Ana Sayfa > Özəl > Şimali Koreya lideri Kim ABŞ-ı nüvə tərksilahı tələbindən əl çəkməyə çağırıb

Şimali Koreya lideri Kim ABŞ-ı nüvə tərksilahı tələbindən əl çəkməyə çağırıb


Bu gün, 10:47. Yazar: sevinc1
Şimali Koreya lideri Kim ABŞ-ı nüvə tərksilahı tələbindən əl çəkməyə çağırıb

Şimali Koreya lideri Kim Çen In ABŞ-ı uzun müddətdir dayandırılmış diplomatiyanı bərpa etmək üçün ilkin şərt kimi nüvəsizləşdirmə tələbindən imtina etməyə çağırıb.
Şimali Koreya dövlət mediası tərəfindən yayımlanan parlamentdəki çıxışında Kim Cənubi Koreya ilə dialoqu bərpa etmək niyyətində olmadığını bildirib.

"Dünya ABŞ-ın digər ölkələri nüvə silahlarından imtina etməyə və tərksilah etməyə məcbur etdikdən sonra nə etdiyini çox yaxşı bilir" deyən Kim, nüvə silahlarından heç vaxt əl çəkməyəcəklərini və sanksiyaların ləğvi müqabilində düşmən ölkələrlə ticarət danışıqlarının aparılmayacağını əlavə edib.

Kim ABŞ prezidenti Donald Trampla ilk görüşləri ilə bağlı xoş xatirələrə malik olduğunu, lakin Vaşinqtonun nüvə tərksilahı ilə bağlı aldadıcı vəsvəsəsindən əl çəkəcəyi təqdirdə ABŞ ilə danışıqları davam etdirməmək üçün heç bir səbəb olmadığını bildirib.

ABŞ və Şimali Koreya arasında nüvə danışıqları
Tramp və Şimali Koreya lideri Kim Çen In ilk dəfə 2018-ci il iyunun 12-də Sinqapurda görüşüb və Koreya yarımadasının nüvəsizləşdirilməsi və davamlı sülhün bərqərar edilməsi barədə razılığa gəliblər.

İki lider 26-27 fevral 2019-cu il tarixlərində Vyetnamda yenidən görüşdü, lakin sammit gözlənildiyindən daha tez və razılaşma olmadan başa çatdı. Nəhayət, 2019-cu il iyunun 30-da iki lider Şimali və Cənubi Koreya arasında hərbisizləşdirilmiş zonada görüşərək nüvə danışıqlarını bərpa etmək barədə razılığa gəliblər.

İki ölkə arasında 2019-cu ilin oktyabrında İsveçdə keçirilən işçi səviyyəli görüşlər, Şimali Koreyalıların fikrincə, amerikalıların “köhnə münasibət və mövqelərini” qoruyub saxladıqları üçün kəsilib.

Pxenyan həmçinin Vaşinqtonun 2020-ci ildə nüvə tərksilahı üzrə danışıqları bərpa etmək təklifini rədd edib.

aia.az
Tərcümə şöbəsi
Geri dön