Ana Sayfa > Manşet / Siyasət / Özəl > Eltun Süleymanov: "27 sentyabr Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir "
Eltun Süleymanov: "27 sentyabr Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir "Bu gün, 10:49. Yazar: azer |
![]() Azərbaycan xalqı 2020-ci ilin 27 sentyabrını həm böyük kədər, həm də böyük qürur hissi ilə xatırlayır. Bu gün Vətənimizin bütövlüyü naminə canından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Anım Günü, əslində, Azərbaycan dövlətinin tarixi ədaləti bərpa etdiyi, millətin öz taleyini özü müəyyən etdiyi bir mərhələnin başlanğıcıdır. Cənab Prezident İlham Əliyev 2023-cü ilin Anım Günü münasibətilə xalqa müraciətində demişdi: “Biz şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Biz onların qanını yerdə qoymadıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir.” Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib. Müsahibimiz deyib ki, XX əsrin sonlarından başlayaraq Ermənistanın işğalçı siyasəti Azərbaycan xalqına ağır faciələr yaşatdı. 1988-ci ildən soydaşlarımız öz tarixi torpaqlarından qovuldu, Xocalıda soyqırımı törədildi, 1 milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrildi. BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in vasitəçilik missiyası nəticə vermədi. Cənab Prezident İlham Əliyevin ifadəsi ilə desək: “Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaqdı. Mən dəfələrlə deyirdim ki, biz heç vaxt buna razı olmayacağıq. Əgər Ermənistan torpaqlarımızdan çıxmasa, biz onları güc yolu ilə çıxaracağıq.” 27 sentyabr 2020-ci il məhz bu tarixi qərarın başlanğıc nöqtəsi oldu. Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücuma keçdi və 44 gün ərzində düşməni torpaqlarımızdan qovdu. Müharibənin hər günü Azərbaycan əsgərinin qəhrəmanlığı ilə yadda qaldı. Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan, Qubadlı və nəhayət, Şuşa – bu şəhərlərin azad edilməsi xalqımızın ruhunda əbədi silinməz iz buraxdı. Şuşanın azad edilməsi isə Zəfərin zirvəsi oldu. 8 noyabrda Ali Baş Komandan xalqa tarixi müjdəni verdi. 10 noyabrda Ermənistan kapitulyasiya aktına imza atdı və beləliklə, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Prezident İlham Əliyev həmin gün bildirmişdi: “Biz bu Qələbəni gücümüz, iradəmiz, birliyimiz hesabına qazandıq. Azərbaycan xalqı öz tarixi missiyasını şərəflə yerinə yetirdi.” Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbə təsadüfi deyildi. Bu, illərlə düşünülmüş siyasətin, dövlətin gücləndirilməsi yolunda görülən işlərin nəticəsi idi. Güclü iqtisadiyyat, müasir texnologiyalarla təchiz olunmuş ordu, ən əsası isə xalqın və dövlətin birliyi qələbəni şərtləndirdi. Xüsusi qeyd olunmalıdır ki, beynəlxalq müstəvidə də Azərbaycan öz haqq işini sübut edə bildi. Dövlət başçısı İlham Əliyevin dünyanın aparıcı media qurumlarına verdiyi müsahibələr, diplomatik addımlar haqq səsimizin dünyaya çatdırılmasında mühüm rol oynadı. 27 sentyabr Anım Günü, ilk növbədə, şəhidlərimizin ruhuna ehtiramın təcəssümüdür. Dövlətin bu günü təsis etməsi onların qəhrəmanlığının gələcək nəsillərə ötürülməsinə xidmət edir. Cənab Prezident İlham Əliyev dəfələrlə vurğulayıb: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidlərinin əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Onlar Azərbaycanın qəhrəmanlıq salnaməsini yazıblar.” Şəhid ailələri və qazilər dövlətin xüsusi diqqəti ilə əhatə olunublar. Onların sosial təminatı, tibbi xidmətləri, mənzillə və işlə təmin olunmaları artıq dövlət siyasətinin əsas prioritetlərindəndir. 27 Sentyabr – Anım Günü Azərbaycan xalqı üçün həm hüzn, həm də fəxr günü, qalib xalqın yaddaş günüdür. Bu gün biz şəhidlərimizi yad edərək, onların bizə bəxş etdikləri Qələbəni uca tutur, dövlətimizin gələcəyinə daha inamla baxırıq. Azərbaycan artıq qalib dövlətdir. Bu qalibiyyətin əsasında şəhidlərin qanı, xalqın iradəsi və dövlətin gücü dayanır. Ona görə də 27 sentyabr həm tarix, həm yaddaş, həm də gələcək yolumuz üçün mühüm mənəvi dayağa çevrilib-deyə E. Süleymanov fikrini tamamlayıb. Geri dön |