Prezident İlham Əliyev və Ermənistanın Baş naziri birgə bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp isə bu tarixi prosesin şahidi qismində sənədə imza atdı. Bununla yanaşı, köhnəlmiş ATƏT-in Minsk qrupu və əlaqədar strukturların fəaliyyətinə son qoyuldu. Bu, regionda real sülh prosesinin yalnız ikitərəfli danışıqlar və qarşılıqlı etimad əsasında mümkün olduğunu təsdiqlədi. Azərbaycanın təşəbbüsü ilə yaradılan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) Zəngəzur dəhlizi üzərindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları gücləndirəcək. Bu layihə həm region ölkələri, həm də beynəlxalq ictimaiyyət üçün strateji əhəmiyyət kəsb edir. Bundan başqa, Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması barədə razılıq əldə olundu. Enerji, iqtisadiyyat, təhlükəsizlik, nəqliyyat və digər sahələrdə əməkdaşlıq üçün yeni perspektivlər açıldı. ABŞ-ın 907-ci düzəlişin icrasını dayandırması isə Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı oldu. Prezident İlham Əliyev çıxışında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma proseslərindən bəhs etdi. Ermənistanın 30 ilə yaxın işğal dövründə yerlə-yeksan etdiyi şəhər və kəndlər, dağıdılmış 65 məscid artıq bərpa olunur. “Böyük Qayıdış” proqramı çərçivəsində bu gün 50 mindən çox insan doğma torpaqlara qayıdaraq yaşayır, işləyir və təhsil alır. Bu, Azərbaycanın gücünün, iradəsinin və gələcəyə inamının göstəricisidir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə liderlik rolunu vurğuladı. COP29-un ev sahibi kimi ölkəmiz bütün tərəflərin, xüsusən də inkişaf etməkdə olan ölkələrin səslərinin eşidilməsinə şərait yaratdı. Bakı Maliyyə Hədəfi kimi tanınan Yeni Kollektiv Kəmiyyət Hədəfi qlobal iqlim maliyyələşməsində tarixi mərhələ oldu. Eyni zamanda, Azərbaycanın enerji təhlükəsizliyi sahəsində rolu xüsusi qeyd edildi. Hazırda ölkəmiz 14 dövlətə qaz ixrac edir və bu, Azərbaycanın beynəlxalq bazarlarda etibarlı tərəfdaş olduğunu sübut edir. Paralel olaraq, bərpaolunan enerji layihələri genişlənir və 2030-cu ilə qədər enerji istehsalının 40 faizi bu mənbələr hesabına təmin ediləcək. Azərbaycan yalnız regional deyil, qlobal miqyasda da humanitar təşəbbüslərin fəal iştirakçısıdır. Ölkəmiz təbii fəlakətlər və pandemiya zamanı 80-dən çox dövlətə yardım göstərib. Bu, Azərbaycanın beynəlxalq həmrəyliyə verdiyi əhəmiyyətin bariz nümunəsidir. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, "Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü Geri dön |