Ana Sayfa > Özəl > YAP Qaradağ rayon təşkilatı Dövlət Suverenliyi Gününü Xankəndidə qeyd etdi

YAP Qaradağ rayon təşkilatı Dövlət Suverenliyi Gününü Xankəndidə qeyd etdi


Bu gün, 09:51. Yazar: azer
YAP Qaradağ rayon təşkilatı Dövlət Suverenliyi Gününü Xankəndidə qeyd etdi

2025-ci il sentyabrın 17–18-də Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının fəalları üçün unudulmaz səfər təşkil olunub. “Konstitusiya və Suverenlik İli” çərçivəsində 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr edilən bu səfər Qarabağın üç əsas mərkəzində – Laçın, Şuşa və Xankəndi şəhərlərində keçirilib.

Səfərdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, şəhid ailələrinin üzvləri, Qarabağ qaziləri, “Qarabağ Qaziləri” İctimai Birliyinin Qaradağ rayon filialının rəhbərliyi, eləcə də partiyanın fəal gəncləri və ziyalıları iştirak ediblər. Onların sırasında Heydər Əliyev məktəbinin davamçıları Facebook qrupunun təsisçisi və rəhbəri, YAP fəalı Bayram Xudayarov da yer alıb.

Tarixi məqamların qovuşduğu gün

YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev tədbirin açılışında vurğulayıb ki, Dövlət Suverenliyi Gününün məhz bu il Xankəndidə keçirilməsinin rəmzi mənası böyükdür. Belə ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması, həmçinin 2023-cü ilin sentyabrında cəmi 23 saat davam edən antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsi bu günün tarixi yükünü daha da artırır. Bundan əlavə, 1994-cü il 20 sentyabrda imzalanmış “Əsrin müqaviləsi”nin ildönümü də ölkəmizin siyasi və iqtisadi müstəqilliyinin təməl daşlarından biri kimi səfər iştirakçılarına xatırladılıb.

O qeyd edib ki, “Əsrin müqaviləsi” ilə Azərbaycanın iqtisadi gücü möhkəmləndi, əldə olunan gəlirlər isə həm sosial rifahın yaxşılaşmasına, həm də güclü ordu quruculuğuna yol açdı. Məhz bu strateji kursun nəticəsində Azərbaycan 30 illik işğala son qoyaraq torpaqlarını azad etməyə nail oldu.

Laçından Şuşaya – azadlıq yollarında

Səfərin ilk dayanacağı Laçın şəhəri olub. Burada aparılan geniş quruculuq işləri, yeni infrastruktur layihələri və təbiətin füsunkarlığı iştirakçılarda qürur doğurub. Dövlət Bayrağı meydanı, Həkəri çayı sahilində salınan kanat yolu layihəsi və şəhərin müasir görkəmi xüsusilə diqqət çəkib.

Növbəti gün Şuşaya yollanan iştirakçılar İsa bulağında, Cıdır düzündə, Molla Pənah Vaqifin məqbərəsində və digər tarixi məkanlarda olaraq milli irsin dirçəldilməsinin şahidi olublar. Onlar Şuşanın həm tarix, həm də mədəniyyət paytaxtı kimi öz əzəli simasını bərpa etdiyini böyük sevinclə müşahidə ediblər.

Xankəndi – suverenliyin təntənəsi

Səfərin zirvəsi Xankəndi şəhərinə təşkil olunmuş ziyarət olub. Uzun illər erməniləşdirmə siyasətinin hədəfinə çevrilmiş bu qədim Azərbaycan şəhərinin yenidən öz milli görkəminə qovuşması iştirakçılarda xüsusi hisslər oyadıb. Burada görülən bərpa işləri, salınan yollar, infrastruktur və sosial obyektlər Qarabağın gələcək inkişafına işıq tutub.

“Salam Xankəndi” restoranında təşkil edilən tədbirdə Dövlət Suverenliyi Gününün tarixi və siyasi əhəmiyyəti, antiterror əməliyyatının nəticələri, Qarabağın bərpasında dövlət siyasətinin rolu geniş müzakirə olunub.

Çıxışlar və fikir mübadiləsi

Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, şəhid ailələrinin üzvləri Fəridə İsamyılova, Leyla Musayeva, Novruz Əliyev, “Qarabağ Qaziləri” İctimai Birliyinin Qaradağ rayon filialının sədri Əvəz İsmayılov, qazilər Ələmdar Abdullayev, Bəhrəm Rəcəbli və başqaları çıxış ediblər. Onlar Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun əhəmiyyətindən, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətdən, Qarabağda aparılan bərpa-quruculuq işlərindən söz açıblar.

Tədbirdə çıxış edənlərdən biri də YAP fəalı Bayram Xudayarov olub.

O qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Fateh, Cənab Prezident İlham Əliyev Ulu Öndərin arzusunu, ideyalarını və siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın ərazi bütövlüyünü tam bərpa edib.

Səfərin əhəmiyyəti

Səfərin sonunda iştirakçılar yekdilliklə vurğulayıblar ki, belə tədbirlər təkcə dövlətçilik tariximizin mühüm səhifələrini anmaq deyil, həm də xalqımızın milli birliyini, dövlətimizin gücünü və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir.

Bu səfər Qaradağ rayon YAP fəallarının yaddaşında dövlət müstəqilliyi və milli suverenliyin təntənəsi kimi qalacaq.

Bayram Xudayarov
Aia.az
Geri dön