Ana Sayfa > Manşet / Siyasət > Səttar Möhbalıyev: Prezident İlham Əliyevin BMT kürsüsündə tarixi çıxışı Azərbaycanın qlobal diplomatiyada yeni mərhələsidir
Səttar Möhbalıyev: Prezident İlham Əliyevin BMT kürsüsündə tarixi çıxışı Azərbaycanın qlobal diplomatiyada yeni mərhələsidirBu gün, 11:35. Yazar: azer |
![]() Azərbaycan Prezidenti İlham Əliyevin 25 sentyabr 2025-ci il tarixində BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxış yalnız ölkəmizin deyil, bütövlükdə regionun siyasi taleyində mühüm əhəmiyyət daşıyan hadisədir. Bu çıxış, həm Vətən müharibəsindən sonrakı mərhələnin yekunlarını dünyaya bəyan etmək, həm də Azərbaycanın yeni qlobal diplomatik xəttini təsdiqləmək baxımından tarixi əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyev çıxışının əvvəlində bir daha xatırlatdı ki, Azərbaycan onilliklər boyu beynəlxalq hüququn tapdanması, işğal və etnik təmizləmə ilə üz-üzə qalmışdı: “Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan danışacağam.” Bu məqam, Azərbaycanın haqq işinin qələbə ilə nəticələnməsinin BMT tribunasından rəsmən dünyaya bəyan olunmasıdır. Dövlət başçısı açıq şəkildə vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi yalnız hərbi gücün deyil, beynəlxalq hüququn tələb etdiyi ədalətin təntənəsidir. Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib. Fikirlərini davam etdirən millət vəkili bildirib ki, cənab Prezident nitqində 2020-ci ilin 44 günlük Vətən müharibəsini beynəlxalq hüquq müstəvisində izah edərək, Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etdiyini diqqətə çatdırdı: “Azərbaycan müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. Biz mülki şəxslərin mühafizəsini təmin etdik, qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik.” Bu vurğulama, Azərbaycanın müharibəni işğalçı Ermənistanın təcavüzündən fərqli olaraq beynəlxalq hüquqa əsaslanaraq apardığını göstərir. Azərbaycanın zəfəri həm də beynəlxalq ədalətin təcəssümü idi. Cənab Prezident İlham Əliyev işğala son qoyulduqdan dərhal sonra Azərbaycanın sülhə hazır olduğunu bəyan etməsini BMT tribunasından da xüsusi qeyd etdi. Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində irəli sürülən beş təməl prinsipin, ABŞ-da paraflanmış sülh müqaviləsinin və artıq bağlanan ATƏT-in Minsk qrupu mexanizminin tarixi əhəmiyyəti vurğulandı. Dövlət başçısı Vaşinqton sammitində imzalanmış sənədlərin, xüsusilə də Zəngəzur dəhlizini beynəlxalq əməkdaşlığa açan “Tramp Marşrutu”nun (TRIPP) regional təhlükəsizlik və iqtisadi inkişaf üçün yeni imkanlar yaratdığını bildirdi. Cənab Prezidentin nitqi yalnız regionla məhdudlaşmadı, qlobal gündəlikdə Azərbaycanın fəal rolunu da nümayiş etdirdi. COP29-a ev sahibliyi, “Bakı Maliyyə Hədəfi”nin qəbul edilməsi, enerji təhlükəsizliyində Azərbaycanın etibarlı tərəfdaş kimi təsdiqlənməsi dövlətimizin beynəlxalq nüfuzunun artdığını sübut edir. Cənab Prezident İlham Əliyevin sözləri ilə desəm: “Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib.” Bu, Azərbaycanın təkcə regional deyil, həm də qlobal enerji xəritəsində həlledici mövqe tutduğunu göstərir. Azərbaycanın humanitar yardımlar, postmünaqişə dövründə mina təmizləmə fəaliyyəti, qaçqınların qayıdışı və “Böyük Qayıdış” proqramı kimi təşəbbüsləri də Prezidentin çıxışında önə çəkildi. Bu, Azərbaycanın yalnız öz milli maraqlarını deyil, qlobal humanitar dəyərləri də müdafiə etdiyini göstərir. Çıxışın ən güclü mesajlarından biri isə ədalətli beynəlxalq münasibətlər sisteminə çağırış oldu: “Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq.” Bu, əslində yalnız Azərbaycanın deyil, bütün beynəlxalq ictimaiyyətin ortaq vəzifəsi kimi səsləndi. Cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın son illərdə əldə etdiyi tarixi qələbələrin beynəlxalq müstəvidə təsdiqi oldu. Bu nitq, Azərbaycanın ədalətli sülhün və beynəlxalq hüququn təminatçısı kimi qlobal siyasətdə güclü aktora çevrildiyini nümayiş etdirdi. Azərbaycan bu gün təkcə regional deyil, həm də qlobal diplomatiyada yeni mərhələyə qədəm qoyub. Sülh, təhlükəsizlik, enerji sabitliyi və ədalətli inkişafın dayaqlarından biri kimi özünü göstərir- deyə Səttar Möhbalıyev fikirlərini tamamlayıb. Geri dön |