Ana Sayfa > Karusel / Siyasət / Parlament > Tamam Cəfərova: “Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü – tarixi Zəfərin rəmzidir”
Tamam Cəfərova: “Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü – tarixi Zəfərin rəmzidir”Bu gün, 12:50. Yazar: azer |
![]() Azərbaycan xalqı artıq ikinci ildir ki, 20 sentyabr tarixini xüsusi qürur və iftixar hissi ilə qeyd edir. Cənab Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən bu gün rəsmi olaraq Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis olunub. Bu əlamətdar günün mahiyyətində xalqımızın 30 ildən artıq davam edən mübarizəsi, minlərlə şəhidin müqəddəs qanı, igid oğullarımızın fədakarlığı və Azərbaycan dövlətinin qətiyyətli iradəsi dayanır. Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib. Deputat bildirib ki, bu tarixi qərar təkcə yaddaşımızda qalmış ağır illərin acılarını deyil, həm də qazanılmış Zəfərin əzəmətini təcəssüm etdirir: “Azərbaycan xalqı ədalətli mübarizəsinin bəhrəsini məhz 2020-ci ilin Vətən müharibəsində, ardınca isə 2023-cü ilin lokal antiterror tədbirlərində gördü. Bu qətiyyətli addımlar nəticəsində dövlətimiz ərazi bütövlüyünü tam təmin etdi və illərdir həsrətlə gözlənilən dövlət suverenliyimizin tam bərpası həyata keçirildi. 2023-cü ilin oktyabr ayının 15-də isə Azərbaycan xalqı yeni bir tarixi hadisəyə şahidlik etdi. Həmin gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev işğaldan azad edilmiş Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində üçrəngli Dövlət Bayrağımızı ucaltdı. Bu, təkcə bir rəmzi hadisə deyildi – bu, xalqımızın ədalətli mübarizəsinin və milli iradəsinin təntənəsi idi. Cənab Prezident həmin tarixi hadisə barədə demişdir: “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm... Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq əmin idik ki, bu gün gələcək.” Doğrudan da, xalqımızın uzun illər ərzində səbrlə və inamla gözlədiyi an məhz 2023-cü ilin payızında gerçəkləşdi. Azərbaycan əsgərinin gücü, xalqın birliyi və dövlətin iradəsi nəticəsində separatizmə son qoyuldu, Ermənistanın və qondarma qurumun silahlı dəstələri birdəfəlik tərksilah edildi.” Millət vəkili Tamam Cəfərova cənab Prezident İlham Əliyevin sözlərindəki tarixi mənaya diqqət çəkərək bu məqamı xüsusi vurğulayıb: “Möhtərəm dövlət başçımız 20 il öncə xalq qarşısında verdiyi bu vədinə də sadiq qaldı – Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etdi. Bayrağımız bu gün artıq Qarabağın hər bir guşəsində dalğalanır.” Deputat xüsusilə diqqətə çatdırıb ki, zəfərlə yekunlaşan mübarizə burada dayanmadı: “Qələbədən dərhal sonra cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş digər bölgələrdə olduğu Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə də genişmiqyaslı bərpa və quruculuq prosesi başlandı. Müzəffər Ali Baş Komandanın Xankəndi və digər şəhərlərə mütəmadi səfərləri bu prosesin dövlət səviyyəsində nəzarət altında həyata keçirildiyinin əyani göstəricisidir. Onun rəhbərliyi ilə yollar, körpülər, enerji və su infrastrukturunun yenidən qurulması, yeni məktəb və xəstəxanaların inşası, sosial obyektlərin istifadəyə verilməsi həyata keçirilir. Ən əsası isə – doğma yurdlarından didərgin düşmüş on minlərlə insan artıq Böyük Qayıdış proqramı çərçivəsində öz torpaqlarına qayıtmağa başlayır. Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə dalğalanan Azərbaycan bayrağı bu torpaqlara həm qələbə, həm də həyat, inkişaf və quruculuq gətirir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü sadəcə bir bayram deyil, həm də milli qürurumuzun, mübarizə əzminin, dövlətimizin gücünün və quruculuq iradəsinin simvoludur. Bu gün şəhidlərimizin ruhuna ehtiram, qazilərimizin qəhrəmanlığına minnətdarlıq, xalqımızın birlik və həmrəyliyinə isə böyük bir sübutdur. Bu tarix həm də Azərbaycanın gələcəyə inamla addımladığının göstəricisidir: artıq o torpaqlarda yalnız Zəfər xatirəsi deyil, həm də quruculuq nəfəsi var” – deyə, millət vəkili Tamam Cəfərova fikirlərini başa çatdırıb. Geri dön |