Ana Sayfa > Manşet / Siyasət > "Azərbaycan 44 gün ərzində möhtəşəm Zəfərə imza atdı"

"Azərbaycan 44 gün ərzində möhtəşəm Zəfərə imza atdı"


Bu gün, 12:27. Yazar: azer
"Azərbaycan 44 gün ərzində möhtəşəm Zəfərə imza atdı"

27 sentyabr – Anım Günü şəhidlərimizin əziz xatirəsinin uca tutulduğu, xalqımızın qəhrəmanlıq salnaməsinin hörmətlə yad edildiyi tarixi dönüş nöqtəsidir. Dövlət səviyyəsində keçirilən anım tədbirləri milli kimliyimizin qorunması, Vətən sevgisinin tərənnümü, mübarizə əzminin nəsildən-nəsilə ötürülməsi üçün mühüm bir missiya daşıyır. Bu amillər xalqın birliyini, həmrəyliyini nümayiş etdirir və şəhidlərin ruhuna ehtiramın bariz ifadəsinə çevrilir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində müstəqil dövlətimizin tarixində ən şanlı səhifələrdən biri yazıldı.

Bu səhifə həm hərb, həm diplomatiya, həm də milli birliyin Zəfər salnaməsidir. İkinci Qarabağ müharibəsi uzun illər davam edən işğalçı siyasətin, beynəlxalq təşkilatların fəaliyyətsizliyinin, ikili standartların və Ermənistanın sülh danışıqlarını pozmaqla həyata keçirdiyi təxribatların qaçılmaz nəticəsi idi. Ermənistanın işğalı altında qalan torpaqlarımızda törədilən dağıntılar, şəhər və kəndlərin yerlə-yeksan edilməsi, tarixi və mədəni irsimizin məhv edilməsi, məscidlərimizin təhqir olunması, qəbiristanlıqların dağıdılması xalqımıza qarşı aparılan məqsədyönlü düşmənçilik siyasətinin bariz nümunəsi idi. Bundan başqa, yüz minlərlə insan öz yurd-yuvasından didərgin düşərək uzun illər məcburi köçkün həyatı yaşamağa məhkum edildi. Bu, təkcə hərbi işğal yox, həm də etnik təmizləmə siyasəti idi ki, sülh yolu ilə həll imkanlarını getdikcə aradan qaldırırdı. Beynəlxalq hüququn Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləməsinə baxmayaraq, dünya birliyinin fəaliyyətsiz mövqeyi, xüsusən də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin uzun illər icra olunmaması ədalətin təmin edilməsinə ciddi maneə yaratmışdı. 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin Tovuz hadisələri xalqımızın işğalla heç vaxt barışmayacağını sübut etdi. 2020-ci il sentyabrın 27-də atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu cəbhə boyu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq ölkəmizə qarşı növbəti təcavüzə başladılar. Azərbaycan Ordusunun düşmənə qətiyyətli cavabı yeni tarixi mərhələyə yol açdı. Bu, 44 gün davam edən və tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsinin başlanğıcı idi.


Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, xalq-ordu birliyinin misilsiz gücü nəticəsində Azərbaycan 44 gün ərzində dünya hərb tarixinə düşəcək bir möhtəşəm Zəfərə imza atdı. Bu müharibə yalnız hərbi əməliyyatların uğuru deyil, həm də milli həmrəyliyin, xalqımızın sarsılmaz iradəsinin, dövlətimizin gücünün təntənəsi idi. Azərbaycan Ordusu mərhələ-mərhələ irəliləyərək noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib. Ən mühüm tarixi dönüş isə Şuşanın azad olunması ilə reallaşıb, əsgərlərimizin misilsiz qəhrəmanlığı, yüksək peşəkarlığı və dönməz iradəsi sayəsində mədəniyyət beşiyimiz olan bu şəhər düşmən tapdağından qurtarılıb. Bu Qələbə artıq müharibənin taleyini müəyyən etdi və Azərbaycanın şanlı Zəfərinə gedən yolu açıb. 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanatla Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan geri qaytarılıb. Bu sənəd Azərbaycanın siyasi və hərbi qələbəsinin təsdiqi olub. Beləliklə, 30 ilə yaxın davam edən işğala son qoyulub və xalqımız tarixi ədaləti bərpa edib.

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Bu tarixi gün şəhidlərimizə verilən yüksək dəyərin, xalqımızın keçdiyi çətin və şərəfli yolun, həmçinin əldə etdiyi şanlı Qələbənin əhəmiyyətinin göstəricisidir. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürülüb. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşıb. Müharibənin ən böyük qəhrəmanları şəhidlərimiz və qazilərimizdir, onların göstərdiyi igidlik xalqımızın qürur mənbəyidir. Hər bir şəhidin adı milli yaddaşımızda əbədi yaşayır, onların qəhrəmanlığı gələcək nəsillər üçün əsl vətənpərvərlik dərsidir.

Şəhidlərimizin əziz xatirəsi əbədiləşdirilir, onların ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunur. Qazilərimizin müalicəsi, sosial müdafiəsi, cəmiyyətə tam inteqrasiyası üçün xüsusi proqramlar həyata keçirilir. Bu istiqamətdə “YAŞAT” Fondu həm dövlətin, həm də xalqın həmrəyliyinin bariz nümunələrindən biridir. Bakı şəhərində salınan Vətən Müharibəsi Memorial Kompleksi, Zəfər Muzeyi, Zəfər parkı, habelə şəhər və rayonlarda ucaldılan abidələr, şəhidlərimizin adlarının əbədiləşdirilməsi bu Qələbənin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır. Həmçinin, təsis edilən “Zəfər” və “Qarabağ” ordenləri, 15 yeni medal qəhrəmanlarımızın adlarının tarixdə əbədi yaşadılmasının göstəricisidir. Xalqımız bir daha sübut etdi ki, heç bir güc onu haqq yolundan döndərə bilməz. Hazırda azad olunmuş torpaqlarda həyata keçirilən quruculuq və bərpa işləri xalqımızın arzularını reallaşdırır, şəhidlərin ruhunu şad edir. 27 sentyabr – Anım Günü hər bir azərbaycanlı üçün qəhrəmanlıq və Vətənə sədaqətin bariz nümunəsidir. Həmin gün gələcək nəsillər üçün mübarizə iradəsinin, milli qürurun və qalib mövqeyimizin ən möhtəşəm təzahürü olaraq yaddaşlara yazılıb.

Bədəl Bədəlov,
Milli Məclisin deputatı






Geri dön