Ana Sayfa > Siyasət > Zəfər yürüşünün başlanğıcı və şanlı Anım Günü
Zəfər yürüşünün başlanğıcı və şanlı Anım GünüBu gün, 13:24. Yazar: azer |
![]() Hər il 27 sentyabr Azərbaycan xalqı üçün həm qürur, həm də kədər dolu bir gündür. Bu gün, 44 günlük Vətən müharibəsinin başlandığı və Azərbaycanın tarixi ədaləti bərpa etmək üçün qətiyyət nümayiş etdirdiyi bir Anım Günüdür. Bu tarix, illərlə davam edən işğala, haqsızlığa və beynəlxalq laqeydliyə qarşı duruşumuzun rəmzinə çevrilib. Azərbaycana qarşı düşmənçilik siyasəti təkcə son 30 illə məhdudlaşmır. Bu, ermənilərin çar Rusiyası dövründən Qarabağa köçürülməsi ilə başlayan və yüz illərdir davam edən bir prosesdir. Tarix boyunca ermənilər Azərbaycan torpaqlarındakı toponimləri dəyişdirməyə, yerli əhalini sıxışdırmağa və soyqırımlar törətməyə çalışmışlar. 1905-1907-ci, 1918-ci illərdə yüz minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, on minlərlə dinc sakin deportasiyaya məruz qalmışdır. Sovet dövründə də davam edən bu siyasət 1948-1953-cü illərdə 150 min, 1988-ci ildə isə daha 300 min azərbaycanlının öz dədə-baba torpaqlarından qovulması ilə nəticələnmişdir. Bu vəhşiliyin ən dəhşətli təzahürü isə 1992-ci ilin fevralında törədilən Xocalı soyqırımı olmuşdur. Bütün dünyanın gözü qarşısında 613 nəfər dinc sakin, o cümlədən 106 qadın və 63 azyaşlı uşaq qətlə yetirilmişdir. Bu hadisə təkcə Azərbaycana qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. 30 il ərzində davam edən beynəlxalq riyakarlıq və ikili standartlar münaqişənin dinc yolla həllini mümkünsüz etmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il ərzində kağız üzərində qalmış, icra olunmamışdır. ATƏT-in Minsk Qrupu isə illərlə danışıqları davam etdirsə də, heç bir nəticə əldə edə bilməmiş, münaqişənin həllini deyil, sadəcə "dondurulmasını" təmin etməyə çalışmışdır. İşğalın fəsadları acınacaqlı idi: Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur. İşğal olunmuş ərazilər talan edilmiş, şəhər və kəndlər yerlə-yeksan edilmiş, Azərbaycanın iqtisadiyyatına milyardlarla dollar maddi ziyan vurulmuşdur. Azərbaycanın zəngin mədəni irsi məhv edilmişdir. 13-ü dünya əhəmiyyətli, 292-si ölkə əhəmiyyətli olan tarixi abidələr, muzeylər, kitabxanalar və məscidlər dağıdılmış, təhqir olunmuşdur. İşğal olunmuş ərazilərdəki 67 məsciddən 65-i dağıdılmış, qalanlarında heyvan saxlanılmışdır. Ermənistan illər ərzində bu işğala son qoymaq əvəzinə, Lələtəpə və Tovuz döyüşlərində olduğu kimi, davamlı təxribatlar törətməyə davam edirdi. 27 sentyabr 2020-ci ildə isə Ermənistanın növbəti hərbi təxribatı Azərbaycanın səbrini tamamilə tükəndirdi. Düşmənin dinc əhalini hədəfə alması, hərbi cinayətlər törətməsi Azərbaycan Ordusunun əks-hücuma keçməsini qaçılmaz etdi. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində misilsiz şücaət göstərdi. Bu Qələbə sadəcə hərbi gücün deyil, həm də strateji siyasətin, illərlə davam edən ordu quruculuğunun və xalq-dövlət birliyinin nəticəsi idi. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu ordu quruculuğu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, ordumuz ən müasir texnika və təlimlərlə təchiz edilmişdir. Bu gün Azərbaycan Ordusunun döyüş taktikası hətta xarici hərbi məktəblərdə dərslik kimi öyrənilir. Bu müharibənin əsas rəmzi “Dəmir Yumruq” olmuşdur. Bu rəmz xalqımızın Ali Baş Komandanın ətrafında sıx birləşdiyini, fərqli siyasi partiyaların, xarici ölkələrdə yaşayan azərbaycanlıların milli maraqlar naminə bir yumruq kimi birləşdiyini göstərdi. Prezident İlham Əliyevin diplomatik və informasiya sahəsində apardığı mübarizə də az əhəmiyyətli deyildi. O, aparıcı xarici mediaya verdiyi müsahibələrlə beynəlxalq ictimaiyyətə Azərbaycanın haqq səsini çatdırmış, ölkəmizə qarşı yönələn təzyiqlərin qarşısını almışdır. Vətən müharibəsində 2907 qəhrəman şəhid, mindən çox qazi verdik. Onların qanı-canı bahasına 5 şəhər, 4 qəsəbə və 286 kənd, o cümlədən Azərbaycan mədəniyyətinin incisi olan Şuşa şəhəri işğaldan azad edildi. Bu şanlı Qələbə ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Prezident İlham Əliyev 2 dekabr 2020-ci il tarixində imzaladığı Sərəncamla 27 sentyabr tarixini Azərbaycan Respublikasında Anım Günü elan etdi. Bu, şəhidlərimizin xatirəsinə, onların ailələrinə və qazilərimizə göstərilən ali ehtiramın təzahürüdür. Vətən müharibəsi Qəhrəmanları və qaziləri üçün xüsusi orden və medallar təsis edilmiş, onların sosial rifahının təmin edilməsi dövlətin ən mühüm prioritetlərindən biri olmuşdur. Bu istiqamətdə görülən işlər, yaradılan “YAŞAT” Fondunun fəaliyyəti göstərir ki, Azərbaycan dövləti və xalqı öz qəhrəmanlarını heç vaxt unutmur. 27 sentyabr bizə tarixin hər bir səhifəsini xatırladır: illərlə davam edən ədalətsizliyi, xalqımızın çəkdiyi əziyyətləri və sonda qazanılan Qələbənin böyüklüyünü. Bu gün biz qalib bir xalq kimi, müzəffər bir dövlət kimi yaşayırıq. Şəhidlərimizin qanı yerdə qalmadı, ədalət bərpa olundu. Onların xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır. İlqar Kərimov, YAP Tovuz Rayon Təşkilatının sədr müavini Geri dön |