Ana Sayfa > Siyasət > Anım Günü dərin ehtiramın ifadəsidir
Anım Günü dərin ehtiramın ifadəsidirBu gün, 11:04. Yazar: azer |
![]() 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr tarixindən artıq 5 il keçir. 30 ilin işğalına, torpaq həsrətimizə son qoyulduğunu, ərazi bütövlüyümüzün təmin edildiyini böyük qürur hissi ilə qeyd edirik. Azərbaycanın şanlı Qələbəsini şərtləndirən amillər məlumdur. Tarixi Zəfərimizin əsasında siyasi, iqtisadi, hərbi, xarici siyasət sahəsində uğurlar, torpaq, Vətən sevgisi dayanır. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin təmin olunması istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkir. Azərbaycan iqtisadi möcüzələr ölkəsi kimi tanındı, beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirdi, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdırdı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin ərazilərimizdən qeyri-şərtsiz çıxmaları öz əksini tapsa da dünyanın ikili standartlara əsaslanan siyasəti nəticəsində bu qətnamələr 30 il icrasını gözlədi. Müzəffər Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirdi. Hələ 2016-cı ilin aprel ayında Lələtəpə və 2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğal ilə barışmayacağını bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda Prezident İlham Əliyev 2020-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsindəki çıxışında ən mötəbər kürsüdən beynəlxalq ictimaiyyətə xəbərdarlıq etdi ki, “Ermənistan rəhbərliyinin Azərbaycanofob bəyanatları və təxribatları Ermənistanın Azərbaycana qarşı yeni hərbi təcavüzə hazırlaşdığını nümayiş etdirir”. Bu xəbərdarlıqdan 3 gün sonra, sentyabrın 27-də Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başladı. Nəticədə hərbi qulluqçularla yanaşı, 11 dinc sakin, o cümlədən 2 uşaq həlak oldu. Buna cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində bütün cəbhə boyu Ermənistana qarşı əks-hücuma keçdi. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızın qələbə əzmini sarsıda bilmədi. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Ermənistan hərbi birləşmələrinin 4 il ərzində tədricən işğal etdiyi və 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları 44 gün ərzində azad edildi. Şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün hər zaman örnək olub, bundan sonra da örnək olacaqdır. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də şəhidlərimizin qəhrəmanlığından nümunə götürəcəklər. Zaman ötsə də torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələnlərin ömür yolu bizim üçün ən böyük şərəf və qürur olacaqdır. Bu zirvəyə ucalanları yad etmək, onların xatirəsini hər zaman anmaq isə bizim hər birimizin borcudur. YAP Şirvan şəhər təşkilatının təşkilati məsələlər üzrə məsləhətçisi İsrayılov Amil Faiq oğlu Geri dön |