Ana Sayfa > Ölkə > AZAL ilə yeni səyahət mövsümü: Avropa paytaxtlarından dəniz kurortlarına qədər
AZAL ilə yeni səyahət mövsümü: Avropa paytaxtlarından dəniz kurortlarına qədərBu gün, 17:07. Yazar: azer |
![]() Oktyabrın 26-dan etibarən Azərbaycanın milli aviadaşıyıcısı AZAL payız-qış cədvəlinə keçid edərək Avropa, Asiya və Yaxın Şərq üzrə 50-yə yaxın istiqamətdə reyslər həyata keçirəcək. Əksər marşrutlar üzrə biletlər artıq satışdadır. Bu barədə aia.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat verilib. Yeni mövsümdə AZAL-ın uçuş cədvəlində ən çox reys yerinə yetirilən istiqamətlər siyahısında İstanbul, Tbilisi və Təl-Əviv şəhərləri yer alır. Bununla yanaşı, marşrut şəbəkəsi regionun digər mühüm biznes və mədəniyyət mərkəzlərini də əhatə edir. Beləliklə, sərnişinlər Doha və Ər-Riyaddan başlayaraq Almatı, Daşkənd və Təbrizə qədər bir sıra istiqamətlər üzrə səyahət edə bilərlər. Avropa istiqamətləri olan Paris, London, Vyana, Berlin, Praqa, Barselona və Milan şəhərləri də cədvəldə yer alır. Bu reyslər vasitəsilə Bakı Avropaya səyahət edən sərnişinlər üçün əlverişli tranzit məntəqəsi və marşrut imkanı təqdim edir. Yay istirahətini və dəniz mövsümünü üstün tutan sərnişinlər üçün isə Antalyaya və Trabzona reyslər davam edir, Maldiv adalarına və Şarm əl-Şeyxə uçuşlar isə bərpa olunub. İstiqamətlərin müxtəlifliyi Heydər Əliyev Beynəlxalq Aeroportunu Avropa, MDB, Yaxın və Cənub-Şərqi Asiyanı birləşdirən müasir tranzit qovşağına çevirir. Bakını tranzit keçən sərnişinlər rahat və sürətli transfer imkanları və əlverişli uçuş cədvəlindən faydalana bilərlər. Eyni zamanda AZAL rəqəmsal xidmətlərin təkmilləşdirilməsi istiqamətində də fəaliyyətini davam etdirir. Sərnişinlər aviaşirkətin rəsmi internet saytı və mobil tətbiqi vasitəsilə biletlərin onlayn bronunu həyata keçirə, oturacaq seçimi edə, xüsusi menyunu sifariş verə, xidmət sinfini yüksəldə və baqaj əldə edə bilərlər. Bu imkanlar səyahəti daha rahat və çevik edir. AZAL ilə yeni mövsüm müxtəlif istiqamətlər, müasir xidmətlər və komfortlu səyahət deməkdir. Bütün istiqamətlər üzrə aviabiletləri aviaşirkətin rəsmi saytı, mobil tətbiqi vasitəsilə, həmçinin AZAL-ın kassaları və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür. Geri dön |